- 8 May 21:45
Ali Məhkəmə alimentin ödənilməsi ilə bağlı vahid məhkəmə təcrübəsi yaradan qərar qəbul edib.
E-huquq.az xəbər verir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyaları Mülki Kollegiyanın Mülki Prosessual Məcəlləsinin 418-1-ci maddəsinin tələblərinə müvafiq qaydada verdiyi 2023-cü il 9 iyun tarixli təqdimatı əsasında mübahisəli hüquqi məsələyə hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi məqsədi ilə baxaraq, aşağıdakıları müəyyən edib.
Mübahisəli hüquqi məsələnin məzmunu
1. Ali Məhkəmənin icraatında olan, əvvəllər müəyyən edilmiş hüquqi mövqedən fərqli yanaşmanın müzakirəsini zəruri edən mülki işin hallarına görə, iddiaçı cavabdehə qarşı nikahın pozulması, uşaqların ananın himayəsində saxlanılması və aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh birinci instansiya məhkəməsində iddianı qismən etiraf etməklə yanaşı, məhkəmə qətnaməsi ilə müəyyən ediləcək aliment məbləğinin 50 faizinin uşaqların qidalanması, məişət qayğılarının çəkilməsi, tərbiyəsi və təhsili üçün tam kifayət edəcəyini əsas gətirərək, alimentin qalan hissəsinin uşaqların adına açılmış bank hesabına köçürülməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir.
2. İşə baxan birinci və apellyasiya instansiyası məhkəmələri uşaqlar yetkinlik yaşına çatanadək tutulacaq aliment məbləğinin 50 faizinin uşaqların adına açılmış bank hesablarına köçürülməsinə dair cavabdehin tələbini təmin etməmişlər.
3. Apellyasiya instansiya məhkəməsi mövqeyini, xüsusən, belə əsaslandırmışdır ki, işdə iddiaçının alimenti təyinatından kənar məqsədlər üçün xərclədiyini təsdiq edən sübut yoxdur, gələcəkdə alimentin təyinatı üzrə xərclənmədiyi müəyyən olunarsa, cavabdeh qətnamənin icrası qaydasının dəyişdirilməsi, yəni alimentin 50 faizdən çox olmayan hissəsinin uşaqların adına açılmış bank hesabına köçürülməsi üçün MPM-in 231-ci maddəsində müəyyən edilmiş icra icraatı qaydasında məhkəməyə müraciət edə bilər.
4. Cavabdehin kassasiya şikayətinə baxılarkən müəyyən edilmişdir ki, işə baxan məhkəmə tərkibindən fərqli olaraq alimentin Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra – Ailə Məcəlləsi) 55.3-cü maddəsində nəzərdə tutulan qaydada ödənilməsi ilə bağlı tələbə əvvəllər Ali Məhkəmənin Mülki kollegiyasında həm alimentin tutulması ilə eyni vaxtda, həm də alimentin tutulması barədə məhkəmə qətnaməsinin qəbulundan sonra aliment ödəyən şəxsin müstəqil iddia tələbi əsasında iddia icraatı qaydasında baxılmışdır.
5. MPM-in 418-1-ci maddəsinə müvafiq olaraq, Ali Məhkəmənin məhkəmə tərkibi işə kassasiya qaydasında baxarkən Ali Məhkəmənin digər məhkəmə tərkibinin əvvəllər qəbul etdiyi qərarda müəyyən edilmiş hüquqi mövqedən fərqli yanaşmanın tətbiq edilməsini zəruri hesab etdikdə, həmin mübahisəli hüquqi məsələyə hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi məqsədilə Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarına daxil olan bütün hakimlərdən ibarət tərkibdə baxılır.
6. Odur ki, Ailə Məcəlləsinin 55.3-cü maddəsinin tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi zərurəti yarandığından, Ali Məhkəmənin sədri tərəfindən hazırda işə baxan Mülki kollegiyanın məhkəmə tərkibinin təqdimatı təmin edilərək, hüququn tətbiqi üzrə qeyd edilən mübahisəli hüquqi məsələ Mülki və Kommersiya kollegiyalarına daxil olan bütün hakimlərin müzakirəsinə çıxarılmışdır.
7. Mübahisəli hüquqi məsələ hüquq ictimaiyyətinin diqqətinə çatdırılmış, yazılı formada əsaslandırılmış rəylər (amicus curiae rəyi) Ali Məhkəməyə təqdim edilmişdir.
Məhkəmə tərkibinin mövqeyi
Alimentin bir hissəsinin yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürülməsi məsələsinə baxılmalı olduğu icraat
8. Ailə Məcəlləsinin 3-cü maddəsinə əsasən, məhkəmə uşağa görə aliment ödəyən valideynin tələbi ilə alimentin 50 faizdən çox olmayan məbləğini yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürmək barədə qərar çıxara bilər.
9. İstinad edilən maddənin məzmunundan göründüyü kimi, aliment məbləğinin bir hissəsinin yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürülməsi məsələsinə hansı prosessual icraat çərçivəsində baxılmalı olması qeyd edilməmişdir.
10. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində təsbit olunmuş məhkəmə müdafiəsi hüququ konstitusion hüquq və azadlıqların təminatlarından biridir.
11. Konstitusiyanın müddəalarına uyğun olaraq mülki prosessual qanunvericilikdə hər bir maraqlı şəxsin pozulmuş hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün məhkəməyə müraciət hüququ təsbit olunmuşdur. Belə ki, MPM-in 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
12. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun (bundan sonra – Konstitusiya Məhkəməsinin Plenumu) “MPM-in 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” 2012-ci il 27 avqust tarixli qərarında əks olunmuş hüquqi mövqeyə əsasən mülki prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqlar, o cümlədən bütövlükdə hüquq münasibətləri aid edilir. Təsbit olunmuş mülki hüquqların müdafiə vasitələrini nəzərə alaraq iddiaçı məhkəmədən: 1) cavabdehi hər hansı hərəkəti yerinə yetirməyə məcbur etməyi və ya belə hərəkəti etməkdən çəkindirməyi; 2) hüquq münasibətlərinin, subyektiv hüquqların və ya öhdəliklərin mövcudluğunu və ya onların olmamasını etiraf etməyi tələb edə bilər və ya 3) iddiaçının tələbi əsasında məhkəmə hüquq münasibətlərini dəyişdirə və ya onlara xitam verə bilər. Bu zaman iddianın predmetini tərəflər arasında mövcud münasibətlərin dəyişdirilməsinə və ya onlara xitam verilməsinə dair iddiaçının birtərəfli iradə ifadəsi təşkil edir. İddianın obyekti - iddiaçının əldə etməyə çalışdığı maddi nemətdir: pul məbləği, qeyri-yaşayış sahəsi, sair konkret əmlak. İddianın obyekti iddianın predmetinə daxildir və müstəqil əhəmiyyət kəsb etmir.
13. Bu baxımdan, ilk növbədə Ailə Məcəlləsinin 55.3-cü maddəsində nəzərdə tutulan “tələb”in müstəqil maddi-hüquqi tələb olub-olması məsələsinə aydınlıq gətirilməlidir.
14. Məlumdur ki, uşağın saxlanması üçün aliment tələbinə dair iddianın predmetini birgə nikahdan doğulmuş və valideynlərdən birinin yanında qalan uşağın saxlanması üçün digər valideyndən vəsaitin tutulması, obyektini isə tutulmalı olan aylıq aliment məbləği təşkil edir.
15. Göründüyü kimi, iddianın predmetini təşkil edən müstəqil maddi-hüquqi tələb qismində alimentin tutulması çıxış etdiyindən, Ailə Məcəlləsinin 55.3-cü maddəsində nəzərdə tutulan, aliment məbləğinin bir hissəsinin uşağın adına açılmış bank hesabına köçürülməsi tələbi, qətnamə ilə tutulan alimentin bir hissəsinin uşağın mənafeləri baxımından bank hesabına köçürülməsi təmin etmək imkanıdır (hüququdur). Bu hüququn məhkəmə vasitəsi ilə reallaşdırılması üsulu isə mahiyyət etibarilə təyin olunmuş alimentin tutulması barədə məhkəmə qərarının icrası qaydalarının təsiri altına düşür.
16. Aliment məbləğinin bir hissəsinin aliment ödəyən şəxsin tələbi üzrə uşağın adına açılmış bank hesabına köçürülməsinə dair Ailə Məcəlləsinin 55.3-cü maddəsindəki şərt yuxarıda ifadə olunmuş mövqe ilə hər hansı ziddiyyət təşkil etmir. Çünki, normada qeyd olunan “tələb” ifadəsi prosessual mənada iddianın irəli sürülməsini deyil, bu məsələyə dair müraciət etmək imkanını nəzərdə tutur.
17. Bu imkanın prosessual baxımdan hansı icraatda reallaşdırılacağı ilə bağlı qeyd olunmalıdır ki, MPM-in 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır.
18. MPM-in 220.6-cı maddəsinə görə isə məhkəmə qətnamənin icra qaydası və müddətini müəyyən etdiyi və ya onun icrasının təmin edilməsi üçün tədbirlər gördüyü hallarda, bunu qətnamənin nəticə hissəsində göstərməlidir.
19. Konstitusiya Məhkəməsi Plenumunun “MPM-in 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il 22 may tarixli qərarında izah olunmuşdur ki, məhkəmə qətnaməsinin icra üsulları iş üzrə tərəflərdən birinin pozulmuş hüquqlarının bərpasına yönəlmiş hərəkətlər sistemini nəzərdə tutur. Məhkəmə qətnaməsinin icra qaydası isə müvafiq məhkəmə aktının icra üsullarının məzmununu təşkil edən, müəyyən ardıcıllıqla və müvafiq qaydalara riayət etməklə yerinə yetirilən hərəkətlərin məcmusudur.
20. Odur ki, yuxarıda qeyd edilənlər baxımından Ailə Məcəlləsinin 55.3-cü maddəsində nəzərdə tutulan alimentin 50 faizindən çox olmayan məbləğinin yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürülməsi qətnamənin icrası qaydasıdır.
21. Belə olan halda, bu məsələ həm alimentin tutulması barədə qətnamədə, həm də alimentin tutulması barədə qətnamənin icrası mərhələsində həll edilə bilər.
22. Alimentin tutulması barədə müstəqil iddiaya baxılarkən və ya nikahın pozulmasına dair iddia çərçivəsində alimentin tutulması məsələsi həll edilərkən, aliment ödəməli olan tərəfin alimentin ödənilməsi qaydası ilə bağlı müraciəti olduqda, məhkəmə baxılan iddia çərçivəsində bu məsələyə hüquqi qiymət verməli və buna dair dəlillərlə razılaşdığı halda, MPM-in 220.6-cı maddəsinə əsasən icra qaydasını müəyyən edərək, alimentin hansı hissəsinin yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürülməli olduğunu qətnamənin nəticə hissəsində göstərməlidir.
23. Fərqli vəziyyət alimentin tutulması barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə minməsindən sonra aliment ödəyən şəxsin bu barədə müraciətlərinə baxılması zamanı yaranır.
24. Nəzərə alınmalıdır ki, alimentin tutulması barədə məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra aliment ödəyən şəxsin Ailə Məcəlləsinin 55.3-cü maddəsində nəzərdə tutulan tələbinə baxıldıqda, aliment yenidən tutulmur və ya onun məbləği müəyyən edilmir, yalnız alimentin bir hissəsinin hansı qaydada ödəniləcəyi müəyyən olunur.
25. Buna görə də, bu müraciətə iddia icraatı qaydasında deyil, MPM-in 231.1-ci maddəsində nəzərdə tutulmuş icra icraatı qaydasında baxılmaqla, müvafiq qərardad qəbul edilməlidir.
26. Həmçinin, alimentin ödənilməsinin müvafiq icra qaydası müəyyən edildikdən sonra uşaqların mənafeyi nəzərə alınmaqla mövcud qaydanın dəyişdirilməsi və ya ləğv edilməsi ilə bağlı əsaslar yaranarsa, aliment alan şəxslərin bu barədə müraciətləri də eyni qaydada, yəni MPM-nin 231.1-ci maddəsində nəzərdə tutulmuş icra icraatı qaydasında baxılaraq, həll edilməlidir.
27. Alimentin ödənilməsinin Ailə Məcəlləsinin 55.3-cü maddəsində nəzərdə tutulan şəkildə icra qaydasının müəyyən edilməsi, habelə onun ləğvi və dəyişdirilməsi ilə bağlı müraciətlərə yuxarıda göstərilən qaydada baxılması prosessual qənaət prinsipi baxımından da əlverişli olmaqla, alimentin ödənilməsi ilə bağlı məsələlərin daha çevik və qısa müddətlərdə həllinə imkan vermiş olacaqdır.
28. Bu baxımdan, qüvvədə olan məhkəmə qətnaməsi ilə tutulmuş alimentin bir hissəsinin Ailə Məcəlləsinin 55.3-cü maddəsinə uyğun şəkildə ödənilməsi, habelə bu icra qaydasının ləğvi və yaxud dəyişdirilməsi ilə bağlı müraciətlər iddia icraatı qaydasında verildikdə MPM-in 153.2.1-ci maddəsinə əsasən, iddia ərizəsinin qəbulundan imtina olunmalı, iş səhvən icraata qəbul edildikdə isə MPM-in 261.0.1-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməlidir. Hər iki halda, iddiaçıya MPM-in 231.1-ci maddəsinə əsasən qətnamənin icra qaydasının müəyyən edilməsi barədə ərizə ilə aidiyyəti məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır.
29. Qeyd edilənlərdən fərqli olaraq, Ailə Məcəlləsinin 55.3-cü maddəsində nəzərdə tutulmuş qaydada uşağın adına açılmış bank hesabına yığılmış vəsaitə valideynlərdən birinin istəyi ilə sərəncam verilməsi barədə mübahisəyə həmin valideynin tələbi əsasında iddia icraatı qaydasında baxılır.
30. Azərbaycan Respublikası Konstitusiyanın 34-cü maddəsinin III və IV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.
31. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır.
32. Ailə qanunvericiliyi məhkəmə qaydasında tutulan alimentin miqdarını müəyyən edərkən məhkəmənin üzərinə bəzi hüquq və vəzifələr qoymuşdur. Belə ki, Ailə Məcəlləsinin 2-ci maddəsinə görə, həmin Məcəllənin 76.1-ci maddəsində göstərilən payların miqdarının məhkəmə tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa halları nəzərə almaqla azalda və artıra bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir.
33. Ali Məhkəmənin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanılmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır.
34. Qeyd olunmalıdır ki, Ailə Məcəlləsinin 1-ci maddəsinə əsasən, aliment almaq uşağa məxsus olan hüquqdur və buna müvafiq olaraq aliment uşağa məxsus olan vəsait sayılır.
35. Ailə Məcəlləsinin 2-ci maddəsinə əsasən, aliment, pensiyalar, müavinətlər şəklində uşağa ödənilən məbləğ valideynlərin (onları əvəz edən şəxslərin) sərəncamına daxil olur, onlar tərəfindən uşaqların saxlanmasına, tərbiyəsinə və təhsilinə xərclənir.
36. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
37. Prosessual qanunvericilik sübutetmə yükünün tələb edən tərəfin üzərində olması barədə ümumi prinsipi əks etdirsə də, tələbin qanuni əsasını təşkil edən normalar tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən edə bilər. Odur ki, hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün bölüşdürülməsi işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir.
38. Ali Məhkəmənin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli Qərarının 8.9-cu bəndində müəyyən edilmişdir ki, alimentin 50 faizdən çox olmayan məbləğinin aliment ödəyən valideynin tələbi ilə yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürülməsi barədə qərar çıxarılarkən məhkəmə aliment alan valideynin buna münasibətini, belə qərarın gələcəkdə uşağın tam və hərtərəfli inkişafına (onun qidalanmasına, təhsilinə, tərbiyəsinə və s.) təsirini, uşağın saxlanması, tərbiyəsi, təhsili üçün ayrılan vəsaitin aliment alan valideyn tərəfindən lazımi qaydada icra olunub-olunmamasını və s. bu kimi halları nəzərə almalıdır.
39. Göründüyü kimi, alimentin məbləği uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən olunur.
40. Ödənilən alimentin məbləğinin ölkədə uşaqlar üçün müəyyən olunan yaşayış minimumundan yüksək olması özü-özlüyündə alimentin artıq olan hissəsinin bank hesabına köçürülməsi üçün əsas vermir. Belə ki, bu zaman uşağın yaşı, təhsili (ödənişli və ya ödənişsiz), o cümlədən əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, müxtəlif dərnəklərə getməsi, səhhəti, həmçinin bu qaydanın müəyyən edilməsinin uşağın mənafelərinə uyğunluğu da nəzərə alınmalıdır.
41. Ödənilən aliment məbləğinin yüksək olması əsası ilə onun bir hissəsinin bank hesabına köçürülməsi barədə müraciət edən şəxs bu qaydanın müəyyən edilməsinin məhz uşağın mənafeyinə xidmət etdiyini əsaslandırmaq və sübut etmək vəzifəsi daşıyır.
42. Müraciət, alimentin (bir hissəsinin) uşağa deyil, başqa məqsədlərə sərf olunması əsası ilə edildiyi halda da mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı ümumi prinsiplərinə uyğun olaraq, sübutetmə yükü bu müraciəti edən tərəfin üzərinə düşür.
43. Nəzərə alınmalıdır ki, ödənilən alimentin məbləği uşağın ödənişli təhsilə, əlavə məşğələlərə cəlb edilməsinə, uşağın mənafeyinə xidmət edən daha yaxşı həyat şəraitinin təmin edilməsinə imkan verirsə, aliment ödəyən tərəfin yuxarıda qeyd edilən məsələlərlə bağlı xərclərə razılığı tələb edilmir. Belə ki, uşaq himayəsində saxlanılan valideyn məhkəmə qətnaməsi ilə xeyrinə tutulmuş alimentin məbləği, habelə öz şəxsi vəsaitləri və imkanları həddində uşağın saxlanılması, təhsili, tərbiyəsi və normal inkişafı üçün zəruri hesab etdiyi tədbirləri həyata keçirmək hüququna malikdir.
44. Aliment ödəyən tərəf müraciətinin təmin edilməsinə əsas verən sübutları təqdim etdiyi halda, aliment alan tərəf ödənilən alimentin mühüm hissəsini uşağın təhsilinə, müalicəsinə və digər təminatına xərclədiyinə dair etiraz irəli sürərsə, bununla bağlı etirazının əsaslarını sübut etmək vəzifəsini daşıyır. Bu zaman nəzərə alınmalıdır ki, uşağı saxlayan valideynin uşağın qidalanmasına, geyiminə, asudə vaxtının təşkili və digər xırda məişət məsələlərinə dair xərcləri barədə sübutlar təqdim etmək vəzifəsi yoxdur.
45. Şərh olunanları nəzərə alaraq, Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarına daxil olan bütün hakimlərdən ibarət məhkəmə tərkibi MPM-in 418-1.1-ci maddəsini rəhbər tutaraq,
Qərara aldı:
Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.3-cü maddəsində nəzərdə tutulan tələb qətnamənin icra qaydasının müəyyən edilməsi barədə müraciətdir.
Alimentin tutulması tələbinə dair iddiaya baxılarkən bu barədə edilmiş müraciət Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.6-cı maddəsində nəzərdə tutulan qaydada həll edilir.
Məhkəmə qətnaməsi ilə tutulan alimentə münasibətdə bu məsələ borclunun ərizəsi əsasında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsində nəzərdə tutulan qaydada həll edilir.
Alimentin ödənilməsinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.3-cü maddəsində nəzərdə tutulan icra qaydasının müəyyən edilməsindən sonra həmin qaydanın dəyişdirilməsi və ya ləğv edilməsi ilə bağlı əsaslar yaranarsa, belə müraciətlərə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsində nəzərdə tutulmuş icra icraatı qaydasında baxılır.
Məhkəmə qətnaməsi ilə tutulan alimentin bir hissəsinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.3-cü maddəsinə uyğun şəkildə ödənilməsi, habelə bu icra qaydasının ləğvi və yaxud dəyişdirilməsi ilə bağlı müraciətlər iddia icraatı qaydasında verildikdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən, iddia ərizəsinin qəbulundan imtina olunmalı, iş səhvən icraata qəbul edildikdə isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməli, hər iki halda iddiaçıya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən qətnamənin icra qaydasının müəyyən edilməsi barədə ərizə ilə aidiyyəti məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır.
Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.3-cü maddəsində nəzərdə tutulan qaydada uşağın adına açılmış bank hesabına yığılmış vəsaitə valideynlərdən birinin istəyi ilə sərəncam verilməsi barədə mübahisəyə həmin valideynin tələbi əsasında iddia icraatı qaydasında baxılır.
Qərardad Azərbaycan Respublikası Ali Məhkəməsinin rəsmi internet səhifəsində və Azərbaycan Respublikası Ali Məhkəməsinin Bülletenində dərc edilsin.