Deputat: "Borc və kredit müqaviləsi ilə bağlı təklif edilən dəyişikliklər bu sahədə normaların məhdudluğunu aradan qaldıracaq"


  • 3 Fevral 2023 16:21

"Kredit münasibətilərinin geniş yayıldığı bir dövrdə ortaya çıxan mübahisələri həll edən qanunvericilik normalarının məhdudluğunun aradan qaldırılması baxımından təqdim olunan qanun layihəsi həqiqətən önəmlidir. Bu layihə mülki qanunvericiliyimizdə əqdlər və öhdəliklər ilə bağlı, xüsusilə borc müqaviləsi və kredit müqaviləsi üzrə normaların, mexanizmlərin təkmilləşdirilməsi, bu sahədə mülki hüquq münasibətlərinin daha dəqiq tənzimlənməsi məqsədilə hazırlanıb".

E-huquq.az xəbər verir ki, bunu deputat, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənov borc və kredit müqaviləsi ilə bağlı Mülki Məcəlləyə ediləcək dəyişikliklərə münasibət bildirərkən deyib.

O bildirib ki, layihədə bir neçə önəmli məsələ öz əksini tapıb: "İlk növbədə yazılı əqdin artıq elektron qaydada bağlanılması mümkün olacaq və müqavilə tərəfinin identifikləşdirilməsi hər-hansı üsuldan istifadə etməklə mümkün olduqda bu zaman artıq müqavilə ilə bağlı imza tələbi yerinə yetirilmiş hesab ediləcək. Bu isə vaxt itkisinin qarşısının alınması baxımından önəmlidir. İkincisi, müqavilə ilə bağlı tələblərin və xüsusilə pul öhdəliklərinin icrasını yalnız müqavilə ilə deyil, həmçinin Mülkü Məcəllə ilə tənzimlənməsi istiqamətində yeni normalar tətbiq edilir. Yəni borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, kredit gecikdirilmiş vaxt üçün məbləğə illik 5 faizin ödənilməsini tələb edə biləcək. Yəni burada qoyulan tələb, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, bu zaman mülkü qanunvericiliklə məhdudlaşdırılacaq".

Deputat qeyd edib ki, layihədə əsas məsələ borc müqaviləsi, kredit müqaviləsi, kredit müqaviləsinin bir növü kimi istehlak müqaviləsi və əlaqəli kredit müqaviləsi üzrə mülkü hüquq münasibətlərinin tənzimlənməsi ilə bağlıdır: "Burada konseptual baxımdan bu münasibətlər yenidən işlənilir və qanunvericilikdə tam yeni redaksiya da öz əksini tapır. Borc müqaviləsinin predmeti artıq pul vəsaiti ola bilir və borc müqaviləsinə aid normalar kredit müqaviləsinə də tətbiq edilir. Eyni zamanda hər iki müqavilə ilə bağlı spesifik cəhətlər, kriteriyalar müəyyən edilir və differensiya aparılır. Belə ki, gəlir əldə etmək məqsədilə müntəzəm olaraq qeyri-məhdud subyektlərə pul vəsaitlərinin borc verilməsi yalnız qanunvericiliyə uyğun olaraq kredit vermək hüququna malik olan bank və kredit təşkilatları tərəfindən həyata keçirilə bilər. Bu növ hüquq münasibətləri kredit müqaviləsi vasitəsilə qurulacaq".

"Layihədə istehlak krediti üzrə hüquq münasibətləri özünəməxsusluğu nəzərə alınaraq ayrıca paraqrafla tənzimlənir və istehlakçının hüquqlarının qorunması və kredit təşkilatları tərəfindən sui-istifadə hallarına yol verilməməsi üçün borcu olan tərəfə təqdim edilməsi məqsədilə Mərkəzi Bank tərəfindən təsdiq edilən standart məlumat forması tətbiq edilir. Burada məqsəd məhz borcu olan tərəfin müdafiəsinə yönəlir və onun gələcəkdə yarana biləcək hüquq məsuliyyətini daha yaxşı dərk etməsinə və maliyyə savadlılığını artırmasına xidmət edir. Bu, istehlak kredit müqaviləsi ilə bağlı mülkü hüquq münasibətlərinin kompleks şəkildə tənzimlənməsinə və mövcud boşluqların aradan qaldırılmasına yönəlib. Layihə ilə birlikdə eyni zamanda mülkü qanunvericiliyə yeni bir anlayış gətirilir - "Əlaqəli kredit müqaviləsi". Bu növ hüquq münasibətləri əslində gündəlik həyatımızda tez-tez qarşılaşa bildiyimiz hüquq münasibətləridir. Məsələn, kreditlə telefon almaq və yaxud da ev əşyası almaq. Yəni əlaqəli kredit müqaviləsi dedikdə müəyyən malların alınması və xidmətlərin göstərilməsi üzrə müqavilənin maliyyələşdirilməsi üçün bağlanan və həmin müqavilə ilə iqtisadi əlaqəsi olan müqavilə nəzərdə tutulur. Bu sahədə ümumiyyətlə mülki qanunvericilikdə indiyə qədər boşluqlar var idi və qanunvericilikdə normaların məhdudluğu mövcud idi. Təqdim olunan layihə bu normaların məhdudluğunun aradan qaldırılmasına xidmət edəcək", - deyə N.Həsənov vurğulayıb.

Oxşar xəbərlər