- 17:07
Prezident İlham Əliyev bir sıra dövlət qurumlarının fəaliyyətinin təkmilləşdirilməsi haqqında fərman imzalayıb.
E-huquq.az xəbər verir ki, fərmana əsasən, aşağıdakı büdcə təşkilatları yaradılıb:
- Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində "Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi" və "Geoloji Kəşfiyyat Agentliyi" publik hüquqi şəxslərin, habelə Dövlət Geoloji İnformasiya Fondunun əsasında eyni tabelikdə "Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi";
- Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində "Geodeziya və Kartoqrafiya Agentliyi" publik hüquqi şəxsin əsasında eyni tabelikdə "Geodeziya və Kartoqrafiya Agentliyi";
- Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Aqrar İnnovasiya Mərkəzinin və "Aqrar Tədqiqatlar Mərkəzi" publik hüquqi şəxsin əsasında eyni tabelikdə "Aqrar Tədqiqatlar və İnkişaf Mərkəzi";
- Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində "Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutu" və "Su və Meliorasiya Elmi Tədqiqat İnstitutu" publik hüquqi şəxslərin əsasında eyni tabelikdə "Su və Meliorasiya üzrə Layihələndirmə və Elmi Tədqiqat İnstitutu".
Kənd Təsərrüfatı Nazirliyi tabeliyində olan Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun, Əkinçilik Elmi-Tədqiqat İnstitutunun, Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun, Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun, Baytarlıq Elmi-Tədqiqat İnstitutunun, Heyvandarlıq və Balıqçılıq Elmi-Tədqiqat İnstitutunun, "Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu" publik hüquqi şəxsin, habelə Azərbaycan Dövlət Aqrar Universitetinin tabeliyində Aqromexanika Elmi-Tədqiqat İnstitutunun əsasında büdcə təşkilatı qismində "Aqrar Tədqiqatlar və İnkişaf Mərkəzi"nin "Bitkiçilik Elmləri İnstitutu"nun və "Heyvandarlıq, Balıqçılıq və Baytarlıq Elmləri İnstitutu"nun yaradılmasını təmin etməlidir.
Fərmanda nəzərdə tutulan qurumların hüquq və öhdəlikləri, habelə əmlakı onların əsasında yaradılan büdcə təşkilatlarına keçir;
Fərmanda göstərilən MMC-lərin nizamnamə kapitalı həmin bəndlərdə nəzərdə tutulan publik hüquqi şəxslərin əmlakı hesabına formalaşır;
Fərmana əsasən yaradılan büdcə təşkilatlarının əsasnamələri (nizamnamələri), strukturu və əməyin ödənilməsi sistemi müəyyən edilənədək həmin hissələrdə nəzərdə tutulan qurumlar fəaliyyətini davam etdirir;
Fərmanda qeyd olunan qurumlar "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" qanunla müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı günədək həmin bəndlərdə nəzərdə tutulan publik hüquqi şəxslər fəaliyyətini davam etdirir.
Nazirlər Kabineti iki ay müddətində fərmanı nəzərə almaqla, normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təkliflərini hazırlayıb dövlət başçısına təqdim etməli, Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Mərkəzi Nəbatat Bağı" və "Dendrologiya Bağı" publik hüquqi şəxslərin eyni tabelikdə "Mərkəzi Nəbatat və Dendrologiya Bağı" MMC-yə, "Sahibsiz Heyvanlara Qayğı Mərkəzi" publik hüquqi şəxsin Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Sahibsiz Heyvanlara Qayğı Mərkəzi" MMC-yə çevrilmə yolu ilə yenidən təşkilini təmin etməli, fərmanda nəzərdə tutulan qurumların balansında olan əmlakın həmin qurumların əsasında yaradılan yeni qurumların balansına verilməsi və onların maddi-texniki təminatı ilə bağlı tədbirlər görülməsini təmin etməli, fərmana əsasən yaradılan büdcə təşkilatlarının strukturunun, işçilərinin say həddinin, əməkhaqlarının (vəzifə maaşları, vəzifə maaşlarına əlavələr, mükafatlar və digər ödənişlər) məbləğlərinin və əməyin ödənilməsi sisteminin müəyyən edilməsi ilə bağlı tədbirlər görməli, fərmanda nəzərdə tutulan qurumların nizamnamələrinin təsdiq edilməsini təmin etməki, fərmandan irəli gələn digər məsələləri həll etməlidir.
Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tabeliyində olan "Azərbaycan Metrologiya İnstitutu", "Azərbaycan Standartlaşdırma İnstitutu" və "Azərbaycan Akkreditasiya Mərkəzi" publik hüquqi şəxslərin birləşmə yolu ilə yenidən təşkilini təmin etməli, fərmanda nəzərdə tutulan publik hüquqi şəxslərin balansında olan əmlakın onların əsasında yaradılan yeni publik hüquqi şəxsin balansına verilməsi və həmin qurumun maddi-texniki təminatı ilə bağlı tədbirlər görməli, fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi fərmana uyğun olaraq tabeliklərində yaradılmış büdcə təşkilatlarının əsasnamələrinin (nizamnamələrinin) iki ay müddətində təsdiq edilməsini təmin etməli, fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.
Maliyyə Nazirliyi fərmanla yaradılan yeni qurumların fəaliyyətinin maliyyələşdirilməsini cari ilin dövlət büdcəsində nəzərdə tutulmuş vəsait dairəsində təmin etməli, "Dövlət maliyyəsinin səmərəli idarə edilməsinin təşkili ilə bağlı əlavə tədbirlər haqqında" ölkə Prezidentinin 25 avqust 2025-ci il tarixli fərmanına uyğun olaraq, bu Fərmanla yaradılan yeni qurumların strukturunun, ştat vahidlərinin və əməkhaqqı sistemlərinin maliyyə ekspertizasını həyata keçirməli və onların optimallaşdırılması üçün tədbirlər görməlidir.