- 15:09
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 19-da Belarus Respublikası Milli Assambleyası Nümayəndələr Palatasının sədri İqor Sergeyenkonu qəbul edib.
E-huquq.az xəbər verir ki, dövlət başçısı Belarusun Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) yüksəksəviyyəli nümayəndə heyəti ilə iştirak etdiyini dedi.
Sıx dostluğa əsaslanan Azərbaycan-Belarus münasibətlərinin inkişafından məmnunluğunu bildirən Prezident İlham Əliyev bütün sahələr üzrə fəal əməkdaşlığın həyata keçirildiyini vurğulayıb. Bu xüsusda parlamentlərarası formatın əhəmiyyəti qeyd edilib. İki ölkə arasında iqtisadi sahədə əməkdaşlığa toxunan dövlət başçısı birgə layihələrin uğurla icra olunduğunu deyib.
Qəbula görə minnətdarlığını bildirən İqor Sergeyenko Belarus Prezidenti Aleksandr Lukaşenkonun salamlarını dövlət başçısına çatdırıb.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Aleksandr Lukaşenkoya çatdırmağı xahiş edib.
Qonaq vurğulayıb ki, Azərbaycan və Belarus liderlərinin şəxsi əlaqələri iki ölkənin qurumları arasında əməkdaşlığın inkişafına töhfə verir.
İqor Sergeyenko Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının açılışında iştirak etdiyini deyərək burada şəhərsalmanın mühüm istiqamətləri üzrə müzakirələrin aparıldığını vurğulayıb. Qeyd edib ki, nüfuzlu beynəlxalq tədbirlərin keçirilməsi ilə bağlı zəngin təcrübəsi olan Azərbaycanda WUF13 də yüksək səviyyədə təşkil edilib.
Söhbət zamanı münasibətlərin müxtəlif sahələrdə inkişafı perspektivləri müzakirə edilib, hər iki ölkənin qanunverici orqanları arasında əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.