- 19 May 22:41
Təlimlər, texniki əməkdaşlıq və beynəlxalq bilik mübadiləsi vasitəsilə biz şəhərsalma, mənzil siyasəti və dayanıqlı inkişaf məqsədlərinin lokallaşdırılması sahəsində milli və yerli potensialları gücləndiririk.
E-huquq.az xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) Türkmənistandakı Rezident Əlaqələndiricisinin Ofisində İnkişaf üzrə əlaqələndirmə mütəxəssisi Maksat Keşiyev Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş “SPECA Şəhərlər Forumu: İnklüziv və Dayanıqlı Şəhər Gələcəyi üçün Mənzil Həlləri” adlı tədbirdə deyib.
O bildirib ki, Aşqabadda məlumat sistemlərinin təkmilləşdirilməsi infrastruktur planlaşdırılması və su idarəçiliyinin inkişafına töhfə verə bilər.
"Yeni salınmış şəhər olan Arkadağda isə ağıllı və davamlı həllərin başlanğıcdan tətbiqi üçün unikal imkan mövcuddur ki, bu da onu ölkədə gələcək şəhər inkişafı üçün nümunəvi modelə çevirə bilər", - qeyd edib.
M.Keşiyevin sözlərinə görə, digər istiqamət dayanıqlılığın və davamlı şəhər həllərinin təşviqidir: "BMT şəhər planlaşdırılmasına iqlim amillərinin inteqrasiyasını dəstəkləyir, xüsusilə su idarəçiliyi, dayanıqlı nəqliyyat və kommunal infrastruktur sahələrində. Bu yanaşmaların həm Aşqabadın genişlənməsində, həm də Arkadağ şəhərinin inkişafında tətbiqi uzunmüddətli riskləri əhəmiyyətli dərəcədə azalda bilər”.
Mütəxəssis qeyd edib ki, BMT-nin Rezident Əlaqələndiricisinin Ofisinin koordinasiyası və UN-Habitat-ın texniki rəhbərliyi ilə son üç il ərzində Arkadağ və Aşqabad şəhərlərinə, eləcə də ölkənin bütün 5 regionuna BMT İnkişaf Sistemi agentliklərinin bir sıra missiyaları təşkil olunub: "Hazırda UN-Habitat-ın Türkmənistanda ölkə nümayəndəliyinin yaradılması və Habitat Ölkə Proqramının hazırlanması istiqamətində işlər davam etdirilir".
O bildirib ki, Türkmənistan artıq Aşqabad və Arkadağ kimi müasir şəhərlərin inkişafı istiqamətində güclü liderlik nümayiş etdirib: "Növbəti addım bu məqsədlərin davamlılıq, dayanıqlılıq və məlumat əsaslı planlaşdırma prinsipləri ilə tam uyğunlaşdırılmasını təmin etməkdir. Gəlin dayanıqlı və gələcəyə hazır şəhərlər qurmaq üçün birgə fəaliyyətimizi davam etdirək".