- 16:05
"Konstitusiya və Suverenlik İli" çərçivəsində Azərbaycan Respublikasının Vəkillər Kollegiyası tərəfindən aztəminatlı şəxslərin hüquqi maarifləndirilməsi və müdafiəsi məqsədilə növbəti sosial aksiya həyata keçirilib. Belə ki, mayın 13-də Vəkillər Kollegiyasının və Zərdab Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Zərdab rayonunda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib. Aksiya çərçivəsində "Mirzəyev və Partnyorları" Vəkil Bürosunun təcrübəli vəkilləri tərəfindən rayon sakinləri hüquqi məsləhətlərlə təmin olunub.
"Mirzəyev və Partnyorları" Vəkil Bürosunun üzvü, hüquq elmləri üzrə fəlsəfə doktoru Şaiq Mirzəyev aksiya ilə bağlı e-huquq.az-ın suallarını cavablandırıb.
- Pulsuz hüquqi yardım aksiyasına maraq varmı? Təxminən nə qədər vətəndaş bu gün pulsuz hüquqi yardımdan yararlandı?
- Bəli, pulsuz hüquqi yardım aksiyasına vətəndaşlar tərəfindən kifayət qədər böyük maraq göstərildi. Əhalinin hüquqi maariflənməyə olan ehtiyacı bu cür təşəbbüslərə olan münasibətdə də açıq şəkildə özünü göstərir. Bugünkü aksiya çərçivəsində onlarla vətəndaşa müxtəlif hüquqi məsələlər üzrə ilkin hüquqi məsləhətlər verildi.
- Aksiya zamanı vətəndaşlar əsasən hansı hüquqi problemlərlə bağlı sizə müraciət etdilər?
- Vətəndaşlar əsasən ailə hüququ, cinayət hüququ, əmək münasibətləri, mülki mübahisələr, inzibati mübahisələr və sosial təminat sahələrində məsələlərlə bizə müraciət etdilər. Xüsusilə aliment ödənişi, boşanma, miras bölgüsü, torpaq mübahisəsi, mənzil hüquqları və pensiya təminatı ilə bağlı suallar üstünlük təşkil edirdi. Eyni zamanda, bəzi vətəndaşlar əmək hüquqlarının pozulması, borc məsələləri ilə əlaqədar da məsləhət almağa ehtiyac duyurdular. Bu da bir daha onu göstərdi ki, vətəndaşlarımızın gündəlik həyatda üzləşdiyi hüquqi problemlər müxtəlif sahələri əhatə edir və bu cür aksiyalar onların hüquqi maariflənməsi baxımından əhəmiyyətli rol oynayır.
- Aksiya çərçivəsində vətəndaşlara yalnız məsləhət verildi, yoxsa sənəd hazırlanması və məhkəməyə müraciət kimi texniki dəstək də göstərildi?
- Əlbəttə, təkcə sifahi qaydada hüquqi məsləhətlər verilmədi, eyni zamanda sənədlərin hazırlanması, müraciət formalarının tərtibi, şikayət ərizələrinin yazılması və məhkəməyə müraciət qaydaları ilə bağlı da texniki dəstək göstərildi. Bu, xüsusilə hüquqi yardıma təcili ehtiyacı olan, lakin bunu necə həyata keçirəcəyini bilməyən şəxslər üçün çox faydalı oldu. Biz aksiyanın məqsədinə uyğun olaraq çalışdıq ki, hər bir vətəndaş hüquqi prosedurlar barədə aydın və praktik yönləndirmə alsın.
- Bu aksiyanın Zərdab sakinləri üçün hansı faydası oldu? Onlardan aldığınız reaksiyalar necə idi?
-Bu aksiyanın Zərdab sakinləri üçün ən böyük faydası hüquqi məsələlərlə bağlı ödənişsiz, operativ və peşəkar dəstək almaq imkanı oldu. Bir çox sakin ilk dəfə idi ki, vəkil ilə birbaşa ünsiyyət quraraq hüquqi suallarına cavab tapdı və bu, onların hüquqi savadlılığının artmasına ciddi töhfə verdi. Sakinlərdən aldığımız reaksiyalar çox müsbət oldu. Onlar göstərilən hüquqi yardımdan çox razı qaldılar. Bu təşəbbüsə görə Vəkillər Kollegiyasının sədri Anar Bağırov və Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadəyə minnətdarlıqlarını bildirdilər. Gələcəkdə də bu cür aksiyaların təkrarlanmasını arzuladılar.
- Belə aksiyaların davamı olacaqmı?
- Konstitusiyamızın 61-ci maddəsinə əsasən, hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ vardır. Vəkillər Kollegiyası vətəndaşların konstitusion hüquqlarının təmin olunmasına töhfə vermək üçün belə aksiyaları davamlı olaraq keçirir. Çünki hüquqi yardıma çıxışın təmin olunması, xüsusilə regionlarda yaşayan vətəndaşlar üçün olduqca vacibdir. Bu aksiyalar göstərir ki, bu sahədə atılan hər addım insanların hüquqlarının müdafiəsi baxımından mühüm rol oynayır. Biz, vəkillər olaraq, bu təşəbbüslərin davamlı olması üçün əlimizdən gələn dəstəyi göstərməyə hazırıq.
- Sizcə, bölgələrdə hüquqi maarifləndirmənin artırılması üçün nə kimi addımlar atılmalıdır?
- Bölgələrdə hüquqi maarifləndirmənin artırılması üçün sistemli və davamlı addımlar atılmalıdır. Müntəzəm olaraq bölgələrdə səyyar hüquqi yardım aksiyalarının keçirilməsi vətəndaşlara yerində, birbaşa hüquqi dəstək alma imkanı yaradır. Məktəblərdə, mədəniyyət evlərində hüquqi seminarlar, maarifləndirici görüşlər təşkil olunmalıdır. İnsanlara gündəlik rast gəldikləri hüquqi vəziyyətlər, məsələn, ailə hüququ, torpaq münasibətləri, əmək hüququ və s. barədə sadə və aydın dildə məlumat verilməlidir. Yerli televiziyalar, radio və sosial media vasitəsilə hüquqi məlumatlandırma proqramları yayımlanmalıdır. Gənclərin hüquqi biliklərinin artırılması da çox vacibdir. Ali və orta təhsil müəssisələrində hüquqi biliklərə dair fənlər və maarifləndirici layihələr genişləndirilməlidir. Bu, hüquqi savadlı cəmiyyətin formalaşmasına xidmət edər. Unutmayaq ki, hüquqi cəhətdən savadlı olan vətəndaş, həm öz hüquqlarını, həm də başqasının hüquqlarını daha yaxşı anlayır və cəmiyyətin hüquqi mədəniyyət səviyyəsini yüksəldir. Bu istiqamətdə dövlət qurumları, vəkillər və qeyri-hökümət təşkilatları əməkdaşlığı olduqca vacibdir.
Sonda mən də fürsətdən istifadə edib Zərdab rayon Heydər Əliyev Mərkəzində belə bir aksiyanın təşkilinə göstərdiyi dəstəyə görə Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadəyə təşəkkür edirəm.
Humay Eminqızı