Yetkinlik yaşına çatmayan şəxslərin törətdiyi hüquq pozuntularının qarşısının alınmasında vəkillik institutunun rolu - MƏQALƏ


  • 20:05

Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü, Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Lalə Nağıyevanın “Azərbaycan Vəkili” elmi-praktik hüquq jurnalının 2026, №1 (27) buraxılışında dərc olunan “Yetkinlik yaşına çatmayan şəxslərin törətdiyi hüquq pozuntularının qarşısının alınmasında vəkillik institutunun rolu” adlı elmi məqaləsini təqdim edirik:

Annotasiya

Yetkinlik yaşına çatmayan şəxslərin törətdiyi hüquqpozmalar müasir cəmiyyətlər üçün həm sosial, həm hüquqi, həm də psixoloji baxımdan mürəkkəb məsələlərdən biridir. Bu yaş qrupu fərdin uşaqlıqdan yetkinlik yaşına keçdiyi, şəxsiyyətin formalaşdığı və emosional sabitliyin hələ tam bərqərar olmadığı bir dövrü əhatə edir. Məhz bu səbəbdən yetkinlik yaşına çatmayan şəxslərin hüquqi proseslərə cəlb olunması zamanı peşəkar müdafiənin, yəni vəkillik institutunun rolu xüsusi əhəmiyyət kəsb edir. Araşdırmalar göstərir ki, yetkinlik yaşına çatmayan şəxslərin hüquq sistemində müdafiəsiz qalması, onlara hüquqlarının sadə dildə izah edilməməsi və psixoloji həssaslıqlarının nəzərə alınmaması gələcəkdə təkrar hüquq pozuntularına və cəmiyyətdən uzaqlaşmağa yol açır. Yetkinlik yaşına çatmayan şəxslərin cinayətkar davranışına aparan yollar çoxşaxəlidir və adətən ailəvi, sosial və fərdi amillərin kəsişməsində dayanır. Parçalanmış ailələr, valideyn nəzarətinin zəifliyi, ailədaxili zorakılıq və ya iqtisadi çətinliklər gəncləri cinayətkar davranışa sövq edən əsas faktorlardır. Eyni zamanda, yetkinlik yaşına çatmayan şəxslərin sosial mühitdə özlərini təsdiq etmək istəyi və mənfi həmyaşıd qruplarının təsirinə tez düşmələri onları qanunsuz əməllərin iştirakçısına çevirir. Bu mərhələdə vəkilin müdaxiləsi sadəcə prosessual zərurət deyil, həm də yetkinlik yaşına çatmayan şəxslərin davranış trayektoriyasının mənfiyə doğru dəyişməsinin qarşısını alan preventiv tədbirdir. Peşəkar vəkil yetkinlik yaşına çatmayan şəxslər ilə ədalət sistemi arasında bir növ mühafizəçi rolunu oynayır. Hüquqi terminologiyanın mürəkkəbliyi yetkinlik yaşına çatmayan şəxslərdə qorxu və inamsızlıq yaradır ki, bu da onun özünü müdafiə imkanlarını məhdudlaşdırır. Vəkilin vəzifəsi prosesin hər bir mərhələsini yetkinlik yaşına çatmayan şəxslərin anlayacağı səviyyədə izah etmək, onun susmaq və ya öz əleyhinə ifadə verməmək kimi fundamental hüquqlarını təmin etməkdir. Yetkinlik yaşına çatmayan şəxslərin müdafiəsi sahəsində vəkillərin ixtisaslaşması və onların psixoloji hazırlıq səviyyəsinin artırılması müasir hüquq sisteminin təkmilləşdirilməsi üçün zəruri şərtdir.

Açar sözlər: yetkinlik yaşına çatmayan şəxslərin hüquqpozmaları, vəkillik institutu, hüquqi müdafiə, uşaq hüquqları, ədalətin bərpası, preventiv mexanizmlər, diskriminasiyanın yolverilməzliyi, beynəlxalq hüquqi standartlar, ədalət mühakiməsi.

I. Giriş

Müasir hüquqi dövlət quruculuğu prosesində insan hüquq və azadlıqlarının müdafiəsi prioritet istiqamət təşkil edir və bu prinsip hüquq sisteminin bütün institutlarının fəaliyyətində əsas meyar kimi çıxış edir. Xüsusilə, cəmiyyətin həssas təbəqələrindən biri hesab olunan yetkinlik yaşına çatmayan şəxslərin hüquqlarının qorunması, onların sosial adaptasiyasının təmin edilməsi və törətdikləri hüquqpozmaların qarşısının alınması hüquq siyasətinin mühüm istiqamətlərindən biri kimi diqqət mərkəzində saxlanılır. Bu sahədə həyata keçirilən tədbirlər yalnız hüquqi məsuliyyət mexanizmləri ilə məhdudlaşmamalı, eyni zamanda sosial, psixoloji və maarifləndirici yanaşmaları da özündə ehtiva etməlidir.

Yetkinlik yaş dövrü fərdin psixofizioloji baxımdan formalaşma və keçid mərhələsi olmaqla, şəxsiyyətin davranış modellərinin müəyyən edildiyi həssas bir mərhələdir. Bu yaş dövründə emosional qeyri-sabitlik, sosial təsirlərə həddindən artıq açıq olma və riskli davranışlara meyillilik daha qabarıq şəkildə müşahidə olunur. Məhz bu xüsusiyyətlər yetkinlik yaşına çatmayan şəxslərin hüquqpozmaya sürüklənməsində mühüm rol oynayır və onların hüquqi məsuliyyətə cəlb edilməsi zamanı fərqli, daha humanist və məqsədyönlü yanaşmanın tətbiqini zəruri edir.

Müasir hüquq ədəbiyyatlarında da bu anlayış genişləndirilərək daha geniş formada əks olunmuşdur. Belə ki, yetkinlik yaşına çatmayan şəxslərin məhkəmədə psixoloji hazırlığı təkcə hüquqi problemin həllini deyil, həm uşağın stresli vəziyyətdə şəxsiyyətinin psixi inkişafına mənfi təsirləri minimuma endirir. Bu mümkün olmayan zaman isə, vəkil müraciət edən şəxsi psixoloji baxımdan məhkəməyə hazırlamalı və proses zamanı da ona dəstək olmalıdır [2, s. 98].

Yetkinlik yaşına çatmayan şəxslərin cinayətkarlığına qarşı mübarizə yalnız cəza tədbirlərinin sərtləşdirilməsi və repressiv üsulların tətbiqi ilə effektiv nəticə vermir. Əksinə, bu yanaşma bir çox hallarda yetkinlik yaşına çatmayan şəxslərin cəmiyyətə reinteqrasiyasını çətinləşdirir və təkrar hüquqpozmaların baş verməsi riskini artırır. Bu baxımdan, preventiv mexanizmlərin gücləndirilməsi, hüquqpozmanın yaranma səbəblərinin vaxtında müəyyən edilməsi və aradan qaldırılması xüsusi əhəmiyyət kəsb edir. Belə mexanizmlər sırasında peşəkar vəkillik yardımının erkən mərhələdən etibarən təmin olunması mühüm rol oynayır.

Vəkillik institutu yetkinlik yaşına çatmayan şəxslərin ədalət mühakiməsi sistemində təkcə onların prosessual hüquqlarının müdafiəsini həyata keçirən bir subyekt kimi deyil, eyni zamanda islah prosesinə töhfə verən mühüm hüquqi təsisat kimi çıxış edir. Vəkil yetkinlik yaşına çatmayan şəxslərin hüquqi maraqlarını qorumaqla yanaşı, onun psixoloji vəziyyətini, sosial mühitini və fərdi xüsusiyyətlərini nəzərə alaraq daha məqsədyönlü strategiya formalaşdırır. Bu isə yetkinlik yaşına çatmayan şəxslərin hüquq sistemi ilə ilk təmasının daha az travmatik olmasına və onun gələcək davranışlarına müsbət təsir göstərməsinə şərait yaradır. Nəticə etibarilə, yetkinlik yaşına çatmayan şəxslərin hüquqpozmalarının profilaktikası kompleks və çoxşaxəli yanaşma tələb edən bir prosesdir. Bu məqalədə, yetkinlik yaşına çatmayan şəxslərin hüquqpozmalarının profilaktikasında vəkilin rolu milli və beynəlxalq hüquqi çərçivə kontekstindən təhlil edilir.

II. Beynəlxalq qanunvericilik və mühüm standartlar

Yetkinlik yaşına çatmayan şəxslərin törətdiyi hüquq pozuntularının qarşısının alınmasında vəkillik institutunun rolunun araşdırılması beynəlxalq qanunvericilik və qlobal standartlar prizmasından xüsusi aktuallıq kəsb edir. Müasir beynəlxalq hüquq uşaqların cinayət ədalət mühakiməsində iştirakını cəzayönümlü deyil, reabilitasiya və sosial inteqrasiya əsaslı yanaşma üzərinə qurmağı tələb edir. Bu baxımdan, beynəlxalq çərçivədə vəkillik institutu yalnız müdafiə funksiyası yerinə yetirən subyekt deyil, eyni zamanda yetkinlik yaşına çatmayan şəxslərin hüquqazidd davranışının qarşısının alınmasında, alternativ tədbirlərin təşviqində və cəmiyyətə təhlükəsiz reinteqrasiyanın təminində mühüm aktor kimi təqdim edilir. Bu zaman xüsusi olaraq qeyd edilməlidir ki, uşaqların hüquqlarının müdafiəsi istiqamətində mühüm addım 20 noyabr 1989-cu il tarixində Uşaq hüquqları haqqında Konvensiyanın qəbul edilməsi olmuşdur. Hüquq ədəbiyyatında qeyd olunur ki, Konvensiya uşaqları cəmiyyətin tamhüquqlu üzvü kimi təqdim etməklə yanaşı, həm də uşaqların hüquqlarını vahid bir kompleks halında sistemləşdirmiş, uşaqlara münasibətdə yeni etik prinsiplər və beynəlxalq davranış normaları müəyyən edilməklə yanaşı yeni hüquqlar kompleksini də əks etdirmişdir [1, s. 143]. Sözügedən Konvensiyanın 2-ci maddəsinin 2-ci bəndində göstərilir ki, iştirakçı dövlətlər uşağın, onun valideynlərinin, qanuni qəyyumlarının və digər ailə üzvlərinin statusu, fəaliyyəti, ifadə etdikləri baxışları və ya əqidələri əsasında uşağın ayrı-seçkiliyin və ya cəzanın bütün formalarından müdafiə olunmasını təmin etmək üçün hər cür lazımi tədbirlər görməlidir [4]. Konvensiyanın bu müddəasından irəli gələrək, uşağın hüquqlarının müdafiəsində vəkillik institutu mühüm rol oynayır. Vəkil uşağın maraqlarını müstəqil və qərəzsiz şəkildə təmsil etməklə, onun yalnız öz davranışı və vəziyyətinə görə qiymətləndirilməsini təmin edir.

1990-cı ildə qəbul olunmuş Yetkinlik yaşına çatmayan şəxslər arasında cinayətkarlığın qarşısının alınması barədə BMT-nin Rəhbər Prinsipləri (Ər-Riyad Prinsipləri) cinayətkarlığın qarşısını alma tədbirlərinin ümumi istiqamətləri, cəmiyyətdə həyata hazırlıq, sosial siyasət, yetkinlik yaşına çatmayan şəxslərə münasibətdə ədalət mühakiməsinin həyata keçirilməsi, siyasət və tədqiqatın işlənib hazırlanmasına həsr edilmişdir [16]. Hüquq ədəbiyyatında qeyd olunur ki, həmin Prinsiplərdə hər bir ailə və onun bütün üzvlərinin rifahının təmini, uşaqların tərbiyəsinə yönəldilmiş dövlət siyasətinin işlənib hazırlanması, uşaq və gənclərin bərabər hüquqlu şəkildə təhsilə cəlb edilməsi, məktəb və cəmiyyət əlaqələrinin formalaşmasına istiqamətlənmiş tədbirlərin həyata keçirilməsi, psixi təzyiqlərin qarşısının alınması və mənəvi dəstəyin göstərilməsi kimi məsələlər öz əksini tapmışdır ki, bu da öz növbəsində yetkinlik yaşına çatmayanlar üçün sağlam mühitin formalaşmasına xidmət edir və preventiv mexanizmlərin əsasını təşkil edir [1, s. 142].

Yetkinlik yaşına çatmayanlara münasibətdə ədalət mühakiməsinin həyata keçirilməsinə dair BMT-nin minimal standart qaydalarının (Pekin qaydalarının) 10.3-cü maddəsində deyilir ki, hüquq qaydalarının mühafizəsini təmin edən orqanlarla yetkinlik yaşına çatmayan qanun pozucusu arasında təmas elə həyata keçirilir ki, yetkinlik yaşına çatmayanın əmin-amanlığına yardım göstərilsin, işin şəraiti dəqiq nəzərə alınmaqla, ona zərər vurulmasına yol verilməsin [15].

Pekin qaydalarının bu müddəası yetkinlik yaşına çatmayanlarla bağlı ədalət mühakiməsində humanist və uşaqyönümlü yanaşmanın əsas prinsip olduğunu bir daha təsdiq edir. Qaydalardan irəli gələrək, hüquq-mühafizə orqanları ilə yetkinlik yaşına çatmayan arasında hər hansı təmas zamanı uşağın fiziki və psixi sağlamlığının qorunması, ləyaqətinə hörmət edilməsi və ona zərər vura biləcək hərəkətlərdən çəkinilməsi əsas götürülməlidir [15]. Bu beynəlxalq standartların tətbiqi isə birbaşa vəkillik institutunun fəal iştirakı ilə mümkün olur. Belə ki, vəkil yetkinlik yaşına çatmayanın saxlanılması, dindirilməsi və digər prosessual hərəkətlər zamanı işin konkret şəraitinin nəzərə alınmasını, yaş və psixoloji xüsusiyyətlərə uyğun davranılmasını tələb etməklə, onun əmin-amanlığının və təhlükəsizliyinin təmin edilməsinə töhfə verir.

İstintaq və sorğu-sual zamanı vəkilin iştirakı, eyni zamanda, yetkinlik yaşına çatmayan şəxslərin məcburi şəkildə öz əleyhinə ifadə verməsinin qarşısını alan əsas mexanizmdir. Uşaq Hüquqları Komitəsinin Yuvenal ədliyyə sistemi ilə bağlı 24 saylı Ümumi Şərhi istintaq və sorğu-sual zamanı vəkilin iştirakı, eyni zamanda, yetkinlik yaşına çatmayan şəxslərin məcburi şəkildə öz əleyhinə ifadə verməsinin qarşısını alan mexanizmlərdən biridir. 24 saylı Ümumi Şərhə görə, bir uşağı etiraf və ya özünü-ittiham edəcək bir ifadə verməyə məcbur etmək yolverilməzdir [9, s. 21]. Buna görə də, uşaq qanuni və ya digər müvafiq yardımı əldə etməli və sorğu-sual zamanı valideyn, qanuni nümayəndə və ya digər müvafiq yetkin şəxs tərəfindən dəstəklənməlidir. Məhz hüquqi təmsilçilik bu prosesdə qanunsuz müdaxilələrin və psixoloji təzyiqlərin qarşısını alan qalxan rolunu oynayır.

Аzаdlıqdаn məhrum edilmiş yеtkinlik yаşınа çаtmаyаnlаrın müdаfiəsi üzrə BMT Qаydаlаrının (Tokio Qaydaları) 78-ci bəndində göstərilir ki, yetkinlik yaşına çatmayanın şikayət vermək üçün ailə üzvlərindən, hüquqi məsləhətçilərdən (vəkillərdən) və digər müvafiq qurumlardan yardım istəmək hüququnu açıq şəkildə tanıyır. Bu müddəa vəkillik institutunun yalnız məhkəmə mərhələsində deyil, həm də saxlanma və icra proseslərində uşağın hüquqlarının pozulmasına qarşı müdafiəçi rolunu təsdiqləyir [17]. Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında Avropa Şurası Konvensiyanın 14-cü maddəsinin 4-cü bəndində deyilir ki, hər bir tərəf zəruri qanunvericilik və ya digər tədbirləri həyata keçirir ki, qurbana yaxın olan şəxslərin zəruri hallarda terapiya yardımı, xüsusilə təxirəsalınmaz psixoloji yardım almaq imkanı təmin edilsin [5].

Həmin Konvensiyanın 35-ci maddəsində uşaqdan ifadə alınmasının qaydaları öz əksini tapmışdır. Həmin maddəyə əsasən, faktlar barədə səlahiyyətli orqanlara məlumat daxil olduqdan sonra heç bir əsassız ləngimə olmadan uşaqdan ifadə almaq üçün müsahibə keçirilir; zəruri hallarda uşaqdan ifadə almaq üçün müsahibə bu məqsədlə yaradılmış və ya uyğunlaşdırılmış yerdə keçirilir; uşaqdan ifadə almaq üçün müsahibə bu məqsədlə təlim keçmiş mütəxəssislər tərəfindən keçirilir; mümkün və münasib olduqda uşaqdan ifadə almaq üçün müsahibələr eyni şəxslər tərəfindən keçirilir; müsahibələr yalnız cinayət təqibi məqsədləri ilə tələb olunan mümkün qədər az sayda olmalıdır [5].

Avropa Şurası Nazirlər Komitəsinin 17 noyabr 2010-cu il tarixində qəbul etdiyi Uşaqyönümlü ədalət mühakiməsi üzrə Rəhbər Prinsiplər (Guidelines of the Committee of Ministers of the Council of Europe on child-friendly justice) uşaqların hüquqi müdafiəsi və vəkillik institutunun rolunu daha geniş və müasir kontekstdə təsbit edir. Bu sənədin fundamental prinsipləri uşağın iştirakı, onun üstün maraqlarının qorunması, ləyaqətinə hörmət və ayrı-seçkiliyə yol verilməməsi üzərində qurulmuşdur [10, s. 11]. Rəhbər prinsiplərə əsasən, uşaqların öz adlarından müstəqil hüquqi məsləhət və təmsilçilik hüququ, xüsusilə valideynlərlə maraqlar toqquşması yarandıqda mütləq şəkildə tanınmalı və onlara pulsuz hüquqi yardım əlçatan olmalıdır [10, s. 16]. Həmçinin yetkinlik yaşına çatmayanları təmsil edən vəkillərin uşaq hüquqları, uşaq psixologiyası və inkişafı sahəsində xüsusi hazırlığa malik olması, onlarla anlayış səviyyəsinə uyğun ünsiyyət qurma bacarığı tələb olunur. Sənəddə vurğulanır ki, vəkilin iştirakı yalnız məhkəmə prosesi ilə məhdudlaşmamalı, ilk dindirmədən etibarən təmin edilməli və çıxarılan qərarların uşağa onun yaşına uyğun dildə izah edilməsi vəkilin mühüm vəzifəsi kimi qəbul edilməlidir [10, s. 19].

Alim və tədqiqatçı hüquqşünaslar, E.B.Melnikova, A.İ.Dolqova yetkinlik yaşına çatmayan şəxslərin törətdiyi hüquq pozuntularının qarşısının alınmasında vəkillik institutunun roluna xüsusi diqqət yetirirlər [8, s. 503; 14, s. 48]. Təcrübə və elmi ədəbiyyatlarda vurğulandığı kimi, hüquqi təmsilçilik yalnız mühakimədə müdafiə funksiyası deyil, həm də yetkinlik yaşına çatmayan şəxslərin hüquqlarının erkən mərhələdə qorunması və onlara uyğun sosial dəstək mexanizmlərinə çıxışın təmin edilməsi baxımından əhəmiyyət daşıyır. Bu isə, uşaqların hüquqi proseslərə uyğunlaşmasını və onların hüquq pozuntuları törətməsi meylinin azalmasına töhfə verir [13, s. 774].

III. Milli qanunvericilik müstəvisində yetkinlik yaşına çatmayan şəxslərin hüquqlarının müdafiəsi

Yetkinlik yaşına çatmayanların hüquqlarının müdafiəsinin əsasını Azərbaycan Respublikası Konstitusiyası təşkil edir. Konstitusiyanın 17-ci maddəsinə əsasən cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir, valideynləri və qəyyumları olmayan, valideyn qayğısından məhrum olan uşaqlar dövlətin himayəsindədirlər və uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Bu müddəalar dövlətin uşaqların hüquqlarının qorunması üzrə birbaşa vəzifəsini müəyyən edir [3]. Eyni zamanda, Konstitusiyanın 61-ci maddəsi hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnu təsbit edir və qanunla nəzərdə tutulmuş hallarda hüquqi yardımın dövlət hesabına göstərilməsini təmin edir. Həmin maddəyə müvafiq olaraq, şəxs tutulduğu, həbsə alındığı və ya ittiham olunduğu andan müdafiəçinin köməyindən istifadə etmək hüququna malikdir [3]. Beləliklə, yetkinlik yaşına çatmayanların vəkillə təmin olunması həm dövlət himayəsi prinsipindən, həm də birbaşa konstitusion hüquqi yardım təminatından irəli gəlir.

Yetkinlik yaşına çatmayanların cinayət prosesində müdafiəsinin xüsusi prosessual təminatlarına Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 432-ci maddəsində yer verilir. Həmin maddəyə müvafiq olaraq müəyyən edilir ki, yetkinlik yaşına çatmayan şəxs barəsində ibtidai istintaq imkan daxilində bu sahədə ixtisaslaşmış şəxslər tərəfindən aparılmalı, icraat gecikdirilmədən həyata keçirilməli və müdafiəçinin iştirakı məcburi olmalıdır. Eyni zamanda, istintaq zamanı yetkinlik yaşına çatmayan şəxsə hörmətlə yanaşılması, onun rifahına zərər vurulmaması təmin edilməli, ittiham barədə məlumat almaq, ifadə verməkdən imtina etmək, müdafiə hüququndan imtina etmək, qanuni nümayəndələrin iştirakını təmin etmək və məxfilik hüququ kimi əsas prosessual təminatlara riayət olunmalıdır. 16 yaşınadək şəxslərin iştirakı ilə istintaq hərəkətlərində müəllim və ya psixoloqun iştirakı da təmin edilməlidir [6].

Uşaq hüquqları haqqında 3 mart 2026-cı il tarixli Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinin 1-ci hissəsində qeyd olunur ki, Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum), məhkəmə, prokurorluq və digər hüquq mühafizə orqanları, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) və yerli özünüidarəetmə orqanları təmin edirlər [12]. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) həmçinin “Uşaq hüquqları haqqında” Konvensiyanın həyata keçirilməsinin monitorinqi və təşviqi üzrə müstəqil monitorinq mexanizminin funksiyalarını həyata keçirir (maddə 8.5).

Həmin Qanunun 4-cü maddəsi ilə uşaqlar barəsində dövlət siyasətinin məqsədləri ətraflı şəkildə müəyyən edilmişdir: uşaqların hüquq və azadlıqlarının təmin edilməsi, uşaq hüquqlarının təminatının hüquqi əsaslarının formalaşdırılması; uşaqların hüquq və azadlıqlarının müdafiəsi üçün institusional mexanizmlərin yaradılması, onların pozulmuş hüquqlarının bərpası; uşaqlara qarşı ayrı-seçkiliyə yol verilməməsi, bütün uşaqlar üçün bərabər imkanların və inklüzivliyin təmin edilməsi; çətin həyat şəraitində olan uşaqların sosial müdafiəsi; uşaqların fiziki, əqli, mənəvi və əxlaqi inkişafı, onların vətənpərvərlik, vətəndaşlıq, sülhpərvərlik, əxlaqi dəyərlərə, milli adət və ənənələrə hörmət ruhunda tərbiyə olunması; uşaqlarda hüquq mədəniyyətinin formalaşdırılması; uşaqların sağlamlığına və inkişafına zərər vuran məlumatlardan qorunması [12].

Qanunun 7-ci fəsli isə “Uşaqlar barəsində icraatın əsasları” adlanır və 55-61-ci maddələri əhatə edir. “Uşaqlar barəsində icraatın əsas prinsipləri” adlanan 55-ci maddənin 1-ci hissəsində qeyd edilir ki, uşaqlar barəsində icraat uşağın iştirakı, onun təhlükəsizliyinin təmin olunması, uşaq hüquqlarına və azadlıqlarına hörmət edilməsi və onların səmərəli şəkildə həyata keçirilməsi, uşaqların mənafelərinin üstünlüyü, uşağın ləyaqətinə hörmət edilməsi, qeyri-bərabər rəftarın yolverilməzliyi və qanunun aliliyi prinsiplərinə əsaslanır [12]. Qanunun 56-cı maddəsində uşaqlar barəsində icraatın həyata keçirilməsi ilə bağlı prosessual təminatlar, 57-ci maddəsində uşaqlar barəsində icraatı həyata keçirən şəxslər, 58-ci maddəsində uşaqlar barəsində icraat zamanı uşağın öz fikrini ifadə etmə hüququ, 59-cu maddəsində uşağın hüquqi yardım almaq hüququ, 60-cı maddəsində uşağın təmsil olunmaq hüququ, 61-ci maddəsində isə uşaq hüquqları ilə bağlı qəbul edilən qərarlar üzrə məsələlər öz əksini tapmışdır.

Qanunun 56-cı maddəsinin müddəaları xüsusi qeyd edilməlidir: uşağın Azərbaycan Respublikasının prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada bilavasitə, qanuni nümayəndəsi (həmin şəxslərin uşağa qarşı hüquq pozuntusu törətməsinə şübhə olduğu hallar istisna olmaqla) və ya nümayəndəsi vasitəsilə öz hüquq və azadlıqlarının, habelə qanuni mənafelərinin müdafiəsi ilə bağlı inzibati orqana, polis, prokurorluq orqanlarına və ya məhkəməyə müraciət etmək, habelə onların hərəkətindən (hərəkətsizliyindən) və qərarlarından şikayət etmək hüququ (1-ci hissə); polis və prokurorluq orqanlarının cinayət törətmiş, cinayətin qurbanı olmuş, valideynin və ya ailəni dolandıran şəxsin həbs olunması, habelə cinayət prosesini həyata keçirən orqanın digər hərəkətləri və hərəkətsizliyi nəticəsində nəzarətsiz, baxımsız qalmış və həyat üçün zəruri vəsaitlərdən məhrum olmuş uşaqların hüquq və azadlıqlarının, habelə qanuni mənafelərinin müdafiəsi üçün tədbirlər görməsi (2-ci hissə); uşaqlar barəsində icraatın bütün mərhələlərində prosedurların uşaq üçün aydın və əlçatan olmasının təmin edilməsi (3-cü hissə); uşağın özünün və yaxın qohumlarının əleyhinə ifadə verməyə məcbur edilməməsi (4-cü hissə); cinayət törətməkdə təqsirləndirilən uşağın barəsində cinayət təqibi həyata keçirilərkən cinayət prosesini həyata keçirən orqanlar tərəfindən həbsə alternativ qətimkan tədbirlərinin tətbiq edilməsinə üstünlük verilməsi və Azərbaycan Respublikasının cinayət prosessual qanunvericiliyində müəyyən edilmiş qaydada uşağın hüquq və azadlıqlarının təmin edilməsinin əsas prosessual təminatlarına riayət edilməsi, uşaqların yaşına, cinsiyyətinə və şəxsiyyətinin xüsusiyyətlərinə görə tələb olunan qulluq, müdafiə və digər fərdi yardımla təmin edilmələri (5-ci hissə) [12].

Qaununun 57-ci maddəsi üzrə müddəalar da xüsusilə əhəmiyyətlidir. Belə ki, normanın tələbinə görə, uşaqlar barəsində və ya onların cəlb olunduğu işlər üzrə icraatı həyata keçirən şəxslər uşaq hüquqları barədə biliklərə və uşaqlarla iş üzrə bacarıqlara malik olmalıdırlar [12].

Qanunun 59-cu maddəsi ilə uşağın hüquqi yardım almaq hüququnun ayrıca maddədə təsbit edilməsi xüsusilə müsbət qiymətləndirilməlidir. Belə ki, həmin maddənin 1-ci hussəsində qeyd edilir ki, uşağın yaşı, fərdi xüsusiyyətləri və ehtiyacları nəzərə alınmaqla, qanunla nəzərdə tutulmuş hallarda və qaydada onun başa düşəcəyi dildə və formada dövlət büdcəsinin vəsaiti hesabına yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ vardır. Həmin maddənin 2-ci hissəsinin tələblərinə görə isə, uşaqlar barəsində icraat zamanı uşaqlara hüquqi yardım göstərən vəkil uşaq hüquqları və uşaqyönümlü hüquqi yardım barədə biliklərə malik olmalıdır.

Bu müddəalardan irəli gələrək vəkillik institutu uşaq hüquqlarının müdafiəsi mexanizminin ayrılmaz və praktiki baxımdan ən mühüm subyektlərindən biri kimi çıxış edir. Vəkillər uşaqların hüquq və mənafelərinin məhkəmə və məhkəmədənkənar mərhələlərdə peşəkar müdafiəsini təşkil etməklə, onların ədalətli məhkəmə araşdırması hüququnun real həyata keçirilməsində xüsusi rol oynayırlar. Xüsusilə qeyd edilməlidir ki, yetkinlik yaşına çatmayanlar yaş və psixoloji xüsusiyyətlərinə görə öz hüquqlarını müstəqil şəkildə müdafiə etmək hüququna malik olmadıqlarından, vəkil onların adından çıxış edərək onların mənafeyinin qorunmasına nəzarət edir.

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında 30 iyun 2008-ci il tarixli Qərarının 5-ci bəndində deyilir ki, məhkəmələrə izah edilsin ki, yetkinlik yaşına çatmayanların həyat tərzi, tərbiyəsi ilə əlaqədar ətraflı məlumat əldə etmək məqsədilə təhsil-tərbiyə müəssisələrinin və ya iş, yaxud yaşayış yeri üzrə ictimai təşkilatların nümayəndələrinin də məhkəmədə iştirakını təmin etmək üçün tədbirlər görülməlidir. Qanunvericilikdə də qeyd olunduğu kimi uşaq hüquqlarının müdafiəsində dövlət və qeyri dövlət qurumlarının, uşaqlarla hüquqi təmasda olan vəzifəli şəxslərin üzərinə böyük vəzifə qoyulmuşdur. Bu vəzifələrin yetkinlik yaşına çatmayanlarla necə davranılmasını bilmək, onlarla ünsiyyətdə olarkən fiziki, psixi zorakılıqdan çəkinmək, ayrı-seçkiliyə yol verməmək, uşaqların hüquqi prosedurlardan zərər görməsinin qarşısını almaqdır [7].

Qeyd edilən tələblərə əsasən aydın olur ki, yetkinlik yaşına çatmayanlarla bağlı məhkəmə baxışı yalnız formal hüquqi prosedur kimi deyil, onun şəxsiyyətinin, sosial mühitinin və psixoloji vəziyyətinin kompleks şəkildə qiymətləndirilməsi əsasında həyata keçirilməlidir. Bu yanaşma isə yetkinlik yaşına çatmayanla hüquqi təmasda olan bütün subyektlər kimi, vəkillik institutunun üzərinə də xüsusi məsuliyyət qoyur. Belə ki, vəkil, yetkinlik yaşına çatmayanın müdafiəçisi və ya nümayəndəsi kimi çıxış edərkən təkcə hüquqi arqumentlərlə kifayətlənməməli, uşağın tərbiyə aldığı mühit, ailə vəziyyəti, təhsil səviyyəsi və sosial davranış xüsusiyyətlərini nəzərə alaraq müdafiə mövqeyini formalaşdırmalıdır. Məhkəmə prosesində təhsil-tərbiyə müəssisələrinin və ictimai təşkilatların nümayəndələrinin iştirakının təmin olunması vəkilin yetkinlik yaşına çatmayanın şəxsiyyəti barədə obyektiv və hərtərəfli məlumatların məhkəməyə təqdim edilməsində fəal rol oynamasını zəruri edir.

Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında 24 may 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsində yetkinlik yaşına çatmayanlarla bağlı sahədə fəaliyyət göstərən bütün dövlət və qeyri-dövlət qurumlarının uşaqların hüquq və qanuni mənafelərini qorumaq öhdəliyi müəyyən edilir [11]. Bu müddəa kontekstində vəkillik institutu uşağın hüquqlarının pozulması riskinin mövcud olduğu hallarda onun peşəkar hüquqi müdafiəsini həyata keçirən əsas subyekt kimi çıxış edir. Bundan əlavə, Qanunun 9-cu maddəsində yetkinlik yaşına çatmayanların hüquqlarının təmin edilməsində onların maraqlarının üstün tutulması və hüquqlarının pozulmasının qarşısının alınması əsas prinsip kimi təsbit olunur [11]. Bu prinsipin praktiki icrası isə uşağın istintaq, inzibati və məhkəmə proseslərində vəkil vasitəsilə təmsil olunmasını zəruri edir. Vəkil uşağın yaş, psixoloji vəziyyət və sosial şəraitin nəzərə alınmasını təmin etməklə, formal prosedurların uşağa zərər vurmasının qarşısını alır.

IV. Nəticə

Aparılan təhlillər göstərir ki, yetkinlik yaşına çatmayan şəxslərin hüquqlarının müdafiəsi müasir hüquqi dövlət quruculuğunun və insan hüquqlarına əsaslanan hüquq siyasətinin ayrılmaz tərkib hissəsidir. Yetkinlik yaşına çatmayan şəxslər yaş, psixoloji inkişaf və sosial adaptasiya xüsusiyyətlərinə görə cəmiyyətin digər üzvləri ilə müqayisədə daha həssas qrup olduqlarından onların hüquqlarının qorunması həm milli, həm də beynəlxalq hüquq sistemlərində xüsusi hüquqi mexanizmlər vasitəsilə təmin edilir. Bu mexanizmlərin əsas məqsədi yetkinlik yaşına çatmayan şəxslərin hüquqpozmaya yönəlməsinin qarşısının alınması, hüquq sisteminə etimadının formalaşdırılması və onların cəmiyyətə sağlam şəkildə reinteqrasiyasının təmin olunmasıdır. Azərbaycan Respublikasının milli qanunvericiliyi yetkinlik yaşına çatmayan şəxslərin hüquqlarının müdafiəsi sahəsində kifayət qədər geniş və kompleks normativ bazaya malikdir. Konstitusion prinsiplərdən başlayaraq sahəvi qanunvericiliyə qədər bütün hüquqi aktlarda yetkinlik yaşına çatmayan şəxslərin maraqları üstün tutulur, onların hüquqlarının müdafiəsi dövlətin xüsusi vəzifəsi kimi müəyyən edilir. Cinayət və cinayət-prosessual qanunvericilikdə nəzərdə tutulan xüsusi təminatlar, azadlıqdan məhrum etmənin tətbiqinin son həddə mümkünlüyü, müdafiə hüququnun məcburiliyi və tərbiyəvi tədbirlərin üstün tutulması humanist hüquq siyasətinin bariz nümunəsi kimi çıxış edir.

Bununla yanaşı beynəlxalq hüquqi sənədlərin, xüsusilə BMT-nin Uşaq hüquqları haqqında Konvensiyasının, Pekin, Ər-Riyad, Tokio Qaydalarının müddəaları yetkinlik yaşına çatmayan şəxslərlə bağlı qlobal standartların formalaşmasına mühüm töhfə vermişdir. Bu sənədlərdə, əsas vurğu cəzayönümlü yanaşmadan imtina edərək, preventiv, sosial adaptasiyayönümlü mexanizmlərin tətbiqinə yönəldilmişdir. Beynəlxalq standartlar milli qanunvericiliklərin təkmilləşdirilməsi üçün əsas metodoloji baza rolunu oynayır və yetkinlik yaşına çatmayan şəxslərin hüquqlarının müdafiəsində vahid hüquqi yanaşmanın formalaşmasını təmin edir.

Bu kontekstdə qeyd edilən beynəlxalq sənədlər dövlətlərin hard law və soft law mexanizmlərindən kompleks şəkildə istifadə etməsini zəruri edir. Beynəlxalq səviyyədə hüquqi baxımdan məcburi qüvvəyə malik sərt hüquq (hard law) normaları dövlətlər üçün konkret öhdəliklər müəyyən etməklə milli qanunvericiliyə uyğunlaşdırılmanı tələb edir. Bununla yanaşı tövsiyə xarakterli, lakin yüksək normativ və metodoloji əhəmiyyət daşıyan yumşaq hüquq (soft law) normaları dövlətlərə yetkinlik yaşına çatmayan şəxslərlə bağlı ədalət mühakiməsində çevik, humanist və uşaqyönümlü yanaşmaların tətbiqi üçün istiqamət verir. Dövlətlərin bu iki mexanizmi paralel şəkildə tətbiq etməsi cəzayönümlü modeldən uzaqlaşaraq preventiv və sosial adaptasiyaya əsaslanan hüquqi mexanizmlərin formalaşmasına, habelə yetkinlik yaşına çatmayan şəxslərin hüquqlarının müdafiəsində vahid və beynəlxalq standartlarla uzlaşan hüquqi yanaşmanın təmin edilməsinə şərait yaradır.

Oxşar xəbərlər