"Beynəlxalq hüquqşünaslar gördülər ki, Azərbaycanın mövqeyi ədalətli və güclüdür"


  • 3 Sentyabr 2021 14:50

Xəbər verdiyimiz kimi, Britaniyadan olan dünyanın aparıcı beynəlxalq hüquqşünasları 44 günlük Qarabağ müharibəsi zamanı törədilən hərbi cinayətlər haqqında hesabat təqdim ediblər.

Londonda yaşayan həmyerlimiz BM Morrison Partners beynəlxalq hüquq firmasının rəhbəri, tanınmış azərbaycanlı beynəlxalq hüquqşünas Fərhad Mirzəyevin təşəbbüsü və Azərbaycan Vəkillər Kollegiyasının dəstəyi ilə görkəmli beynəlxalq cinayət hüququ üzrə vəkil 9 Bedford Row vəkillər palatasının nümayəndəsi Steven Kay QC-nin başçılıq etdiyi qrup həmin hesabatı hazırlayaraq dünya ictimaiyyətinin diqqətinə çatdırıb.

Sözügedən hesabatla bağlı e-huquq.az-a açıqlama verən Fərhad Mirzəyev layihənin necə ərsəyə gəldiyindən danışıb: "Bu mənim şəxsi təşəbbüsüm idi. Müharibə dövründə Londonda idim və təbii ki, hər bir azərbaycanlı kimi prosesləri böyük həyəcanla müşahidə edirdim, Azərbaycan kanallarına baxırdım. Artıq ikinci dəfə Gəncə vurulanda buna biganə qala bilmədim. Bu mənə çox təsir etdi. Gördüm ki, böyük dövlətlər, beynəlxalq təşkilatlar buna reaksiya vermir. Hesab etdim ki, buna dünyanın aparıcı mütəxəsisləri tərəfindən hüquqi rəy verilməlidir. Bilirsiniz ki, London beynəlxalq hüququn, məktəblərin araşdırma mərkəzlərinin, aparıcı mütəxəsislərin məkanıdır. Ona görə də bu sahədə peşəkar mütəxəsisləri tapdım, onlar da böyük məmnuniyyətlə razılıq verdilər.

Dünyada sayılan, hesablanan bir iki mütəxəssis varsa, onlardan biri Steven Kayındır. Çünki oxşar hərbi cinayətlərlə bağlı Yuqaslaviya işində, Kosovada və başqa işlərdə iştirak edib. Ona görə də o, çox dəyərli mütəxəsisdir. Vəkillər Kollegiyasının dəstəyi ilə Azərbaycana müharibə bitəndən beş gün sonra səfər etdik. Anar müəllim başda olmaqla, Vəkillər Kollegiyası bizə bu işdə çox dəstək verdi və bu səfər baş tutdu. Onlar gəlib öz gözləri ilə hər şeyi gördülər. Bir var ki, azərbaycanlılar, Ombudsman, Azərbaycanın qeyri-hökumət təşkilatları bu haqda yazsın, bir də var ki, xarici mütəxəssislər müstəqil olaraq hər hansı məcburiyyət olmadan gəlib görüb, yazsınlar. Biz onlara toxunmurduq, özləri gəlib şəkil də çəkirdilər. Hətta zərəçəkmişlərlə də görüşüb, qəbirlərə baxırdılar. Özləri gördülər ki, həqiqətən də Azərbaycanın mövqeyi ədalətli və güclüdür. Bundan irəli gələrək o hesabatı yazdılar".

Hüquqşünas hesabatın Ermənistanda böyük narahatlıqla qarşılandığını qeyd edib: "Təsir olmasaydı, ermənilər bu qədər həyəcanlanmazdı. İddia edirlər ki, guya Azərbaycan hökuməti və ya hansısa vasitələrlə biz bu hesabatın hazırlanmasını təşkil etmişik. Ancaq İngiltərədə hamı bilir ki, bu maliyyələşmə mənbəyi hamısı mənim şirkətimdən gəlir. Dövlət burada nə maliyyə, nə də texniki dəstək verib. Hesab edirəm ki, gələcəkdə Azərbaycan dövlət olaraq hansısa addımı atmaq istəsə, təbii ki, bu cür hesabatların rolu sübut bazası kimi çox vacibdir".

F.Mirzəyev bildirib ki, Ermənistandan törətdiyi cinayətlərə görə təzminat alınması məsələsi bir qədər qəlizdir: "Qəlizliyi ondan ibarətdir ki, mexanizmlər yoxdur. Bunun üçün BMT-nin Təhlükəsizlik Şurasının qərarları olmalıdır. Özünüz də bilirsiniz ki, Təhlükəsizlik Şurasında bir çox dövlətlər, Fransa, Rusiya, ABŞ və başqaları Ermənistanın tərəfini saxlayır. Ermənistanı bir dövlət kimi məsuliyyətə cəlb etmək çox çətindir. Amma Azərbaycan bununla bağlı başqa addımlar atmalıdır. Azərbaycan ərazisində müstəqil cinayət tribunalları yarada və ora xaricdən müstəqil ekspertləri cəlb edə bilər. O tribunallar qərar çıxartdığı halda bunu ən azından dünya ictimaiyyətinə təqdim etmək olar".

Xatırladaq ki, hesabatda Azərbaycanın ən böyük ikinci şəhəri Gəncə də daxil olmaqla, müxtəlif şəhərlərində dinc əhaliyə qarşı edilən hücumlara beynəlxalq hüquq nöqteyi nəzərindən qiymət verilir. Hesabat həmin dövrdə 100 -ə yaxın mülki şəxslərin həlakı ilə nəticələnmiş hücumlara hərbi cinayətlər və insanlıq əleyhinə cinayətlər kimi qiymət verir. 100 səhifəlik hesabat Azərbaycana və həmin hücuma məruz qalmış şəhər və yaşayış məntəqələrinə səfərlərin nəticəsi olaraq, və fakt, sübut və sənədlərin araşdırılmasına əsaslanır, və bununla bağlı beynəlxalq cinayət hüququ və beynəlxalq humanitar hüququn müvafiq aspektlərini əhatə edir. Hesabat həmçinin Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğalda olduğu zaman Füzuli rayonunda törədikləri əməllərə və hərəkətlərə də hüquqi qiymət verir, və onlara qəsdən törədilmiş hərbi cinayətlər kimi kvalifikasiyası verir.

Oxşar xəbərlər