"Vəkilin ləyaqəti bütün cəmiyyətin mülkiyyətidir" - İlhamə Həsənova


  • 24 Yanvar 2022 09:52

Gündəlik təcrübədə vəkil etikası normalarının qəbulu, təsdiqi və tətbiqi çox mürəkkəb bir prosesdir. Etik normalar o zaman təsirli olur ki, onlar özünü vəkillik peşəsinə həsr etmiş hər kəs üçün, hər bir vəkil üçün qanuna çevrilsin. Vəkil etikası ilə bağlı mübahisələr ta vəkilliyin yarandığı dövrlərə gedib çıxır.

Hər bir şəxsin ləyaqəti onun şəxsi mülkiyyətdir, vəkilin ləyaqəti bütün cəmiyyətin mülkiyyətidir.

Digər hüquq peşələrinin dayağı bütün dövlət aparatına və dövlətin dəstəyinə söykəndiyi halda, vəkilliyin əsas dayağı ictimai etimaddır. Dövlət öz islahatları ilə vəkilliyin müstəqil inkişafına şərait yaradır. Vəkillik peşəsinin cəmiyyət qarşısında yüksək nüfuzuna yalnız həm sözdə, həm də əməldə mənəvi qüsursuzluqla nail olmaq olar.

Bu, Azərbaycan reallığı və Azərbaycan mentaliteti şəraitində xüsusilə vacibdir, çünki bizim üçün vicdan, şəxsi ləyaqət və sədaqət həmişə hər şeydən üstündür. Vəkil üçün dürüstlük kifayət etmir. O, öz dürüstlüyünü vicdanlılığı ilə tamamlamalıdır.

Müdafiədə, məsləhətləşmələrdə, bütün işgüzar münasibətlərdə hər cür şərəfsiz vasitələrdən çəkinmək lazımdır. Vəkilliyin şərəfini qoruyan əsas prinsiplər vicdanlılıq, dürüstlük və mədəni davranışdır. Oxucu sual verə bilər ki, məgər eyni prinsiplər hər hansı dövlət məmuru, ictimai xadim, siyasətçi üçün məcburi deyil? Əlbəttə ki, bu prinsiplər digər peşə sahiblərinə də aiddir. Ancaq vəkillik peşəsi ilə əlaqədar olaraq, bu prinsiplər xüsusi məna və məzmun kəsb edir. Vəkil hər zaman güvənilən, etibar edilən bir şəxs statusunda çıxış edir. Bir vəkil olaraq etibarı həm qazanmalı, həm də qoruyub saxlamalısan və bunun üçün yalnız bir yol var – peşə borcunu vicdanla yerinə yetirmək.

Bununla yanaşı, vəkil etikasında diqqəti cəlb edən daha bir məqam var - bu, vəkilin peşə vəzifələri ilə bağlı əlaqədə olduğu münasibətlərin müxtəlifliyi və mürəkkəbliyi ilə bağlıdır. Bu münasibətlər heç də həmişə hüquqi nəzarətə tabe olmur, çox vaxt onların yeganə tənzimləyicisi əxlaq normaları olur.

İctimai münasibətlərin tənzimləyicisi kimi əxlaq həlledici olmasa da, mühüm əhəmiyyətə malikdir. Dövlətin məcburiyyəti ilə dəstəklənən hüquq çox vaxt insana tələb kimi qoyulan, onun həmişə bəyəndiyi və icra etdiyi normalar sistemi kimi çıxış edirsə, davranış qaydası kimi insanların özləri tərəfindən formalaşan əxlaq insanın mənəvi aləminə daha üzvi şəkildə daxil olur və buna görə də qanundan müəyyən üstünlüklərə malikdir.

İstər ədəbiyyatda, istərsə də qanunvericilikdə etika anlayışı çox vaxt əxlaqi normalar toplusu kimi təqdim olunur. Lakin qeyd etmək lazımdır ki, etik doktrina xeyir və şər, vicdan, ədalət, vəzifə və əxlaqi şüurun digər dəyərləri haqqında ümumi təsəvvürlərlə yanaşı, konkret davranış aktlarını tənzimləyən normativ hissəni də özündə ehtiva edir.

Məhkəmə icraatı prosessual hüquq normaları ilə müfəssəl şəkildə tənzimlənir, lakin bu o demək deyil ki, əxlaq bir növ sosial normalar və ictimai şüurun bir forması kimi məhkəmə icraatından kənarlaşdırılıb. Getdikcə həm hüquqşünas alimlər, həm nəzəriyyəçilər, həm də praktiklər məhkəmə prosesi iştirakçılarının fəaliyyətinin mənəvi məzmununu müəyyən edən əxlaqi ideallar, prinsiplər və normalar doktrinası kimi hakim etikasının məsələlərinə daha çox diqqət yetirir.

Qeyd etmək lazımdır ki, vəkil etikası vəkilin fəaliyyətində, müdafiənin maraqları naminə heç də həqiqətdən və obyektivlikdən kənara çıxmalara haqq qazandırmır. Vəkil etikası, müdafiənin marağına xidmət etsə belə, yalanları, hiylələri, ədaləti yanıltmağı pisləyir. Gənc mütəxəssislərin (istər vəkil, istər həkim, istər müəllim, istərsə də alim) əxlaqi tərbiyəsi onların müəyyən qədər xüsusi biliklərlə təchiz edilməsindən az əhəmiyyət kəsb etmir.

Vəkillər bəzən peşə fəaliyyətlərində ifrat vasitələrə əl atmağa məcbur olurlar. Vəkilin fəaliyyətində “ölçü” həmişə olmalıdır. “Mübarizə” üsullarında vicdan və ləyaqətlilik peşəkar mədəniyyətin zəruri xüsusiyyətlərindən biridir. Vəkil mübarizədə hər şeyin ölçüsünü gözləməlidir. Bu ölçü məhkəmənin müstəqilliyini, məhkəməyə hörməti, ədalət mühakiməsinin həyata keçirilməsinə qarışmamağı təmin edən qanunlardır. Yəni vəkil öz mübarizəsini bu qanunların sərhədi daxilində həyata keçirməlidir.

Davamı var...

İlhamə Həsənova

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Vəkillərin İntizam Komissiyasının sədr müavini

Oxşar xəbərlər