- 18:16
Yol sadəcə məsafəni qət etmək üçün çəkilmiş bir xətt deyil. Yol insanları, mədəniyyətləri və iqtisadiyyatları birləşdirən görünməz damar, tarixin dərin qatlarından gələn canlı bir irsdir. Min illər boyu yollar vasitəsilə ticarət aparılıb, sülh təşviq olunub, fərqli mədəniyyətlər bir-birinə toxunub. Yol insanlığın hərəkətə çevrilmiş düşüncəsi, daşınan mallarla birlikdə ötürülən ənənə, dəyər və kimlik daşıyıcısıdır.
Bu gün isə dəhlizlər, dəmir yolları, avtomobil magistralları, limanlar və logistika mərkəzləri həmin mirasın müasir dövrdəki təcəssümüdür. Yəni yollar dəyişsə də, onların mahiyyəti, birləşdirici funksiyası qalır.
Azərbaycan isə bu yolların kəsişməsində dayanan bir ölkə deyil, o, yolların qovuşduğu, mədəniyyətlərin və iqtisadi maraqların birləşdiyi strateji bir mərkəzdir. Qərblə Şərqin, Şimalla Cənubun arasında yerləşən bu torpaq təkcə coğrafi keçid nöqtəsi deyil, həm də siyasi, iqtisadi və mədəni körpüdür. Azərbaycan bu funksiyanı təkcə tarixdən gələn irslə deyil, həm də müasir infrastrukturla, strateji baxışla və davamlı inkişafla yerinə yetirir.
Bakı-Tbilisi-Qars dəmir yolu, Ələt Beynəlxalq Dəniz Ticarət Limanı, Orta Dəhliz və Şimal-Cənub marşrutları Azərbaycanın unikal coğrafi mövqeyi üzərində qurulan strateji layihələrdir.
Azərbaycanın əlverişli geosiyasi və coğrafi yerləşməsi ölkəyə sadəcə tranzit ölkə statusu qazandırmır, eyni zamanda regionda söz sahibi olmaq, iqtisadi və siyasi baxımdan təşəbbüskar mövqe tutmaq imkanı verir. Bu üstünlükdən maksimum səmərə ilə istifadə olunması isə əsas etibarilə ölkənin nəqliyyat infrastrukturunun daşıyıcı qüvvəsi - Azərbaycan Dəmir Yolları QSC-nin (ADY) üzərinə ciddi məsuliyyət qoyur.
Son illərdə ADY tərəfindən həyata keçirilən genişmiqyaslı infrastruktur yenilənmələri yalnız ölkədaxili daşımaların rahatlığını artırmadı, eyni zamanda Azərbaycanın beynəlxalq yük və sərnişin axınlarında etibarlı tərəfdaş və tranzit mərkəzinə çevrilməsini təmin etdi. Bakı-Tbilisi-Qars dəmir yolu Asiyadan Avropaya uzanan yeni tranzit koridorunun əsas hissəsinə çevrilməklə Azərbaycanın “dəhliz ölkəsi” statusunu rəsmiləşdirdi. Bu xətt təkcə qitələri birləşdirmədi, o, Azərbaycanı qlobal ticarətin ayrılmaz hissəsinə çevirdi.
Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) - Çin ilə Avropa arasında ən qısa və siyasi baxımdan ən sabit alternativ yol kimi ön plana çıxır. Bu dəhliz Çindən başlayaraq Qazaxıstan və Xəzər dənizi üzərindən Azərbaycana, buradan isə Gürcüstan və Türkiyə vasitəsilə Avropaya uzanır. Dəhlizin ən kritik hissəsi məhz Azərbaycan ərazisindən keçir.
Bu baxımdan ADY yalnız fiziki daşımaları həyata keçirmir, Ələt limanı ilə birlikdə multimodal logistikanın koordinasiya mərkəzinə çevrilir, yük axınının davamlılığını təmin edir. Orta Dəhliz artıq təkcə iqtisadi layihə deyil, geosiyasi çəkisi sürətlə artan, Çin və Avropa arasında strateji ticarət arteriyasıdır.
İkinci əsas marşrut isə Şimal-Cənub nəqliyyat dəhlizidir. Bu marşrut Hindistandan Rusiyaya, oradan isə Şimali Avropaya qədər uzanır. Azərbaycan bu dəhlizin mərkəzində yerləşməklə həm dəmir yolu bağlantıları, həm liman imkanları, həm də regional diplomatik təşəbbüslərlə mühüm rol oynayır. Bu xətt yalnız ticarət deyil, siyasi yaxınlaşmalar üçün də zəmindir. ADY-nin bu dəhlizdəki funksiyası, Azərbaycanın regional sülh və əməkdaşlıq təşəbbüslərinə verdiyi dəstəklə üst-üstə düşür. Lakin görülən uğurlu işlərlə yanaşı, qarşıda yeni hədəflər, yeni çağırışlar var.
İqtisadçı ekspert Natiq Cəfərli e-huquq.az-a açıqlamasında bildirib ki, Azərbaycan həm Şərq-Qərb, həm də Şimal-Cənub nəqliyyat dəhlizi layihələrinin mərkəzində yer almağa çalışır. Onun sözlərinə görə, bu istiqamətdə fəaliyyətə xeyli əvvəl başlanılıb: “Hələ dünyada Orta Dəhliz və digər alternativ marşrutların müzakirə olunmadığı dövrdə, 2000-ci illərin ortalarında Azərbaycan Bakı-Tbilisi-Qars dəmir yolunun inşasını təkbaşına maliyyələşdirməklə bu prosesə start verdi. Bununla da ölkəmiz tranzit ölkə statusuna doğru əhəmiyyətli addımlar atmış oldu. Daha sonra Bakı Limanı yenidən quruldu, Qazaxıstan və Gürcüstanla birgə layihələr həyata keçirildi, Aktau Limanı genişləndirildi. Əslində, tranzit daşımalarından əldə edilən gəlirlər çox yüksək olmasa da, əsas hədəf Azərbaycanın nəqliyyat dəhlizlərinin bölgədəki paylayıcı mərkəzinə çevrilməsidir. Bu məqsədə çatmaq üçün isə dəmir yollarının inkişaf etdirilməsi xüsusi önəm daşıyır. Son illərdə Azərbaycanın ərazisində minlərlə kilometr dəmir yolu xətləri yenidən qurulub, Zəngəzur dəhlizi istiqamətində yeni xətlər çəkilib, sürət qatarları istifadəyə verilib. Qarşıdakı dövrdə sərnişin daşımalarının həcminin artırılması nəzərdə tutulur. Bundan əlavə, yüklərin Azərbaycan üzərindən daha sürətli və sərfəli şəkildə Avropaya daşınması artıq bir neçə dəfə uğurla reallaşdırılıb”.
Ekspert qeyd edib ki, tranzit gəlirlərinin artırılması üçün dəmir yollarının inkişafı xüsusi əhəmiyyət kəsb edir. Bildirib ki, Azərbaycanın bu sahədə potensialı olduqca yüksəkdir: “Məsələn,“Alibaba”, “Amazon”, “Temu”, “Trendyol” kimi qlobal şirkətlərin regionda anbar və logistik mərkəzləri mövcuddur. Hansı ölkədə dəmir yolu infrastrukturu yetərincə inkişaf edibsə, bu şirkətlər həmin ölkə ilə əməkdaşlıqda maraqlı olurlar. Bu isə öz növbəsində həm böyük həcmdə gəlir, həm də yardımçı infrastrukturun inkişafı, yeni iş yerlərinin yaradılması, maliyyə resurslarının və xarici sərmayələrin ölkəyə cəlb edilməsi deməkdir. Hazırda Azərbaycan da məhz bu məqsədlərə nail olmaq istiqamətində ciddi səylər göstərir”.
İqtisadçı deyib ki, hazırda Azərbaycanın qarşısında duran əsas hədəf Zəngəzur dəhlizinin açılmasıdır. “Zəngəzur dəhlizi gec-tez açılacaq. Bu dəhliz nə qədər tez reallaşsa, Azərbaycan da bir o qədər tez Cənubi Qafqaz regionunda və daha geniş miqyasda aparıcı logistik mərkəzlərdən birinə çevrilə bilər. İkinci əsas məsələ Şimal-Cənub nəqliyyat dəhlizi ilə bağlıdır. Bu istiqamətdə də Azərbaycanın əhəmiyyətli potensialı mövcuddur. Lakin bölgədəki geosiyasi reallıqlar müəyyən çətinliklər yaradır. İran və Rusiya beynəlxalq sanksiyalar altındadır və qlobal iqtisadi sistemdən qismən təcrid olunmuş vəziyyətdədirlər. Bununla yanaşı, Azərbaycanın adıçəkilən ölkələrlə siyasi münasibətləri zaman-zaman dalğalanmalarla müşayiət olunur. Azərbaycanın müəyyənləşdirdiyi strategiya və layihələr gerçəkləşdikcə, region ölkələri də bu prosesdən faydalanacaq və iqtisadi baxımdan qazanc əldə edəcəklər”.
İqtisadçı Rəşad Həsənovun fikrincə, Azərbaycanın beynəlxalq tranzit dəhlizinə çevrilməsi istiqamətində əhəmiyyətli həcmdə sərmayələr yatırılıb: “Lakin hazırda görünən odur ki, ölkədə dəmir yolu infrastrukturunun vəziyyəti, xüsusilə yüklərin daşınma sürəti və yeni nəsil qatarların istifadəsi ilə bağlı müəyyən problemlər mövcuddur. Doğrudur, bəzi istiqamətlər üzrə, o cümlədən dəmir yolu infrastrukturunun şaxələndirilməsi sahəsində müəyyən işlər görülüb. Lakin beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı yalnız infrastrukturun genişləndirilməsi ilə məhdudlaşmır, bu, eyni zamanda texnoloji standartların uyğunlaşdırılmasını, dəmir yolu daşımalarında regional inteqrasiyanın dərinləşdirilməsini də tələb edir. Məsələn, Azərbaycandan, xüsusilə Orta Dəhliz vasitəsilə daşınan yüklər Türkiyəyə çatdıqda, iki ölkə arasında dəmir yolu standartlarının fərqliliyi səbəbindən Ceyhan limanına effektiv şəkildə yönləndirilə bilmir. Bu yüklər boşaldılaraq fərqli vasitələrlə daşınmağa məcbur qalır. Digər tərəfdən, İranla dəmir yolu inteqrasiyası məsələsində də hələlik bəzi çatışmazlıqlar mövcuddur. Bu inteqrasiyanın tam təmin edilməsi üçün zəruri olan infrastrukturun inşası mühüm məsələdir. Ən mühüm şərtlərdən biri isə qoyulan sərmayələrin səmərəliliyi və bu proseslərin şəffaflığının təmin olunmasıdır. Hesab edirəm ki, bu sahədə dövlət səviyyəsində nəzarət və diqqət daha da artırılmalıdır”.
R.Həsənov qeyd edib ki, tranzit gəlirləri ölkəyə valyuta axınının təmin olunması, xidmət ixracının genişləndirilməsi və tədiyyə balansında tarazlığın qorunması baxımından mühüm əhəmiyyət daşıyır: “Son 30 ildə biz beynəlxalq tranzit daşımaları prioritet sahələrdən biri kimi ön plana çıxarmışıq. Lakin təəssüf ki, bu istiqamətdən əldə edilən gəlirlər nə ölkənin ümumdaxili məhsulunda, nə də tədiyyə balansının strukturunda ciddi şəkildə hiss olunur. Hazırda tranzit gəlirlərimizin həcmi 600-700 milyon ABŞ dollarından yuxarı deyil. Halbuki nəzərə almaq lazımdır ki, Azərbaycan üzərindən daşımalar, xüsusilə Orta Dəhliz vasitəsilə həyata keçirilən marşrutlar digər alternativlərlə müqayisədə daha qısa zaman sərfiyyatı ilə fərqlənir. Buna baxmayaraq, biz hələ də Çindən Avropaya uzanan xətt üzrə böyük həcmli yüklərin tranzitini müşahidə etmirik. Doğrudur, bu göstəricilər ildən-ilə artmaqdadır, lakin hələlik yüksək həcmli gəlirlərdən danışmaq mümkün deyil”.
Ekspert eyni zamanda qarşıdakı hədəflər barədə də danışıb. Deyib ki, regionda həllini gözləyən bir sıra problemlər var: “İlk növbədə vəziyyətə diaqnostik yanaşma aparılmalı, bütün zəif halqalar müəyyən olunaraq aradan qaldırılmalıdır. Təbii ki, bu proses region ölkələri ilə əməkdaşlıq çərçivəsində həyata keçirilməlidir. Çünki nəqliyyat dəhlizlərinin effektiv fəaliyyəti üçün yalnız bir ölkənin səyləri yetərli deyil, bütün iştirakçı dövlətlərdə zəncirin müvafiq halqaları bir-birini tamamlamalıdır. Bu sahədə standartlar vahid şəkildə müəyyən edilməli, baxış və siyasətlər mümkün qədər eyniləşdirilməlidir. Yalnız bu halda uğurlu və davamlı nəticə əldə oluna bilər”.
Enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev regionda mövcud geosiyasi vəziyyətin nəqliyyat və enerji logistikası sahəsinə təsirlərindən bəhs edib və Orta Dəhlizin strateji əhəmiyyətini daha da artırıb: “Orta Dəhliz ciddi enerji komponentinə də malikdir və bu komponentin yaxın gələcəkdə əhəmiyyətli dərəcədə genişlənəcəyi gözlənilir. Son üç ilin statistik göstəriciləri də bunu təsdiqləyir ki, Azərbaycanın ən yüksək ticarət dövriyyəsi artımı məhz Mərkəzi Asiya ölkələri ilə qeydə alınıb. Bu baxımdan Azərbaycan yalnız regional enerji istehsalçısı kimi deyil, həm də enerji və qeyri-enerji məhsullarının tranzitində artan əhəmiyyətə malik logistik qovşaq kimi formalaşır. Qeyd edilməlidir ki, Xəzər dənizində Azərbaycanın təqribən 157 QVt-lıq külək enerjisi potensialı mövcuddur. Bu enerji gələcəkdə Avropa İttifaqına yüksək gərginlikli xətlər vasitəsilə elektrik enerjisi, yaşıl hidrogen və ammonyak formasında ötürülə bilər. Təbii ki, yaşıl hidrogenin istehsalı və nəqli ilə bağlı texniki və logistik məsələlər öz həllini tapdıqdan sonra onun beynəlxalq bazarlara çatdırılması da mümkün olacaq. Bu prosesdə dəmir yollarının rolu isə xüsusi strateji əhəmiyyət kəsb edir”.
Yekun olaraq əminliklə söyləmək olar ki, ADY sadəcə relslər üzərində hərəkət edən qatarlar sistemi deyil. Bu, Azərbaycanın dünyaya açılan ritmidir, diplomatiyanın relslər üzərində yazılmış formasıdır. Bu sahədə məsuliyyətli və strateji yanaşma nümayiş etdirmək həm bu günkü nailiyyətlərin qorunması, həm də sabahın iqtisadi və geosiyasi uğurlarının təmin edilməsinin əsas şərtidir.
Şəbnəm Mehdizadə,
Yazı “Azərbaycan Dəmir Yolları” QSC və Mətbuat Şurasının “Azərbaycan Dəmir Yolları – 145 illik inkişaf yolu” mövzusundakı birgə müsabiqəsinə təqdim olunur