Misirdə mumiyanın mədəsində ilk ədəbi mətn tapıldı


  • 09:55

Qədim Misirin Oksirinx şəhərində (müasir El-Behnesa) aparılan qazıntılar zamanı Homerin "İliada" epik poemasının bir parçası mədəsinə yapışdırılmış 1600 illik bir mumiya aşkar edilib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Barselona Universitetinin mütəxəssisləri mumiyalaşdırma prosesində dini ritual mətnlər əvəzinə ədəbi mətnin istifadə edildiyi ilk dəfə olduğunu və dünyada bir ilk olduğunu açıqlayıblar.

Qahirənin təxminən 200 kilometr cənubunda yerləşən Roma dövrünə aid mumiyada tapılan papirusun İliadanın ikinci kitabının "Gəmi Kataloqu" bölməsindən parçalar ehtiva etdiyi müəyyən edilib.

Papirus son dərəcə kövrək olduğundan onun tam məzmunu yüksək texnologiyalı rentgen metodları ilə araşdırılacaq.

Klassik filoloq İqnasi-Xavyer Adieqo ədəbi mətnin bu məqsədlə istifadəsinin səbəbini hələlik dəqiqliklə izah edə bilmədiklərini bildirib. Əvvəllər mumiyalarda aşkar edilmiş ritual mətnlərin qoruyucu funksiyaya malik olduğu düşünülürdü. Tədqiqatçılar isə indi epik poemanın eyni funksiyanı yerinə yetirib-yetirmədiyini və ya mumiyanın "şəxsi imzası" olub-olmadığını araşdırırlar.

Misir Turizm və Tarixi Əsərlər Nazirliyi qazıntı sahəsində daha üç əhəngdaşı məzarının kəşf edildiyini açıqlayıb. Bu məzarlarda dillərində qızıl yarpaq olan üç mumiya və dilində mis olan başqa bir mumiya olub.

Barselona Universitetindən bir qrup uzun illərdir ki, qədim Oksirhinxus şəhərində qazıntılar aparır. Əvvəllər ərazidəki mumiyalarda mumiyalanma prosesi ilə əlaqəli dini düsturlar olan paketlər tapılmışdı, lakin heç bir ədəbi əsərə rast gəlinməmişdi.

Tədqiqat hələ ilkin mərhələdə olsa da, arxeoloqlar məzarlarda diqqətəlayiq kəşflər tapmağa davam edirlər.

Otaqlardan birində yetkin bir insanın kremasiya edilmiş qalıqları, körpə sümükləri və pişik başı olan böyük bir qab tapılıb. İkinci otaqda da oxşar şəkildə iki fərdin kremasiya edilmiş qalıqları aşkar edilib.

Papirusa zərər verməmək üçün rentgen kimi dağıdıcı olmayan metodlardan istifadə etməklə aparılan tədqiqatlar mətnin niyə seçildiyinə aydınlıq gətirəcək.

Mütəxəssislər bu kəşfin qədim Misirdə dəfn mərasimləri və o dövrdə yunan ədəbiyyatının cəmiyyətdəki yeri haqqında anlayışımızı kökündən dəyişdirə biləcəyini proqnozlaşdırırlar.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər