Nyu-Yorkda qızılca ilə bağlı fövqəladə vəziyyət elan edilib


  • 14:44

ABŞ-nin Nyu-York ştatında qızılca hallarının artması ilə əlaqədar fövqəladə vəziyyət elan edilib.

E-huquq,az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Qubernator Keti Hoçul sərəncam imzalayıb.

Belə ki, oktyabrın 3-nə qədər ştatda 108 qızılca halı təsdiqlənib. Onlardan 92-si iyulun 15-dən sonra peyvəndlənmə səviyyəsinin aşağı olduğu 18 kənd bölgəsində qeydə alınıb. Yoluxmaların 7-si Nyu-York şəhərində, 101-i isə ştatın digər ərazilərində aşkarlanıb.

Fövqəladə vəziyyət rejimi çərçivəsində qeydiyyatdan keçmiş tibb bacılarına qızılca şübhəsi olan şəxslər üçün analiz təyin etmək, əczaçılara isə iki yaşdan yuxarı uşaqlara MMR peyvəndi vurmaq səlahiyyəti verilib. Qərar noyabrın 4-dək qüvvədə olacaq.

ABŞ-də son illərdə xəstəlik yenidən yayılmağa başlayıb. CDC-nin məlumatına görə, bu il ölkə üzrə təxminən 3900 qızılca halı qeydə alınıb ki, bu da 1991-ci ildən bəri ən yüksək göstəricilərdən biridir.

Nyu-Yorkun qonşuluğundakı Pensilvaniyada isə oktyabrın 2-nə qədər 1000-dən çox yoluxma və 5 ölüm qeydə alınıb. Rəsmilər bunu ştatda son 30 ildən çox müddətdə ən böyük qızılca epidemiyası kimi qiymətləndirirlər.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər