Xərçəng xəstəliyinə tutulan gənclərin sayı artıb


  • 14:46

ABŞ, İngiltərə və Niderlandda 50 yaşdan aşağı insanlar arasında xərçəng xəstəliyinə tutulanların sayı artıb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Ümumdünya Xərçəng Araşdırmaları Fondu tərəfindən aparılan araşdırmaya görə, Böyük Britaniyada 2001-2023-cü illərdə gənclər arasında prostat xərçəngi halları təxminən 4 dəfə artıb. Bağırsaq, böyrək və uşaqlıq xərçəngi hallarının sayında isə iki dəfədən çox artım qeydə alınıb.

ABŞ-də eyni yaş qrupunda böyrək xərçəngi halları iki dəfədən çox artıb, bağırsaq, uşaqlıq və mədəaltı vəzi xərçəngi hallarının sayı isə 50 faizdən çox yüksəlib. Niderlandda da bağırsaq, böyrək, qaraciyər və uşaqlıq boynu xərçəngi hallarının artdığı müəyyən edilib.

Mütəxəssislər artımın mümkün səbəbləri arasında piylənmə, qeyri-sağlam qidalanma, fiziki aktivliyin azlığı, spirtli içki və tütün istifadəsi, eləcə də ətraf mühit amillərini göstərirlər. Erkən diaqnostikanın və xəstəlik barədə məlumatlılığın artmasının da statistikaya təsir etdiyi bildirilir.

Bununla yanaşı, hər üç ölkədə 50 yaşdan aşağı şəxslər arasında ağciyər xərçəngi hallarının azalması siqaret istifadəsinin azalması ilə əlaqələndirilir.

Tədqiqatçılar gənclər arasında xərçəng hallarının artmasının səbəblərini müəyyənləşdirmək üçün əlavə araşdırmalara ehtiyac olduğunu bildirirlər.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər