ABŞ-nin 8 ştatı "OpenAI" şirkətini məhkəməyə verdi


  • 10:27

ABŞ-nin 8 ştatı “ChatGPT” çatbotunun uşaqlara zərər vurduğu və valideynləri yanıltdığı iddiası ilə “OpenAI” şirkətinə qarşı məhkəmə iddiası qaldırıb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, iddialar Ayova, Kanzas, Nebraska, Qərbi Virciniya, Arkanzas, Arizona, Aydaho və Montana ştatlarında irəli sürülüb. Ştat rəsmiləri şirkəti uşaqların təhlükəsizliyini lazımi səviyyədə təmin etməməkdə və istehlakçıların hüquqlarını qoruyan qanunları pozmaqda ittiham edirlər.

Ayova ştatının baş prokuroru Brenna Bird bildirib ki, şirkət süni intellekt texnologiyasını sürətlə inkişaf etdirməyə üstünlük verərək uşaqların təhlükəsizliyini riskə atıb. O, “ChatGPT”nin istifadəçiləri intihara yönləndirə, başqalarına zərər verməyə kömək edə və təhlükəli tibbi məsləhətlər verə biləcəyini iddia edib.

Kanzas ştatının baş prokuroru Kris Kobaxın sözlərinə görə, iddialarda çatbotun həddindən artıq uyğunlaşan üslubunun istifadəçilərdə ona güclü etibar və asılılıq yaratdığı vurğulanır. Ştatlar həmçinin “ChatGPT”nin tənqidi düşünmə qabiliyyətini zəiflədə, paranoya və sayıqlamaları təşviq edə biləcəyini irəli sürürlər.

“OpenAI” şirkətinin sözçüsü Dryu Pusateri isə məhsullarda yaşa uyğun təhlükəsizlik mexanizmlərinin tətbiq olunduğunu bildirib. Onun sözlərinə görə, şirkət valideyn nəzarəti, fasilə xatırlatmaları və yeniyetmələr üçün əlavə qoruma tədbirlərini təkmilləşdirməyə davam edir.

Qeyd edək ki, ötən ay “OpenAI” 13-18 yaşlı istifadəçilər üçün daha güclü təhlükəsizlik tədbirləri və valideyn nəzarəti imkanları təqdim edən məhdudlaşdırılmış “ChatGPT” rejimini istifadəyə verib.

Yeni iddialar texnologiya şirkətlərinin uşaqların təhlükəsizliyi və şəxsi məlumatlarının qorunması ilə bağlı üzləşdiyi hüquqi təzyiqlərin artdığı bir vaxta təsadüf edir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər