- 10:52
Fransanın paytaxtı Parisdə yerləşən Luvr muzeyinin direktoru Kristof Leribo bildirib ki, muzey əsaslı şəkildə təmir və modernizasiya edilməsə, gələcəkdə qapılarını ziyarətçilərin üzünə bağlamaq məcburiyyətində qala bilər.
E-huquq.az xəbər verir ki, “Le Figaro” qəzetinə müsahibə verən direktor binanın təhlükəsizliyinin təmin edilməsi üçün təcili təmir işlərinin aparıldığını, yeni müşahidə kameralarının quraşdırıldığını və mühafizə tədbirlərinin gücləndirildiyini bildirib.
Onun sözlərinə görə, muzeyin infrastrukturu və texniki avadanlıqları köhnəlib. Eskalatorlar, işıqlandırma sistemi, tavan və kondisionerlərdə təmir işlərinə başlanılıb. İqlim dəyişiklikləri və kibertəhlükəsizlik riskləri də muzey üçün ciddi problemlər yaradır.
Leribo muzeyin həddindən artıq sıx olduğunu da vurğulayıb. Onun sözlərinə görə, hazırda ildə 9 milyon ziyarətçinin əsas giriş olan şüşə piramidadan keçməsini təmin etmək mümkün deyil. Yay aylarında isə anomal istilər səbəbindən ziyarətçilərin sayı 8 faiz azalıb.
Direktor “Luvrun yeni intibahı” adlandırılan genişmiqyaslı yenilənmə planının həyata keçirilməsinin vacibliyini qeyd edib. Onun sözlərinə görə, bu proses 15 ilədək davam edə bilər. Təmir işlərinin başlanması üçün 2027-ci il prezident seçkilərindən sonra formalaşacaq Fransa hökumətinin müvafiq qərar verməsi vacibdir.
Leribo xəbərdarlıq edib ki, muzey təmir edilməz və müasir tələblərə uyğunlaşdırılmazsa, nüfuzunu sürətlə itirə və nəticədə ictimaiyyət üçün bağlana bilər.
Xatırladaq ki, 2025-ci il oktyabrın 19-da Luvr muzeyində baş verən və cəmi 7 dəqiqə davam edən oğurluq zamanı tarixi dəyərə malik səkkiz zinət əşyası talan edilib. Hadisə ilə bağlı şübhəlilər saxlanılsa da, oğurlanan əşyalar hələ də tapılmayıb.
Şəbnəm Mehdizadə