- 16:12
Ermənistan və Azərbaycan arasında sülh prosesi mərhələli şəkildə irəliləyir və bu, Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradır.
E-huquq.az AZƏRTACA-a istinadən xəbər verir ki, bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun üzvləri ilə Qarabağ Universitetində keçirilən görüşdə deyib.
Hikmət Hacıyev bildirib ki, tərəflər arasında iqtisadi-ticarət əlaqələri, sərhədlərin delimitasiya və demarkasiyası, eləcə də nəqliyyat-kommunikasiya xətlərinin açılması kimi istiqamətlər üzrə müzakirələr davam edir.
Prezidentin köməkçisi qeyd edib ki, artıq praktiki addımlar müşahidə olunur. O cümlədən tranzit imkanlarının genişlənməsi və bəzi malların daşınması ilə bağlı yeni mexanizmlərin formalaşması bu prosesin tərkib hissəsidir.
O vurğulayıb ki, sülh prosesi çətin və məsuliyyətli mərhələdir, tərəflərin siyasi iradəsi regionda uzunmüddətli sabitlik üçün əsas baza yaradır.