Məcburi icra tədbiri kimi borcluya qarşı hansı addımlar atıla bilər?


  • 30 Mart 2021 12:26

Bəzi hallarda borclunun icra məmurunun qanuni tələblərinin yerinə yetirməməsi, məhkəmə və digər orqanların qərarlarının icrası haqqında qanunvericiliyin pozması hallarına rast gəlinir. Bəs məcburi icra tədbiri kimi borcluya qarşı hansı addım atılır?

E-huquq.az xəbər verir ki, İcra haqqında Qanuna əsasən, icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrasına maneçilik törətmə halları istisna olmaqla).

Eyni zamanda icra qurumunun və ya icra xidmətinin rəhbəri tərəfindən icra məmurunun qanuni tələblərini yerinə yetirməyən vəzifəli şəxsin qanunsuz hərəkətlərinə şərait yaradan halların aradan qaldırılması üçün tədbirlərin görülməsi barədə yuxarı və ya aidiyyəti təşkilatlara təqdimat göndərilə bilər. Vəzifəli şəxsin qanunsuz hərəkətlərinə şərait yaradan halların aradan qaldırılması barədə təqdimata baxılmasının nəticələri haqqında 1 ay müddətində məlumat verilməlidir.

İcra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur.

İcra haqqında Qanunun sözügedən maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur.

Tərəflər həmin qərarın surətini aldıqdan sonra 10 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər.

İcra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməyən və ya onların yerinə yetirilməsinə mane olan və yaxud başqa şəkildə məhkəmə və digər orqanların qərarlarının icrası haqqında qanunvericiliyi pozan təqsirkar şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada cinayət məsuliyyətinə cəlb edilməsi barədə icra məmuru müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana (bu Qanunun 84-2.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla), icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verir.

Oxşar xəbərlər