- 27 Noyabr 16:01
Müddət anlayışı mülki hüquqda mühüm əhəmiyyətə malikdir. Belə ki, mülki hüquq münasibətləri vaxta görə mövcud olur. Mülki hüquqların mövcudluğu, habelə pozulmuş hüquqların müdafiəsi vaxt (zaman) kateqoriyası ilə məhdudlaşır.
Azərbaycan Respubliaksı Mülki Məcəlləsinin 18-ci fəsli iddia müddəti ilə bağlı müddəaları əks etdirir.
İddia müddəti dedikdə, məhkəməyə iddia vermək yolu ilə pozulmuş hüququn müdafiəsi üçün qanunla müəyyənləşdirilən müddət başa düşülür.
İddia müddətinin əsas və başlıca mahiyyəti – hüququ pozulmuş səlahiyyətli şəxsə öz hüququnu məhkəmə qaydasında müdafiə etmək üçün vaxt müddəti verməkdən ibarətdir.
İddia müddəti ümumi və xüsusi iddia müddətlərindən ibarətdir.
Ümumi iddia müddəti 10 il olmaqla, barəsində xüsusi iddia müddəti tətbiq edilməyən və ümumiyyətlə, iddia müddəti tətbiq edilməyən hüquq münasibətləri istisna olmaqla, bütün hüquq münasibətlərinə tətbiq edilir. Məsələn, mülkiyyətçinin özgə şəxsin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etməsi zamanı ümumi iddia müddəti tətbiq edilir.
Müqavilə tələbləri üzrə iddia müddəti 3 il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə 6 ildir.
Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti 3 ildir.
Bundan əlavə, tələblərin ayrı-ayrı növləri üçün Mülki Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər.
Xüsusi iddia müddəti qanunda xüsusi olaraq göstərilən, ayrı-ayrı hüquq münasibətlərinə və ya müxtəlif hüquq münasibətlərindən irəli gələn müəyyən növ tələblərə tətbiq edilir.
İddia müddətinin axımı nə vaxtdan başlanır?
Ən vacib məsələlərdən biri iddia müddətinin axımının hansı andan başlanmasıdır. Qeyd edək ki, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu andan başlanır.
Kredit öhdəliyi kimi icra müddəti əvvəlcədən müəyyən edilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.
İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun (tələbkarın) öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır.
Onu da qeyd edək ki, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir.
İddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir.
Bundan başqa iddia müddətinin axımının dayandığı hallar vardır ki, mülki qanunvericilik bu halların dairəsini konkret olaraq müəyyən etmişdir.
İddia müddətinin ötürülməsi hansı nəticələrə səbəb olur?
Şəxsin hüququnun müdafiəsi haqqında tələbi iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir.
Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir.
Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
İddia müddətinin keçməsi cavabdehin xeyrinə olduğu üçün həmin müddətin tətbiq edilməsi barədə ərizəni adətən o verir. Lakin öhdəliklərin qarşılıqlı icrası hallarında iddia müddətinin tətbiq edilməsi barədə ərizə qarşılıqlı surətdə iddiaçı tərəfindən də verilə bilər.
Tərəflər iddia müddətinin tətbiqi barədə ərizə verdikləri hallarda müstəqil iddia irəli sürən üçüncü şəxslər də bu barədə ərizə verə bilərlər.
İddia müddətinin bərpası mümkündürmü?
Şəxs qanunvericiliklə müəyyən edilmiş iddia müddətini ötürdükdə, həmin müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edə bilər.
İddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fiziki şəxsin pozulmuş hüququ müdafiə edilməlidir. İddia müddətinin ötürülməsi səbəbləri iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində baş verdikdə üzrlü sayıla bilər.
İddia müddəti tətbiq edilməyən tələblər hansılardır?
Mülki qanunvericiliyə əsasən:
Qeyd edək ki, pozulmuş hüququn müdafiəsi ilə bağlı vaxtında məhkəməyə müraciət edilməsi həmin pozuntunun aradan qaldırılmasında mühüm rol oynayır. Buna görə də, hüquqlarımızı yaxşı bilməli və onun müdafiəsi üçün vaxtında tədbir görməliyik.
Nuranə Carçalova
“Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili