İştirakçılıqla qəsdən adam öldürməyə görə məsuliyyət


  • 19 Mart 2023 19:29

Bibliyada qeyd olunurdu ki: öldürmə, oğurluq etmə, xəyanət etmə! Belə ki, adam öldürmə cinayətləri ən qədim zamanlardan cəmiyyətdə ən geniş yayılmış cinayətlərdən olmuşdur. Bu baxımdan da tarixi kifayət qədər qədim olan məcəllələrdə də biz adam öldürmə cinayətinin təsbit olunduğunu müşahidə edirik.

Hazırda qəsdən adam öldürmə cinayət əməli kimi Cinayət Məcəlləmizin 120-ci maddəsində ayrıca bir tərkib kimi təsbit olunmuşdur. 120-ci maddədə qəsdən adam öldürməyə digər şəxsi qəsdən həyatdan məhrum etmə kimi xüsusi anlayış verilmişdir.Cinayət Məcəlləsinin 120.1. maddəsi heç bir ağırlaşdırıcı hal olmadan qəsdən adam öldürməni,120.2. maddəsi isə ağırlaşdırıcı hallar olmaqla qəsdən adam öldürməni nəzərdə tutur.Qeyd etmək lazımdır ki,1960-cı il Məcəlləsindən fərqli olaraq sadə formada və ağırlaşdırıcı hallar olmaqla qəsdən adam öldürmə eyni maddədə nəzərdə tutulmuşdur.Ağırlaşdırıcı hallardan biri də 120.2.1. maddədə nəzərdə tutulan bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmədir.

Bir qrup şəxs tərəfindən törədilən cinayətlər əksər hallarda sadə iştirakçılıqla törədilir və sadə iştirakçılıqla törədilən cinayətlər içərisində zorlama, qəsdən adam öldürmə cinayətləri daha çox rast gəlinəndir. Adam öldürmə cinayəti o zaman bir qrup şəxs tərəfindən törədilmiş hesab olunur ki, insanın həyatdan məhrum edilməsi qabaqcadan razılaşmadan iki və ya daha çox icraçının birgə iştirakı ilə həyata keçirilmiş olsun. Bu zaman mütləq deyildir ki, iştirakçılardan hər biri zərərçəkmişə onun ölümünə səbəb olan xəsarət yetirmiş olsun. Nəzərə almaq lazımdır ki, zərərçəkmişin həyatdan məhrum edilməsi prosesində bilavasitə iştirak edənlər, onun müqavimətini qırmaqla, özünü müdafiə etmə imkanını aradan qaldırmaqla, yaxud məhdudlaşdırmaqla zərərçəkmişin həyatdan məhrum edilməsinə kömək etdiklərini dərk etmiş və bunu arzu etmiş, yaxud da belə nəticəni arzu etməsə də ona şüurlu surətdə yol vermiş şəxslər də cinayətin icraçıları sayılırlar.

Bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə cinayəti törədildikdə iştirakçılar tərkibin obyektiv cəhətini 3 formada icra edirlər:

a)hər biri tam formada

b)hər biri qismən

c)bəzisi qismən,bəzisi tam formada.

Bir şəxs tərəfindən həyata keçirilən qəsdən adam öldürmə prosesinin gedişində başqa şəxsin (şəxslərin) təqsirkara qoşulub zərərçəkmişi öldürmək məqsədilə ona kömək etməsi hallarında da bir qrup şəxs tərəfindən adam öldürmə cinayətinin törədilməsi mövcud olur. SSRİ Ali Məhkəməsinin “Qəsdən adam öldürmə barəsində işlər üzrə məhkəmə təcrübəsi haqqında” Plenumunun qərarına görə şəxs qəsdən adam öldürmə tərkibinin obyektiv cəhətini bilavasitə icra etməsə də,onun hərəkətləri zərərçəkmişin həyatdan məhrum edilməsinə yönəldilmişdirsə,iştirakçılığın icraçısı qismində qəbul olunur. Birgə icraçılıqla qəsdən adam öldürmə cinayəti törədildikdə əməl CM-nin 120.2.1. maddəsi ilə 32-ci maddəyə istinad etmədən tövsif edilməlidir. Nəzərə almaq lazımdır ki, Xüsusi hissənin tərkibləri təməl olaraq icraçı üçün nəzərdə tutulur.

Qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayətlərdə qabaqcadan əlbir olan cinayətin icraçısı (icraçıları) ilə birlikdə digər iştirakçılar cinayətin təşkilatçıları, təhrikçiləri və köməkçiləri qismində çıxış edə bilərlər. Belə şəxslərin əməlləri cinayətin törədilməsində onların eyni vaxtda birgə icraçı kimi iştirak etdiyi hallar istisna olmaqla CM-nin 32-ci maddəsinə istinad edilməklə 120.2.1-ci maddəsi ilə tövsif edilməlidir.

Bir və ya bir neçə cinayətin törədilməsi üçün qabaqcadan birləşmiş iki və ya daha çox şəxsdən ibarət olan sabit cinayətkar qrup tərəfindən törədilən cinayət mütəşəkkil dəstə tərəfindən törədilmiş cinayət hesab olunur. Belə qruplar bir qayda olaraq cinayəti diqqətlə planlaşdırdıqlarına, əvvəlcədən cinayətin alətlərini hazırladıqlarına, qrup iştirakçıları arasında rol bölgüsü apardıqlarına görə iştirakçıların hamısı cinayət hadisəsindəki rollarından asılı olmayaraq cinayətin icraçıları hesab olunurlar və onların əməlləri tövsif edilərkən CM-nin 32-ci maddəsinə istinad etməyə ehtiyac yoxdur.

Ağır və ya xüsusilə ağır cinayətlərin törədilməsi məqsədilə yaradılmış sabit mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) qəsdən adam öldürmə cinayəti törətdikdə bu cinayətin iştirakçılarının əməlləri CM-nin 120.2.1-ci maddəsi ilə yanaşı 218-ci maddəsi ilə də tövsif edilməlidir.

Leyla İbrahimli

"Yusif Allahverdiyev və partnyorları" Vəkil Bürosunun təcrübəçisi

Dövlət İdarəçilik Akademiyasının Hüquq fakültəsinin 2-ci kurs tələbəsi

Oxşar xəbərlər