"Nikah və boşanma ilə bağlı qaydaların dəyişməsindən sonra vətəndaşlar daha rahat formada müraciət edə biləcək" - MÜSAHİBƏ


  • 6 Fevral 15:16

“Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 2 may tarixli 864-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Nazirlər Kabinetinin 30 yanvar 2024-cü il tarixli yeni qərarında təsbit olunmuş dəyişiklikləri “Hüquq və İnsan Haqları İnstitutu” publik hüquqi şəxsinin Hüquqi tədqiqat şöbəsinin hüquq tədqiqatçısı Leyla Kərimova e-huquq.az-a müsahibəsində şərh edib.

Həmin müsahibəni təqdim edirik:

- Leyla xanım, nikah və boşanma ilə bağlı qaydalara edilmiş son dəyişikliklərə əsasən, nikaha daxil olmaq istəyən tərəflər bunu harda və necə həyata keçirməlidirlər?

- Nazirlər Kabinetinin “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın təsdiq edilməsi haqqında” Qanuna olunmuş dəyişikliklər gözlənilən idi. “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 3.2-ci maddəsinə əsasən, əvvəllər, nikaha daxil olmağı arzu edənlər qeydiyyat şöbəsi, konsulluq idarəsi və ya icra hakimiyyətinin nümayəndəliyinə həm tibbi arayış, həm də yazılı ərizə ilə müraciət edirdilər. 30 yanvar 2024-cü il tarixli dəyişikliyə əsasən isə nikahla bağlı müraciətlər üçün qeydiyyat şöbəsinə, konsulluq idarəsinə və icra hakimiyyətinin nümayəndəliyinə yalnız nikaha daxil olmaq barədə yazılı ərizə vermək kifayət edir. Düşünürəm ki, bu dəyişiklikdən sonra vətəndaşlar daha sadələşdirilmiş və rahat formada müraciət edə biləcəklər.

- Nikahın rəsmiləşdirilməsilə bağlı müraciət edən vətəndaşlar tibbi arayışı əldə etmək üçün hara müraciət etməlidirlər?

- Bildirim ki, qanunvericiliyə əsasən, tərəflər öncə nikaha daxil olmaq barədə ərizə ilə müvafiq quruma müraciət etməlidirlər. Əvvəllər nikaha daxil olmaq üçün müraciət edərkən, ərizəyə qoşma kimi tibbi arayış da əlavə olunurdusa, indi bu sistem elektronlaşıb. Tibbi müayinədən keçməyi təsdiq edən arayış qeydiyyat şöbəsinin, konsulluq idarəsinin və icra hakimiyyəti nümayəndəliyinin səlahiyyətli şəxsi tərəfindən Ədliyyə Nazirliyinin informasiya sistemindən çox rahat şəkildə əldə ediləcək. Əgər arayışı elektron qaydada sistemdən əldə etmək mümkün olmazsa, o halda həmin arayış nikaha daxil olmaq barədə ərizəyə əvvəlki qaydada, kağız formada əlavə olunacaq.

- Tibbi arayışın əldə edilməsiylə bağlı tətbiq olunan dəyişikliyin əhəmiyyəti və səmərəsi barədə nə deyə bilərsiz?

- Düşünürəm ki, bu dəyişiklik səmərəlilik baxımından çox əlverişli olacaq. Belə ki, vaxta və resurslara qənaət ediləcək, bürokratik əngəllərin aradan qaldırılması və tibbi məlumatları ötürərkən elektron məlumat mübadiləsinin təhlükəsizliyi yüksək səviyyədə təmin ediləcək. Bundan başqa tərəflər tibbi məntəqələrə getmək məcburiyyətində qalmayacaq, bu da öz növbəsində arayışı verən şəxslərlə birbaşa təmasda olmamağa, həmçinin sağlamlıq haqqında məlumatın məxfi qalmasına ciddi zəmin yaradacaq. Eyni zamanda, arayışın həqiqiliyi şübhə altında olmayacaq.

- Sağlamlıq haqqında məlumatların ötürülməsinin elektronlaşması necə tənzimlənməlidir?

- Toxunduğunuz məqam çox vacib məsələlərdəndir. Bildirim ki, qanunvericiliyə uyğun olaraq, şəxsin kimliyini birbaşa və ya dolayısı yolla müəyyənləşdirməyə imkan verən istənilən fərdi məlumat, eləcə də şəxsin sağlamlığı haqqında məlumatlarının emalı, toplanması, ötürülməsi, istifadəsi və mühafizəsi şərtləri Azərbaycan Respublikasının “Fərdi məlumatlar haqqında” 11 may 2010-cu il tarixli 998-IIQ nömrəli Qanununa və Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsinə (“Şəxsi toxunulmazlıq”) əsasən tənzimlənməlidir.

- Nikahın pozulması üçün tərəflər hara müraciət etməlidirlər?

- Əgər tərəflər nikahın pozulmasına dair qarşılıqlı razılığa gəliblərsə, onların birgə nikahdan doğulmuş övladları və ya digər mübahisələri yoxdursa, tərəflər qeydiyyat şöbəsinə ərizə ilə müraciət edərək nikahlarının pozulmasına nail ola bilərlər. Dəyişiklikdən əvvəl tərəflər onlardan birinin yaşadığı ünvan üzrə və yaxud nikahlarının qeydiyyata alındığı qeydiyyat şöbəsinə müraciət edə bilərdilərsə, dəyişiklikdən sonra tərəflər onlardan birinin seçdiyi qeydiyyat şöbəsində bu prossesi həyata keçirə bilərlər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 25.3-cü maddəsinə uyğun olaraq Ədliyyə Nazirliyinin elektron sisteminə nikahın etibarsız sayılmasına dair qanuni qüvəyyə minmiş məhkəmə qətnaməsindən çıxarış daxil olduqda, nikah haqqında akt qeydi ləğv edilir.

- Nikaha xitam verilməsi tarixinin qeyd olunmasında dəyişiklik nədən ibarətdir və nə kimi əhəmiyyəti olacaq?

- Vacib dəyişikliklərdən biri də ondan ibarətdir ki, nikah məhkəmə qətnaməsi əsasında pozulduqda, nikahın pozulması haqqında şəhadətnamədə nikaha xitam verilməsi tarixi kimi məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi tarix qeyd ediləcək. Mövcud qanunvericiliyə görə əmlakın bölünməsi tərəflər arasında nikahın pozulduğu gündən üç il müddətində iddia edilə bilər, yeni dəyişiklik isə bu müddətin düzgün hesablanmasına xidmət edəcəkdir. Bundan əlavə, məhkəmə tərəfindən nikah etibarsız sayılarsa, bu qətnamənin icrası artıq elektron qaydada icra olunacaq. Bu da prosesin daha sürətli icra olunmasına kömək edəcək.

- Leyla xanım, bəs adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsindəki yenilik necə icra olunacaq?

- Qeyd edim ki, əvvəllər soyadın sonluğuna dəyişiklik edilməsi üçün ərizə vətəndaşın yaşayış yeri və ya müvafiq aktın olduğu yer üzrə qeydiyyat şöbəsinə və ya konsulluq idarəsinə verilirdisə, hazırda ərizəçinin seçdiyi qeydiyyat şöbəsi və ya konsulluq idarəsinə müraciəti əsasında həyata keçiriləcək.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər