- 26 Aprel 21:32
Mediasiya haqqında cəmiyyətdə sual doğuran məqamlara bu dəfə Mediasiya Şurası İxtisas Komissiyasının üzvü, vəkil, mediator Gəray Məmmədtağıyev aydınlıq gətirib.
SUAL 1: Mediasiya nədir?
CAVAB: Mediatorun və ya mediatorların vasitəçiliyi ilə tərəflər arasında yaranmış mübahisənin qarşılıqlı razılıq əsasında həlli ilə bağlı “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən olunan prosesdir.
Mediasiya tərəflər arasında münaqişənin səviyyəsinin azaldılması və onları razı salacaq şəkildə mübahisənin həllini təmin etmək məqsədi daşıyır. Tərəflərin qarşılıqlı razılaşması ilə həlli mümkün olan istənilən mülki işlər və kommersiya mübahisələrini, həmçinin ailə, inzibati və əmək mübahisələrini mediasiya vasitəsi ilə həll edə bilərlər.
SUAL 2: Mediasiyanın faydaları və insanlara nə qazandırır?
CAVAB: Əvvəla onu deyim ki, mediasiya dünyada oturuşmuş və özünü sübut etmiş bir prosesdir. İnsanlara bir neçə faydası var.
Birincisi, insanlar üçün ən önəmli olan dəyərlərdən biri zamandır. Düzgün aparılmış mediasiya ilə insan zaman itirmədən istəyinə və məqsədinə özmaraqlarına uyğun şəkildə nail ola bilər.
İkincisi maddi hissədir. Belə ki, şəxs birinci instansiya məhkəməsində müvafiq iddia ərizəsinin verilməsi, sonradan apellyasiya və kassasiya şikayətlərin verilməsi üçün vəkil xərcləri və dövlət rüsumlarını ödənilməlidir. Mediasiyada isə şəxs bu vəsaitlərə qənaət etməklə, daha az xərc çəkməklə öz məqsədinə nail olur.
Könüllülük prinsipi əsasında aparıldığı üçün mediasiya zamanı heç bir məcburiyyət və təzyiq olmadan istəklərinə qısa şəkildə nail olur. Ümumiyyətlə, insanın maraqlarının təmin edilməsinə gedən ən verimli və qısa yol mediasiyadır.
SUAL 3: Mediasiya könüllü və ya məcburi prosesdir?
CAVAB: Mediasiya ümumən könüllük prinsipi əsasında həyata keçirilən bir prosesdir. Mediasiya prosesində hər bir şey tərəflərin könüllülük prinsipi əsasında onların istəklərinə uyğun şəkildə tənzimlənir. Mediasiya prosesinin könüllü bir proses olmasının ən bariz nümunəsi odur ki, mediasiya şərtlərini tərəflər müəyyən edir və tərəflər heç bir əsas və səbəb olmadan mediasiya prosesini dayandırıb masadan qalxa bilərlər.
SUAL 4: Mediasiya əgər könüllü prosesdirsə, niyə ilkin mediasiya sessiyası məcburidir?
CAVAB: “ Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 28.1-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. İlkin mediasiya sessiyasında məcburiyyət yalnız tərəflərin məhkəməyə müraciət etmədən mediasiyaya müraciət edib, onun nəzərdən keçirməsi və orada iştirak edib-etməməsi barədə qərar qəbul etməsi ilə əlaqədardır. Bu isə mediasiyanın tətbiqi ilə əlaqədar dövlətin yürütdüyü siyasətdir ki, insanlar mediasiya ilə tanış olsunlar və mediasiyanı tam qavrasınlar. İlkin mediasiya sessiyasında tərəflər könüllük prinsipi əsasında öz arzularına görə şərtləri müəyyən edərək könüllü şəkildə tam mediasiya prosesində gedib getməmə barədə qərar verirlər.
SUAL 5: Mediasiya zamanı hansı qərarlar qəbul edilir?
CAVAB: Mediasiya prosesində mediatorun qərar vermə səlahiyyəti yoxdur. Mediasiya prosesində mediator heç bir şeyə qərar vermir, bütün qərarları tərəflər müəyyən edir. Mediator yaranmış problemin həlli üçün tərəflərə müəyyən qərara gəlmələri üçün münbit şərait yaradaraq köməklik edir.
Tərəflərdən biri və ya hər ikisi mediasiya prosesini davam etdirməyə razılıq vermədikdə, habelə “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununa əsasən mediator mediasiya prosesinin həyata keçirilməsindən imtina etdikdə, mediator mediasiya prosesinə xitam verir və “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi” ilə bağlı arayışı tərəflərə təqdim edir.
Tərəflər və ya onlardan biri ilkin mediasiya sessiyasında iştirak etmədikdə və ya iştirak etməkdən yazılı şəkildə imtina etdikdə, mediator ilkin mediasiya sessiyasında iştirak edən və etməyən tərəfləri qeyd etməklə “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” ilə bağlı arayışı tərəfə təqdim edir.
Tərəflər prosesi davam etdirmək istədikdə “Mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlanılır.
c) Tam mediasiya prosesinin sonunda tərəflər razılığa gələrək (şərtləri özləri müəyyən etməklə) barışıq sazişi imzalayırlar.
d) Tam mediasiya prosesində tərəflər barışıq sazişi bağlamadıqda, habelə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən mediator mediasiya prosesinin həyata keçirilməsindən imtina etdikdə, mediator mediasiya prosesinə xitam verir və bu barədə müvafiq protokolu tərəflərə təqdim edir.
SUAL 6. Mediasiya yorucu və ya uzun prosesdir, yoxsa vaxt itkisidir?
CAVAB: Mediasiyanın düzgün tətbiq olunduğu yerdə mediasiya çox maraqlı prosesdir. Mediasiya ona görə maraqlı prosesdir ki, mediasiyada bütün şərtləri tərəflər müəyyən etdikləri üçün nəyin müzakirə edilib-edilməyəcəyini dəqiq bilirlər və məsələnin həlli yoluna öz bildikləri yolla gedirlər, təbii ki mediatorun köməkliyi ilə. Məhkəmə prosesləri ilə müqayisədə mediasiya daha maraqlı və qısa prosesdir. Mediasiyanın normalada müddəti bir aydır, zəruri olduğu hallarda iki ayadək uzadıla bilər.
SUAL 7. Mediasiya prosesində şərtləri kim müəyyən edir?
CAVAB: Mediasiya prosesində şərtləri tərəflər müəyyən edir. Mediator yalnız prosesin gedişatını və mediasiya prosesinin şəffaflığını təmin edir. Mediasiya prosesi zamanı tərəflər hansı şərtlərdə razılığa gələ biləcəklərini müəyyənləşdirir və ya bu şərtlərin dəyişdirilməsinə qərar verirlər.
SUAL 8. Mediasiya prosesində imtinanın şərtləri nələrdir?
CAVAB: Mediasiya prosesi könüllü prosesdir. Mediasiya prosesində iştirak edən tərəf heç bir səbəb göstərmədən prosesi dayandıraraq masadan qalxa və mediasiyadan imtina edə bilər. Mediator mediasiyanın davam etdirilməsinin mübahisənin həllinə gətirməyəciyi qənaətinə gəldikdə mediasiyanın aparılmasından imtina edə və ya tərəflərin yazılığı razılığı ilə mediasiya prosesinə xitam verə bilər.
SUAL 9. Mediasiyadan bərabərlik prinsipinə nə dərəcədə əməl olunur?
CAVAB: Tərəflər mediasiya zamanı bütün məsələlərdə o cümlədən mediatorun seçilməsində bərabər hüquqlardan istifadə edirlər və bərabər vəzifələr daşıyırlar. Heç bir tərəfin vəzifəsindən, dinindən, irqindən, dilindən, təhsilindən və başqa özəlliklərindən irəli gələn xüsusiyyətləri baxımından digər tərəfdən üstünlüyü yoxdur. Mediasiya prosesində mediator tərəflərə bərabər imkanlar yaradır və hüquq bərabərliyini təmin edir. Bərabərlik prinsipi pozulduqda, mediatorun qərəzsizliyinə mane olan hallar olduqda mediator mediasiyanı aparmaqdan imtina etməlidir.
SUAL 10. Mediasiya birinci müraciət edən tərəfin üstünlüyü varmı?
CAVAB: Mediasiyaya birinci müraciət edən tərəfin digər tərəfə münasibətdə heç bir üstünlüyü mövcud deyil.