"Barışıq sazişlərinin könüllü icrası mediasiyaya olan inamı artırır"


  • 20 May 2022 09:23

Bakı 2 saylı Mediasiya Təşkilatının mediatoru Raman Abışovun e-huquq.az-a müsahibəsi

Raman müəllim, insanlar nə üçün məhkəməni yox, mediasiyanı seçməlidirlər?

- Məhkəmədən fərqli olaraq, mediasiyada tərəflər arasında mübahisənin həlli variantları çoxdur, sadəcə mübahisəni düzgün qiymətləndirmək lazımdır. Mediasiyada mediator hər iki tərəfi təklikdə və birlikdə dinləyə bilər, tərəflərə sərbəst şəkildə mübahisəyə dair fikirlərini bildirmək imkanları yaradılır. Məhkəmədə tərəflər prosessual hüquq və vəzifələrindən istifadə etməklə müdafiələrini qurmağa çalışırlar, mediasiyada isə onlara yaradılan şərait fərqlidir. Mediasiyada tərəflərin mübahisənin həllinə yönələn təklifləri ayrı-ayrılıqda və birlikdə alına bilər və onlara mediator tərəfindən kömək edilməklə heç birinin maraqları pozulmadan mübahisənin barışıq sazişi ilə yekunlaşdırmaq sansları çoxdur. Mediasiyada tərəflərin biri-birinə qarşı inamını artırmaq mümkündür. Mediasiyada udan və uduzan tərəf olmur, hər iki tərəf qalibdir. Mediasiyadan fərqli olaraq məhkəmədə bir tərəfin tələbi təmin olunur, digər tərəfin tələbi təmin olunmur. Məhkəmədə tərəflərin bir-biri ilə barışığa getməsi çox az hallarda təsadüf olunur. Lakin mediasiyada tərəflərdə yaradılan inam, şəraitlər və imkanlar onların barışığa getmələrinə daha çox zəmin yaradır. Əlavə olaraq bildirmək istəyirəm ki, hazırda əksəriyyət təşkil edən tərəflər həm vaxt, həm xərc baxımından mübahisənin məhkəmədə yox, mediasiyada baxılmasının tərəfdarıdırlar və biz mediatorlar hər mediasiya sessiyasında tərəflərə mediasiyanın üstünlüyünü izahlı şəkildə çatdırırıq.

Necə düşünürsüz, bu qısa müddətdə cəmiyyətdə mediasiyaya inam formalaşıbmı?

- Bilirsiniz, bu istiqamətfə Mediasiya Şurasının Müşahidə Şurasında, İdarə Heyətində və fəaliyyət göstərən mediasiya təşkilatlarda əməli praktik işlər görülür və müsbət nəticələr əldə olunmaqdadır. Cəmiyyətdə inamın genişləndirilməsi istiqamətində həm Mediasiya Şurasının rəhbərliyi səviyyəsində, həm də birbaşa ünsiyyətlərdə biz mediatorlar böyük səylə fəaliyyət göstəririk. Mediator olaraq apardığım mediasiya sessiyalarında tərəflərin özlərinin dilindən mediasiyanın üstünlükləri və inkişafı barədə eşidəndə bu, bizə daha da əlavə güc verir və ruhlandırır.

Sizə müraciət edən tərəflər mübahisələrini mediasiyada həll etməyə meyilli olurmu?

- Əlbəttə, yuxarıda qeyd etdiyim kimi, tərəflərdə birinci növbədə inam yaratmaq lazımdır. Mənim təcrübəmdə çox olub ki, bir tərəfin müraciətinə baxılır və yekunda digər tərəf bildirir ki, istərdik, digər işlər üzrə mübahisəmiz olduğu təqdirdə mediasiyanı siz aparasınız. Bu inam mənə yox, mediasiyaya olan inamdır. Ailə mübahisələrində dəfələrlə olub ki, tərəflər birlikdə könüllü mediasiyaya gəlmişlər və mediasiyanın nəticəsini barışıq sazişi ilə bitirərək getmişlər.

Raman müəllim, mediator olaraq tərəfləri hansı üsullarla razılığa gətirirsiniz?

- Mediasiyanın aparılmasının fərqli taktikaları vardır. Sadəcə düzgün taktikanı seçmək lazımdır. Tərəfləri düzgün qiymətləndirərək nəticə əldə etmək mümkündür. Mənim üçün mediasiyanın müsbət həlli təməli hazırlıq mərhələsindən başlayır. Mediator daim araşdırıcı olmalıdır, tərəfi kəşf etməlidir ki, mediasiya prosesini düzgün istiqamətdə idarə etsin. Tərəfləri emosianal vəziyyətdən, eləcə də psixoloji sarsıntıdan çıxartmaq bacarığına malik olmalıyıq, bunun əksi mediasiyaya mənfi təsirini göstərir.

İndiyədək işlərin neçə faizində barışığa nail olmusunuz?

- Neçə faiz barışığa nail olmaq, o qədər məhkəməyə müraciətin az getməsi və məhkəmənin iş yükünün azalması deməkldir. İndiyədək icraatımda olan mediasiya işlərinin 40%-ə qədəri olar ki, mediasiya prosesini barışıqla yekunlaşdıra bilmişəm. Lakin onu da bildirməliyəm ki, tərəflərin 95%-ni mediasiya prosesində iştirakını təmin etməyi bacarmışam, bu özlüyündə mediasiyaya olan inamın nəticəsidir.

Tərəflər mediasiyanı barışıq sazişi ilə yekunlaşdıranda onun icrası necə olur?

- Siz bu sualınızla, mediasiyanın hazırda ən problemli hissəsinə toxundunuz. Barışıq sazişi tərəflərin mübahisənin həllinə gəldikləri mühüm sənəddir. Hər iki tərəf barışın şərtlərini qəbul edir və müvafiq orqanlarda icrası anına gəldikdə onlar çətinliklər ilə üzləşirlər. Barışıq sazişinin icrasında yaranan problemlər mediasiyaya olan inamı azaldır. Hesab edirəm ki, Barışıq sazişinin icra sənədi olaraq qəbul edilməsi və bununla bağlı qanunvericilikdə əlavə və dəyişiklərin edilməsi labüddür və tərəflərin mediasiyaya inamını gücləndirər.

Kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələrdə məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Sizcə, hazırda bunlardan hansında mediasiya daha uğurlu alınır? Səbəbləri nədir?

- Kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə ilkin mediasiya sessiyasında iştirak edən tərəfləri mübahisənin həllinə fokslanmalarını bacarsaq, hamısı uğurlu alınar. Bundan başqa, tərəflərin nümayəndələri mübahisənin həllinin düzgün qiymətləndirilməsinə yardımçı olmalıdır. Hər bir mübahisənin özünəməxsus həlli üsulu vardır. Əsas odur ki, üsullar düzgün seçilsin və dəyərləndirilsin.

Xəyalə Bünyuatova

Oxşar xəbərlər