"Mediasiya prosesləri elə aparılmalıdır ki, cəmiyyətdə mediasiya institutuna inam artsın"


  • 22 İyun 2022 10:41

Bakı 2 saylı Mediasiya Təşkilatının mediatoru Zülfiyyə Həşimovanın e-huquq.az-a müsahibəsi

Zülfiyyə xanım, mübahisənin mediasiya yolu ilə həlli bizə nə verir?

- Mediasiya haqqında Azərbaycan Respublikasının Qanunu 2019-cu ildə qəbul olunsa da, artıq 2021-ci ilin iyul ayından mediasiya institutu fəaliyyətə başlayıb. Təbii ki, yeni yaranan sahə olduğu üçün müəyyən çətinliklər olub, cəmiyyətdə bu institutu tanıtmaq üçün müvafiq səylər göstərilib. Mediasiya institutunun fəaliyyət göstərməsinin bir ili tamam olmasına az qalmasına baxmayaraq, artıq cəmiyyətimizin müəyyən hissəsi bu institutla tanış olub. Ailə, əmək və kommersiya münasibətlərindən yaranan mübahisələr üzrə məhkəməyə müraciət etmədən öncə ilkin mediasiyanın keçirilməsi məcburidir. Mübahisə mediasiya zaman həll olunarkən tərəflər mediasiya prosesində mübahisə ilə əlaqədar aralarında müvafiq şərtlər daxilində razılığa gələrək, mediasiya sesiyasını barışıqla bitirə bilərlər. Məhkəmə ilə mediasiyanın fərqi odur ki, məhkəmədə tərəflərdən biri udur, digər tərəf isə uduzur. Məhkəmədə hakim də tərəflərə barışıqla bağlı təkliflər verir. Amma mediator məhkəmədən fərli olaraq, bir iş üzrə daha çox vaxt sərf edərək, konfidensiallığı qorumaq şərtilə məsləhətlər verərək, tərəflərin barışıq sazişi bağlamalarına kömək edir. Mediasiya sessiyası zamanı tərəflər mübahisələrini özləri aralarında həll edərək, müvafiq razılığa gələrək qərar qəbul edirlər. Daha qısa zaman ərzində əlverişli şərtlər daxilində, öz istədikləri şərtlər əsasında qərar qəbul edirlər. Bir sözlə, mediasiya prosesində uduzan tərəf olmur.

Sizcə, mediator hansı şəxsi keyfiyyətlərə malik olmalıdır?

- İlk növbədə mediatorda səbr, dözüm və mediasiya prosesinin həlli uğrunda mübarizə aparmaq üçün bacarıq olmalıdır. Mediator mediasiya prosesinin elə təşkil edib aparmağı bacarmalıdır ki, mediasiya prosesində iştirak edən tərəflər yeni yaradılmış bu instituta inamları artsın və mübahisələrin mediasiya sessiyası zamanı həll olunması üçün müvafiq razılığa gəlsinlər.

Zülfiyyə xanım, mediator mediasiya prosesində məxfiiyin qorunmasını necə təmin edir?

- “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, konfidensiallıq, yəni məxfilik həmin qanunun əsas prinsiplərindən biridir. Həmin qanuna əsaəsn tərəflər arasında ayrı şərt müəyyən edilməyibsə, həmçinin barışıq sazişinin təsdiqi və icrası məqsədilə tələb olunan hallar istisna olmaqla, mediasiya zamanı əldə olunan bütün məlumatların, o cümlədən, tərəflərdən birinin mediasiyanın həyata keçirilməsi barədə təşəbbüsü, mediasiyaya və mübahisənin mümkün həll variantına razılıq verməsi, tərəflərdən birinin və ya mediatorun mübahisənin mümkün həllinə dair rəy və ya təklifləri, mediasiya zamanı tərəflərdən birinin verdiyi bəyanatları və ya etdiyi etirafları, mediasiyanın həyata keçirilməsi məqsədi ilə tərtib olunmuş sənədlər və sair, konfidensiallığı mediasiya iştirakçıları və mediasiyada iştirak edən digər şəxslər tərəfindən qorunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602-2.3-cü maddəsi barədə mediasiya iştirakçıları və mediasiyada iştirak edən digər şəxslər tərəfindən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş konfidensiallıqla bağlı qaydaların pozulmasına görə - fiziki şəxslər səkkiz yüz manat məbləğində, vəzifəli şəxslər min beş yüz manat məbləğində, hüquqi şəxslər üç min manat məbləğində cərimə edilir. Qanunun bu tələbini mediator tərəfindən mediasiya sesiyasına başlamadna öncə tərəflərə məlumat verilməlidir.

Bəs, mediasiya prosesinə hansı hallarda xitam verilir?

- Mediasiya haqqında Azərbaycan Respublikası Qanununun 32-ci maddəsinə əsasən mediasiya prosesinə , tərəflər arasında barışıq sazişi bağlandıqda, mübahisənin tərəflərin qarşılıqlı razılaşması ilə həllinin mümkünsüzlüyü mediator tərəfindən müəyyən edildikdə, tərəflər və ya onlardan biri mediasiya prosesindən imtina etdikdə, tərəflərin mediasiya prosesinin müddətinin uzadılmasına dair müraciətləri olmamışsa, yəni qanunda nəzərdə tutlan 30 günlük müddət bitdikdə, tərəf olan fiziki şəxs öldükdə, hüquqi şəxs ləğv edildikdə və ya fəaliyyəti dayandırıldıqda, tərəflərdən biri məhkəmə tərəfindən ölmüş elan edildikdə və ya itkin düşmüş hesab edildikdə, tərəflərdən birinin fəaliyyət qabiliyyətli olmaması və ya məhdud fəaliyyət qabiliyyətliliyi məhkəmə tərəfindən müəyyən edildikdə, mediator və ya mediasiya təşkilatı Mediasiya Şurasının üzvlüyündən çıxarıldıqda, həmçinin mediator və ya mediasiya təşkilatı mediasiya prosesindən imtina etdikdə, “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” ilə bağlı arayış verildikdə, “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi” ilə bağlı arayış verildikdə mediasiya prosesinə xitam verilir.

Xəyalə Bünyatova

Oxşar xəbərlər