Kommersiya mübahisələri üzrə mediasiyanın effektivliyi


  • 9 Avqust 2022 09:43

Kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. Kommersiya mübahisə tərəfləri öz kommersiya ehtiyaclarına daha yaxşı cavab verən, effektiv nəticələr verən mübahisələrin həlli üsullarını tapmaq üçün maraqlıdır. Hazırda hüquq mübahisələrinin müvəffəqiyyətli həlli üçün alternativ üsullara müraciət prioritet təşkil edir.

Mübahisələrin alternativ həlli (MAH) dedikdə mübahisələrin məhkəmədənkənar həllinə imkan yaradan prosedurlar (məsələn, mediasiya və arbitraj) nəzərdə tutulur. MAH prosedurları məhkəmələrin iş yükünü azaltmaqla və fərdlərə mübahisələri maddi cəhətdən daha sərfəli şəkildə həll etmək imkanı yaratmaqla ədalət mühakiməsinin səmərəliliyinin artıra bilər. Daha az xərclər hesabına başa gəlmələrindən əlavə, onlar həm də prosedurların müddətini və yaratdığı stressi azaltmaqla fərdlərə fayda gətirə bilər. Məhz kommersiya mübahisələrinin tərəfləri də işgüzar fəaliyyət, daha çox inkişaf və öz sahələrində irəliləməkdə hədəfli olan sahibkarlar olduğundan mübahisələrin tez bir zamanda, daha az xərclə həllinə çalışırlar. Çünki mediasiya prosesində iştirak uzun zamanı almır, məsələnin həlli nəticəsi məhz tərəflərin hər birinin maraqlarına uyğun olur.

Mediasiya prosesinin tətbiqi Azərbaycan Respublikasında 01 iyul 2020-ci ildən məcburi hesab edilməyə başlamışdır. Azərbaycanda yeni institut olsa da, beynəlxalq təcrübədə geniş tətbiq olunur. Kommersiya mübahisələrinin həllində məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. İlkin mediasiya prosesinin tətbiqinin məcburiliyi artıq iki ildir ki, qüvvədədir. Kommersiya mübahisələrinin həllində səmərə verməkdədir. Hətta təcrübə göstərir ki, kommersiya hüquqi şəxslər, fərdi sahibkarlar bağladıqları müqavilələrə mediasiya ilə bağlı müddəalar daxil edirlər.

Uzun sürən müzakirələr zamanı hər kəsin narahat olduğu məsələ məhkəməyə çatımlılığın yubadılması kimi problem olması da səsləndirilmişdir. Lakin təcrübə göstərir ki, məhz mübahisələrin həlli kimi mediasiya çox effektivdir. Bunu daha çox kommersiya mübahisələrinin həlli zamanı müşahidə etmişəm.

“Mülki və kommersiya işlərində vasitəçiliyin müəyyən aspektləri üzrə” Avropa İttifaqının 21 may 2008-ci il tarixli Direktivinin 5-ci maddəsinə əsasən, məcburi mediasiya elə tətbiq edilməlidir ki, tərəfləri məhkəməyə çatımlılıq hüququndan məhrum etməsin. Həmin Direktivin 1-ci maddəsində qeyd edildiyi kimi, mediasiya və məhkəmə icraatları arasında balanslı əlaqə saxlanılmalıdır.

Kommersiya mediasiyası hazırda uğurla istifadə edilir. Kommersiya mediasiyasının ərazi aidiyyəti məhkəmə aidiyyəti ilə uyğun olmalıdır. Mülki prosessual qanunvericiliyin tələblərinə əsasən ərazi aidiyyəti müəyyən olunur. Yəni tələbin yönələcəyi hüquqi vəya fiziki şəxsin ünvanı üzrə müəyyən edilməlidir. Həmçinin qeyd etməliyəm ki, kommersiya mübahisələri daha çox müqavilə ilə tənzimlənən münasibətlərdən irəli gəlir. Müqavilədə mübahisəyə baxılması üzrə ərazi aidiyyəti tərəflər tərəfindən dəyişdirilə bilər. Bu halda isə müqavilə aidiyyəti tətbiq edilir.

Əksər kommersiya mübahisələri məhkəmə iclasından əvvəl mediasiyada həll edilir. Mediasiyanın tənqidçiləri buna görə də tez-tez mediasyanın birbaşa danışıqlar yolu ilə əldə edilə bilməyən mübahisələrin kompromis prosesinə nə əlavə etdiyini sual altına alırlar. Buna cavab olaraq qeyd edim ki, mediasiya sadə danışıqlardan daha çox, danışıqları gücləndirmək üçün bir texnikadır və diqqəti tərəflərin müvafiq mövqelərindən həllin özünə yönəldir. Bu prosesdə tərəfləri mübahisənin verdiyi gərginlikdən çıxararaq ortaq maraqlarına adekvat həllinə nail olunur. Mediator neytraldır, yalnız bir tərəfin deyil, hər iki tərəfin maraqlarını dəyərə çevirməyə çalışır. Bu, danışıqlara struktur və nizam-intizam təmin edir, danışıqları təşviq edir və həll etmək niyyətinin ciddiliyini artırır. Beləliklə, mübahisənin həlli elə mediator vasitəsi ilə tərəflərin danışıqların nəticəsində əldə olunur.

Mediasiyanın tətbiqi haqqında qərar mübahisə zamanı istənilən vaxt qəbul edilə bilər və hətta məhkəmə çəkişməsi prosesi getdikdən sonra razılaşdırılarsa, hakim mediasiya başa çatana qədər işi dayandırmaq (təxirə salmaq) səlahiyyətinə malikdir. Həmin mübahisə mediasiya prosesi ilə barışıqla yekunlaşdıqda məhkəmədə olan iş üzrə icraata xitam verilir.

Kommersiya mübahisəsinin həlli üsulu kimi mediasiya prosesi məhkəməyə çatımlılıqda mane deyildir. Qanunun tələblərinə əsasən iddia müddətinin axımı mediasiyaya müraciət zamanı dayanır. Tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı mediasiyanın nəticəsi olan sənədin təqdim edildiyi gün bərpa olunmuş hesab olunur.

Kommersiya mübahisələrinin həlli üsulu kimi mediasiyanın digər üstünlükləri də mövcuddur. Mediator mühakimə etmir, proses konsensualdır. Tərəflər aralarında vaxtilə yaranmış xoş əməkdaşlıqlarını rəhbər tutaraq “bütün körpüləri yandırmırlar”. Belə ki, məhkəmədə iddia qaldırmaq artıq elə həddə olur ki, tərəflər heç cürə həllə nail ola bilmirlər. Mediasiya prosesi isə mübahisənin həlli üçün mövcud olan zəminlərin hər birinin dəyərləndirilməsidir. Mediasiyanın məqsədi mübbahisənin həlli ilə bərabər, tərəflər arasında yaranmış münqaişənin azaldılmasıdır. Təcrübədə görürük ki, mediasyada mübahisənin həlli zamanı yeni şərtlər əsasında əməkdaşlığın davam etdirilməsi barədə müqavilələr bağlanılır. Bu şəkildə işgüzar münasibətlər zədələnmir, qorunur. Burada hər iki tərəf qalib çıxır, heç kəs uduzmur. Göründüyü kimi, mediasiya prosesinin tətbiqi səmərəli hüquq müdafiə vasitəsi üçün təminatdır.

Pərvanə Məmmədova

Bakı 2 saylı Mediaisya Təşkilatının mediatoru

Oxşar xəbərlər