"Mediasiyada əlavə xərclər olmadığı üçün maddi cəhətdən də sərfəlidir"


  • 10 Avqust 2022 13:26

Bakı 2 saylı Mediasiya Təşkilatının mediatoru İlham Fərzəliyevin e-huquq.az-a müsahibəsi

İlham müəllim, mediasiyanın hansı üstünlükləri onu məhkəmədən fərqləndirir?

- Mediasiya mübahisələrin həlli üçün digər üsullardan, o cümlədən məhkəmə çəkişmələrindən daha uğurlu vasitədir. İlk növbədə onu qeyd edim ki, mediasiyada mübahisə tərəfləri öz maraq və mənafelərinə uyğun qərarları özləri qəbul etdikləri üçün uduzan tərəf olmur. Hər iki tərəfin maraqları təmin edildiyinə görə onlar prosesdən qalib ayrılırlar. Məhkəmədə isə qərarı digər şəxs – hakim verdiyi üçün tərəflərdən biri tam və ya qismən qalib, digəri həmin qaydada məğlub olur. İkinci bir məsələ, mediasiyada əlavə xərclər olmadığı üçün proses tərəflər üçün daha ucuz başa gəlir. Məhkəmədə isə rüsumları, gediş-gəliş xərclərini, hüquqi yardım üçün xərclənən vəsaitləri və s. hesablasaq, həmçinin bu vəsaitləri hər iki tərəfin öz maraqlarını təmin etmək üçün paralel şəkildə xərclədiyini nəzərə alsaq, tərəflər üçün mediasiya prosesinin maddi cəhətdən də məhkəmədən sərfəli olduğunu görərik. Digər bir müsbət məqam isə mübahisələrin mediasiya vasitəsilə daha tez - bir və ya bir neçə gün ərzində həll olunmasıdır. Heç kimə sirr deyil ki, məhkəmələrdə mübahisələrın həlli aylarla, bəzən illərlə davam edir. Mübahisəsinin həllini istəyən fiziki yaxud hüquqi şəxs mediasiyada mübahisəsini daha tez və rahat həll edə biləcəksə, niyə məhkəməyə getsin ki?! Məncə, qeyd olunan bu nüanslara diqqət yetirməklə mübahisələri məhkəmələrdə deyil, mediasiyada həll etməyin tərəflər üçün daha rahat, uğurlu və sərfəli olduğunu görə bilərik.

Mediasiyada konfidensiallıq necə təmin olunur? Bu işdə mediatorun üzərinə hansı vəzifə düşür?

- Mediasiya mübahisələrin digər həll yollarından fərqli olaraq daha operativ və konfidensialdır. Belə ki, mediasiya prosesi mübahisə tərəflərinin və mediatorun, zərurət yarandıqda psixoloqun, tərcüməçinin və digər mütəxəssislərin iştirakı ilə qapalı keçirilir. Tərəflərin, mediasiya prosesində iştirak edən digər şəxslərin, o cümlədən mediatorun müzakirə olunan mübahisənin konfidensiallığını qoruması qanunla tənzimlənir. Mediasiyada iştirak edən şəxslər proses zamanı onlara məlum olan məlumatları hansısa formada açıqlaya, onlara istinad edə, həmçinin həmin məlumatlarla bağlı şahid qismində çıxış edə bilməzlər. Mediasiya zamanı ağır və ya xüsusilə ağır cinayətlərlə bağlı əldə olunan məlumatların verilməsi, eləcə də cinayət mühakiməsi icraatı zamanı müvafiq məlumatların açıqlanması vəzifəsi məhkəmə qərarı ilə müəyyən oluna bilər. Bundan başqa, “Mediasiya haqqında” Azərbaycan Respublikasının qanunu, “Mediatorların peşəkar etik davranış Qaydaları” barədə Nazirlər Kabinetinin qərarı, həmçinin Mediasiya Şurasının qəbul etdiyi “Mediatorların davranışı ilə bağlı Reqlament” müzakirələrin konfidensiallığını təmin etməsi üçün mediatorların qarşısında ciddi tələblər qoyur.

İlham müəllim, mediasiyada barışığın əldə olunması üçün hansı üsullardan istifadə edirsiniz?

- Nəzəri cəhətdən bir neçə mediasiya modelləri və üsulları var ki, mediatorlar onlardan istifadə edərək barışığa nail olurlar. Bu üsullardan asanlaşdırıcı, dəyərləndirici, həlledici, məsləhətverici, dəyişdirici, ənənəvi və s. mediasiya modellərini göstərə bilərik. Təbii ki, bu üsulları tətbiq etməklə tərəflər arasında müvafiq barışığa nail olmaq mediatorun biliyi, bacarığı və xarakterindən asılıdır. Mediator bütün tərəflərlə birlikdə və ayrı-ayrılıqda görüşlər keçirə, əməkdaşlıq edə, tövsiyələr verə bilər. Ancaq bunu elə formada etməlidir ki, tərəflərdən hansısa biri digərindən üstün tutulmasın, yaxud hüquq və vəzifələri məhdudlaşdırılmasın.

Bəs, barışıq sazişi icra olunmadıqda nə kimi addımlar atılmalıdır?

- Ümumiyyətlə, sazişdə başqa müddəa nəzərdə tutulmayıbsa, saziş imzalandığı gündən icrası tərəflər üçün məcburi xarakter daşıyır və on gün ərzində könüllü şəkildə icra olunmalıdır. Əlbəttə, arzuolunandır ki, tərəflər sazişdə öz üzərlərinə götürdükləri öhdəlikləri könüllü şəkildə icra etsinlər. Bəzən tərəflərdən biri barışıq sazişini könüllü icra etməkdən boyun qaçırır. O halda digər tərəf qarşı tərəfin sazişi məcburi icra etməsi üçün məhkəməyə ərizə ilə müraciət etmək hüququ qazanır. Məhkəmə xüsusi icraat qaydasında işə baxır, sazişdə qanunazidd müddəa yoxdursa, onu ən qısa zamanda müvafiq qaydada təsdiq edir. Məhkəmənin qərarını icra etməmək isə qarşı tərəf üçün hüquqi məsuliyyət yaradır.

Bilirik ki, barışıq sazişi bağlandıqda mediasiya prosesinə xitam verilir. Bəs, başqa hansı hallar prosesə xitam verilməsi üçün əsas sayıla bilər?

- Ümumiyyətlə, barışıq sazişi bağlanıb-bağlanmamasından asılı olmayaraq, mediasiya prosesi yekunlaşdıqdan sonra işə xitam verilir. Bundan başqa, baş tutmayan mediasiya proseslərindən sonra, məsələn, mübahisənin tərəflərin qarşılıqlı razılaşması ilə həllinin mümkün olmadığını mediator müəyyən etdikdə, tərəflər və ya onlardan biri mediasiyadan imtina etdikdə, mediasiya prosesinə baxılma müddəti bitdikdə, tərəflərdən biri öldükdə, yaxud məhkəmə tərəfindən ölmüş və ya itkin düşmüş hesab edildikdə, tərəfə qanunda nəzərdə tutulmuş müvafiq arayışlar verildikdə, mediator Mediasiya Şurasının üzvlüyündən çıxarıldıqda və s. hallarda işə xitam verilir.

Xəyalə Bünyatova

Oxşar xəbərlər