"Nikahın pozulması və əmlak bölgüsü ilə bağlı mübahisələrdə mediasiya ən təsirli üsullardan biridir"


  • 17 Avqust 2022 09:54

Məhkəməsiz boşanma və əmlak bölgüsü?

Bəli mümkündür, sərfəlidir, realdır.

Nikahın pozulması və əmlak bölgüsü ilə bağlı mübahisələr sferasında mediasiya ən təsirli üsullardan biridir.

Məlumdur ki, mülki və ailə qanunvericiliyində ər-arvadın əmlakının hüquqi rejimi təsbit edilmişdir. Yəni ər-arvadın əmlakının bölünməsi ilə bağlı mediasiya proseduru, tamamilə sıfırdan deyil, hər bir tərəfin təxminən nəyə ümid edə biləcəyini bilmələrindən başlayır. Bu baxımdan mübahisə əslində əmlakın kimə hansı payla veriləcəyi, əmlakla bağlı kompensasiyanın ödənilməsi sualları ətrafındakı danışıqlarla həll olur.

Mediatorun vəzifəsi yalnız mübahisə tərəflərinin həqiqi istək və maraqlarını müəyyən etmək, həmçinin onların istəkləri arasındakı qızıl ortamı tapmaqdır. Azərbaycanda mediasiya institutunun yeni yaranmasına baxmayaraq, əmlakın bölgüsü ilə bağlı mübahisələrdə bu prosedurun tətbiqi çox səmərə verir. Rəhbərlik etdiyim Bakı 2 saylı Mediasiya Təşkilatının təcrübəsində biz bunun dəfələrlə şahidi oluruq.

Bəs mediasiyada əldə edilən saziş təcrübi olaraq necə icra olunur?

Mediasiyada əldə edilən saziş adi müqavilə qüvvəsinə malikdir və onun hər hansı orqanlarda qeydiyyatı təmin edilmir. Bu baxımdan tərəflər mediasiya sazişinin yerinə yetirilməsinə yönəlmiş əlavə tədbirlər görməlidirlər ki, onun yerinə yetirəcəyinə tam əmin olsunlar. Burada sazişin hansı əmlaka münasibətdə bağlanması vacib şərtdir:daşınar (pul, mebel, avtomobil və s.) və ya daşınmaz (mənzil, torpaq, ev, qeyri-yaşayış sahəsi),

Əgər müqavilə yalnız daşınar əmlakın verilməsini nəzərdə tutursa, o zaman tərəflər sadəcə olaraq əmlakı bir-birinə verirlər .

Söhbət, məsələn, minik avtomobilindən gedirsə, onda, tərəflər dövlət yol polisinə gedir və avtomobilə dair hüquqlar razılaşmaya uyğun yenidən qeydiyyata alınır. Məsələn, pulla bağlı razılaşma - pul qəbzlə verilir və ya hesaba köçürülür. Sazişdə daşınar əmlakın təhvil verilməsi proseduru xüsusi olaraq müəyyən edilə bilər. Mübahisə Nizamnamə kapitalında payla bağlıdırsa, təsisçilərin tərkibində dəyişiklik edilməsi barədə məlumat vergi orqanına təqdim edilir.

Daşınmaz əmlaka gəldikdə, müəyyən çətinliklər yaranır: mənzil, ev, torpaq, qeyri-yaşayış sahəsi. Qanunvericiliyə uyğun olaraq, daşınmaz əmlakla bağlı bütün əqdlər qeydiyyata alınmalıdır. Ancaq burada sadəcə mediasiya sazişi əsasında hüquqları yenidən qeydiyyatdan keçirə bilməzsiniz. Bu tipli əməliyyatların notarius tərəfindən təsdiqlənməsi zəruridir. Sizdə bu halda mediasiyanın lazımsız olması fikri yarandısa, ədalət naminə deyək ki, bu yanlış fikirdir. Çünki notariusa gələnədək tərəflər əmlakın bölünməsinin əsas şərtlərini razılaşdırmalıdırlar. Bu isə məhz mediatorun və mediasiya prosedurunun vəzifəsidir.

Mübahisənizi həll etməkdə sizə uğurlar arzulayıram. Bu uğuru Bakı 2 saylı Mediasiya Təşkilatında əldə edə bilərsiniz!

İlhamə Həsənova

Bakı 2 saylı Mediasiya Təşkilatının rəhbəri

Oxşar xəbərlər