Mediasiya prosesi zamanı konfidensiallığın pozulmasına görə məsuliyyət


  • 9 Fevral 2023 12:47

Konfidensiallıq prinsipi mediasiya prosedurunu digər istər mübahisələrin məhkəmə həlli, istərsə də alternativ həlli prosedurlarından fərqləndirir. Mediasiyada konfidensiallıq prinsipi tərəflərin ehtiyaclarını, həqiqi maraqlarını və onların ödənilməsi və təmin edilməsinin yollarını aşkar etməkdə mühüm rol oynayır.

Mediatorların peşəkar etik davranış Qaydasının 3.10.1-ci bəndinə əsasən mediator “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq peşə fəaliyyəti dövründə, habelə mediasiya təşkilatının müvafiq fəaliyyətini həyata keçirmək hüququ dayandırıldıqdan və ya Mediasiya Şurasının üzvlüyündən çıxarılmasından sonra əldə etdiyi bütün məlumatların konfidensiallığını təmin etməlidir.

Eyni zamanda qanunvericilik mediasiyada konfidensiallıq prinsipinin müstəsna əhəmiyyətini nəzərə alaraq onu “Mediasiya haqqında” Qanunun məqsəd və prinsiplərini nəzərdə tutan 4-cü maddəsində yer vermiş, qanununun 8-ci maddəsində konfidensiallıq prinsipinin anlayışını və ətraflı izahını vermişdir.

“Mediasiya haqqında” Qanununun 8.1-ci maddəsinə əsasən tərəflər arasında ayrı şərt müəyyən edilməyibsə, mediasiya qapalı keçirilir. Lakin burada mediasiyanın digər əsas prinsipi olan könüllülük, tərəflərin hüquq bərabərliyi və əməkdaşlığı prinsipi də nəzərə alınmışdır. Belə ki, əgər tərəflər mediasiya prosesinin publik qaydada və ya internet imkanlarından istifadə edərək online qaydada keçirilməsinə üstünlük verirsə, bu halda mediator konfidensiallıq prinsipinin pozulmasına məsuliyyət daşımır.

“Mediasiya haqqında” Qanununun 8.2-ci maddəsinə əsasən tərəflər arasında ayrı şərt müəyyən edilməyibsə, həmçinin barışıq sazişinin təsdiqi və icrası məqsədilə tələb olunan hallar istisna olmaqla, mediasiya zamanı əldə olunan bütün məlumatların (o cümlədən, tərəflərdən birinin mediasiyanın həyata keçirilməsi barədə təşəbbüsü, mediasiyaya və mübahisənin mümkün həll variantına razılıq verməsi, tərəflərdən birinin və ya mediatorun mübahisənin mümkün həllinə dair rəy və ya təklifləri, mediasiya zamanı tərəflərdən birinin verdiyi bəyanatları və ya etdiyi etirafları, mediasiyanın həyata keçirilməsi məqsədi ilə tərtib olunmuş sənədlər və s.) konfidensiallığı mediasiya iştirakçıları və mediasiyada iştirak edən digər şəxslər tərəfindən qorunur.

Bu isə öz növbəsində istər məhkəmə, istərsə də digər hüquq mühafizə orqanları tərəfindən mediasiya prosesi zamanı əldə edilmiş məlumatların istənilməsini istisna edir. Bu normanın məntiqli davamı olaraq Qanunun 8.3-cü maddəsi mediasiya iştirakçılarının və mediasiyada iştirak edən digər şəxslərin onlara mediasiya zamanı məlum olan məlumatları məhkəmə və arbitraj (münsiflər məhkəməsi) proseslərində, başqa mediasiya zamanı və ya hər hansı digər hallarda açıqlamaq və ya onlara istinad etmək hüququndan məhrum edir (həmin məlumatı verən tərəfin yazılı razılığı olduğu hallar istisna olmaqla) və belə məlumatlarla bağlı həmin şəxslərin şahid qismində iştirak etməsini qadağan edir.

“Mediasiya haqqında” Qanununun 32.4-cü maddəsi mediasiya prosesinə xitam verilməsi haqqında protokola mediasiyaya dair konfidensial məlumatların daxil edilməsinə yol verilməməsini vurğulamışdır. Bu müddəa konfidensiallıqla bağlı digər müddəalarla uzlaşaraq, mediasiya zamanı əldə edilmiş məlumatların konfidensiallığını qoruyur, həmin məlumatların məhkəmə və sairə prosesslərində istifadə edilməsinin qarşısını alır.

Bununla yanaşı ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmənin müstəqilliyini və tərəflərin çəkişmə prinsipini pozulması, eləcə də mediasiyada konfidensiallıq prinsipinin pozulmasının qarşısının alınması üçün məhkəmədə baxılan mübahisə üzrə işə baxan hakimin əvvəllər tərəflər arasında mediasiya prosesində mediator kimi iştirak etməsi Mülki Prosessual Məcəllənin 19.1.5-ci maddəsi ilə hakim tərəfindən işə baxılmasını qadağan edir.

Mülki Prosessual Məcəllənin 71.3-1-ci maddəsinə əsasən mediatorun mediasiya predmeti olan mübahisə üzrə məhkəmə prosesində tərəflərdən hər hansı birini təmsil edə bilməməsi də dolayısı ilə konfidensiallıq prinsipinin qorunmasına, eləcə mediatorların və mediasiya təşkilatlarının nüfuzunun artırılması, vətəndaşların mediasiya təşkilatlarına və mediatorlara etimadının yüksəldilməsinə xidmət edir.

Mülki Prosessual Məcəllənin 104.4.6. mediasiya zamanı məlum olan məlumatlar barədə - “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallar istisna olmaqla, mediasiya iştirakçıları və mediasiyada iştirak edən digər şəxslər şahid qismində dindirilə bilməzlər.

Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Rəyasət Heyəti və Mediasiya Şurası İdarə Heyəti Azərbaycan Respublikası “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun və “Mediasiya haqqında” Qanunun tələblərinə əsasən yaradılan vəkil bürolarında və mediasiya təşkilatlarında fəaliyyət göstərən vəkillərin və mediatorların peşə fəaliyyətinin həyata keçirilməsi zamanı nəzərə alınmalı olan prinsiplərə riayət edilməsi, həmçinin mediasiya və vəkillik fəaliyyətində şəxslər arasında maraq toqquşmasının qarşısının alınması məqsədi ilə tədbirlərin həyata keçirilməsi ilə bağlı birgə müraciətində konfidensiallıq mediasiyanın əsas və təməl prinsiplərini təşkil edilməsi xüsusi ilə vurğulanmışdır. Bundan əlavə birgə müraciətdə qeyd olunmuşdur ki,“Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 1-ci maddəsinin II hissəsinə əsasən vəkillik qanunun aliliyi, müstəqillik, demokratizm, humanizm, ədalət, aşkarlıq və konfidensiallıq prinsipləri əsasında fəaliyyət göstərir. “Vəkillərin davranış qaydaları haqqında” Əsasnamənin 1.2-ci bəndinə əsasən hər bir vəkil qanunun aliliyi, müstəqillik, demokratizm, humanizm, ədalət, aşkarlıq, konfidensiallıq prinsiplərini, insan hüquqlarını və davranış qaydalarını rəhbər tutaraq, bu Əsasnamənin müddəalarına əməl etməyə borcludur. Həmin Əsasnamənin 1.3-cü bəndinə əsasən hər bir vəkil, vəkil andına sadiq qalmalı, peşə fəaliyyətində və peşə fəaliyyətindən kənar davranışında bu Əsasnamənin müddəalarını rəhbər tutmalıdır. Vəkilin peşə fəaliyyətindən kənar fəaliyyəti vəkilliyin nüfuzuna xələl gətirməməlidir.

Bundan əlavə Vəkillər Kollegiyası Rəyasət Heyəti və Mediasiya Şurası İdarə Heyəti aşağıdakı qaydalara riayət etməyi vəkillərə və mediatorlara tövsiyyə etmişdir:

Vəkil büroları ilə eyni ünvanda fəaliyyət göstərən mediasiya təşkilatlarında mediasiya xidmətinin göstərilməsi zamanı maraq toqquşmasının qarşısının alınması, vəkillik və mediasiyaya olan ictimai etimadın yüksəldilməsi və qorunması məqsədi ilə həmin vəkil bürolarında fəaliyyət göstərən vəkillərin mediasiya xidmətinin göstərilməsi barədə müraciətlərinin digər mediasiya təşkilatlarına yönləndirilməsi vəkillərə, mediasiya təşkilatlarına və mediatorlara tövsiyyə edilsin.

Mediasiya xidmətlərinin göstərilməsi zamanı mediasiya müraciəti edən tərəfin vəkili ilə mediasiya xidməti göstərən mediatorun həm də eyni vəkil bürosunun vəkili olduğu halda, xidmət göstərən mediatora həmin mediasiya müraciətini təşkilatın digər mediatorlarına yönləndirilməsini təmin etməsi mediatorlara, vəkillərə tövsiyyə edilsin".

Hesab edirik ki, yuxarıdakı tövsiyyələr maraq toqquşmasının qarşısının alınması, vəkillik və mediasiyaya olan ictimai etimadın yüksəldilməsi və qorunması məqsədindən əlavə olaraq, konfidensiallıq prinsipinin qorunmasına xidmət edir.

Lakin qanunvericilik konfidensiallıq prinsipindən müəyyən istisnalar da nəzərdə tutmuşdur. Belə ki, “Mediasiya haqqında” Qanunun 8.4-cü maddəsinə əsasən Bu Qanunun 8.2-ci, 8.3-cü və 8.5-ci maddələri mediasiya zamanı ağır və xüsusilə ağır cinayət hadisələri haqqında əldə olunan məlumatların verilməsi, habelə cinayət mühakimə icraatı zamanı mediasiyaya aid məlumatların açıqlanması vəzifəsinin məhkəmə qərarı ilə müəyyən edilməsi hallarına şamil olunmur. Göründüyü kimi, mediasiya zamanı əldə edilmiş məlumatların eləcə də sənədlərin əldə edilməsinin qanunverici xüsusi prosedurunu müəyyən etmişdir. Bu isə öz növbəsində sözügüdən məlumatların, sənədlərin ağır və xüsusilə ağır cinayətlə əlaqədar olub-olmamasının əsaslandırılmasını zəruri edir.

Qanunverici mediasiyada konfidensiallığın qorumnasını zamanla məhdudlaşdırmır. Belə ki, Mediatorun və mediasiya təşkilatının müvafiq fəaliyyətini həyata keçirmək hüququ dayandırıldıqdan və ya Mediasiya Şurasının üzvlüyündən çıxarılmasından sonra da mediasiya zamanı əldə olunmuş məlumatların konfidensiallığının qorunması təmin olunmalı olduğunun “Mediasiya haqqında” Qanununun 8.5-ci maddəsində görürük.

Qanunvericiliklə mediasiya zamanı əldə edilmiş məlumatların konfidensiallıqla bağlı qaydalarının pozulması üçün məsuliyyət nəzərdə tutulmuşdur.

“Mediasiya haqqında” Qanununun 8.6.-cı maddəsinə əsasən mediasiya iştirakçıları və mediasiyada iştirak edən digər şəxslər tərəfindən bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş konfidensiallıqla bağlı qaydaların pozulması qanunla nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.

Eyni zamanda Azərbaycan Respublikasının İnzibati xətalar Məcəlləsinin 602-2.3-cü maddəsi ilə Mediasiya iştirakçıları və mediasiyada iştirak edən digər şəxslər tərəfindən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş konfidensiallıqla bağlı qaydaların pozulmasına görə fiziki şəxslər səkkiz yüz manat məbləğində, vəzifəli şəxslər min beş yüz manat məbləğində, hüquqi şəxslər üç min manat məbləğində cərimə edilməsini nəzərdə tutmuşdur.

Mediasiya prosesinin konfidensiallığının qorunması öhdəliyini qanunverici tək mediasiya və mediasiya təşkilatı deyil, eyni zamanda tərəflərə də aid etmişdir. “Mediasiya haqqında” Qanununun 9.3.2.-ci maddəsində mediasiya prosesinin konfidensiallığını qorumaq öhdəliyi tərəflərin vəzifəsi kimi müəyyən edilmişdir. Eyni zamanda mediasiya prosesində əldə edilmiş məlumatların, eləcə də sənədlərin konfidensiallığının pozulması situasiyadan asılı nəinki inzibati, eləcə də müxtəlif növ məsuliyyətə səbəb ola bilər. Məsələn kommersiya sirrinin yayılması maddi məsuliyyətə, övladlığa götürmə sirrinin isə cinayət məsuliyyətinə belə səbəb olunacağı istisna edilmir.

Konfidensiallıq barədə tərəflərə ətraflı məlumatın verilməsi, habelə konfidensiallıqla bağlı müddəaların mediasiya xidmətlərinin göstərilməsinə dair müqaviləyə salınması mediasiyanın uğurla nəticələnməsinə zəmin yaradır. Mediasiya xidmətlərinin göstərilməsinə dair müqaviləyə konfidensiallıqla bağlı şərtlərin daxil edilməsi qanunvericiliklə müəyyən edilmişdir (“Mediasiya haqqında” Qanununun 23.4-cü maddəsi).

Beləliklə ümumiləşdirərək deyə bilirik ki, mediasiya zamanı konfidensiallığın həm mediasiya iştirakçıları, həm də mediasiyada iştirak edən digər şəxslər tərəfindən qorunması, mediasiya zamanı əldə edilmiş məlumatların və sənədlərin məhkəmə və arbitraj (münsiflər məhkəməsi) proseslərində, başqa mediasiya zamanı və ya hər hansı digər hallarda açıqlamaq və ya onlara istinad etmək hüququndan mərhum edilməsi, mediatorun şahid kimi məhkəmədə dindirilə bilməməsi və konfidensiallığın pozulması üçün qanunvericilik tərəfindən məsuliyyətin müəyyən edilməsi mediasiyanın digər prosedurlardan fərqləndirməklə mediasiyaya üz tutanların həqiqi ehtiyac və maraqlarının müəyyən edilməklə, onların ödənilməsi və təmin edilməsi üçün daha əlverişli şərait yaradır.

Bəxtiyar Atakişiyev

Vəkillər Kollegiyasının üzvü

Oxşar xəbərlər