"Mediasiyada uğurlu nəticələr gözləniləndən daha tez əldə olunur" - MÜSAHİBƏ


  • 22 May 2023 12:17

Bakı 2 saylı Mediasiya Təşkilatının mediatoru Gülnar Həsənovanın e-huquq.az-a müsahibəsi

- Gülnar xanım, mediasiya nədir? Mübahisələrin mediasiya yolu ilə həlli bizə nə qazandırır?

- Mediasiya mübahisələrin həlli yollarından biridir. Mediasiya ailə, kommersiya, əmək və sair kimi mövzularda iki və daha çox şəxsin arasında yaranmış mübahisələrin danışıqlar yolu ilə neytral bir şəxsin, yəni mediatorun köməkliyi ilə həllinə çalışan könüllü bir prosesdir. Eyni zamanda qeyd etməliyəm ki, mediasiyanın ən böyük məqsədi odur ki, yaranmış problemlərin həllində insanlara kömək göstərsin. Mediasiya insanlara zaman qazandır. Məhkəmədə proseslər uzun çəkir, bəzən illərlə davam edir. Eyni zamandan mübahisələr mediasiyada həll olunduqda və razılıq əldə edildikdə xərclər də azalır. Mediasiya prosesi zamanı işlər daha tez baxılaraq qərar qəbul olunur və tərəflərin əldə etdiyi barışıq sazişi dərhal və ya onların müəyyən etdiyi vaxtda tərəflər üçün məcburi xarakter alır.

- Mediasiya prosesinin uğurlu olması üçün mediatorun üzərinə hansı öhdəliklər düşür?

- Bilirik ki, mediasiya prosesinin nəticəsi mübahisə predmetinə və tərəflərdən asılı olaraq dəyişə bilər. Mediasiyaya müraciət edən tərəflərə ilk növbədə mediasiya və onun üstünlükləri haqqında ətraflı məlumat vermək, daha sonra mediasiyanı tərəflərin diqqətənə çatdırmaq zəruridir. Mediator olaraq mən bunu tərəflərə ətraflı və dolğun şəkildə izah etmək çalışıram. Eyni zamanda qeyd etmək istəyirəm ki, mediatorun əsas xüsusiyyətlərindən biri onun bitərəf olmasıdır. Mediasiya prosesi zamanı mediator neytrallığı qoruyub saxlamağı bacarmalıdır, əks halda bu, barışığın əldə edilməsinə maneə ola bilər. Tərəflərlə mediator arasında səmimi müzakirə mühitinin yaranması üçün mediator hər şeydən öncə tərəflərdə özünə qarşı inamı formalaşdırmağı bacarmalıdır. Eyni zamanda mediator həmkarlarımızın çoxsaylı barışıq sazişlərini nəzərə alsaq, qeyd etmək istərdim ki, uğurlu müsbət nəticələrimiz gözlədiyimiz zamandan tez olur.

- Mediasiyada konfidensiallığın pozulması hansı nəticələrə gətirib çıxarır?

- Mediasiyanın tətbiq dairəsi kifayət qədər geniş olduğundan konfidensiallığın pozulması məxfi hesab edilən, o cümlədən bir sıra fərdi məlumatların aşkara çıxmasına səbəb ola bilər. Mübahisənin predmetindən asılı olaraq, bu məlumatlar sırasına kommersiya sirrini, ailədaxili sirləri, tərəflərin fərdi məlumatlarını və bu kimi digər məlumatları misal göstərmək mümkündür. Bu məlumatların qorunub saxlanması mediatorların, eləcə də mediasiyanı təşkil edən qurumların əsas öhdəliklərindən biri hesab olunur. Konfidensiallıq, o cümlədən mediatorun qərəzsiz və bitərəf olmasının da zəmanətidir. Bu prinsip onun gələcəkdə hər hansı tərəfin əleyhinə şahidlik etməsinin qarşısını alır. Tərəflər qarşılıqlı razılıq əsasında müvafiq məlumatların açıqlanmasını, o cümlədən proseslərin açıq keçirilməsini müəyyən edə bilərlər. Digər bir istisna hal isə sözügedən məlumatların cinayət hadisəsi ilə bağlı, yaxud cinayət mühakimə icraatı zamanı əldə edilməsidir. Əlavə olaraq, “Mediasiya haqqında” Qanun barışıq sazişinin təsdiqi və icrası məqsədilə məlumatların əldə edilməsi imkanını müəyyənləşdirir. O cümlədən, dövlətlərin bir sıra mübahisələr, xüsusilə ailədaxili və məişət zorakılığı ilə bağlı xüsusi məsələlər barədə beynəlxalq orqanlara hesabat vermək öhdəliyi bu prinsipin istisnasına əsas yaradır.

- Mediasiya prosesində daha çox hansı problemlərlə qarşılaşırsınız?

- Bildiyiniz kimi, mediasiya prosesində barışıq əldə olunması üçün hər iki tərəfində iştirak etməsi zəruridir. Lakin bəzən tərəflərdən biri və ya hər iki tərəf əvvəlcə gələcəyini desə də, sonradan mediasiya sessiyasında iştirak etməkdən imtina edir. Bəziləri isə hətta zənglərimizi belə açmırlar ki, fikrimizi çatdıraq, ortaq yol tapa bilək. Bu kimi problemlərə görə barışıq əldə etmək çox çətin olur.

- Bəs mediasiyaya müraciət zamanı bizi hansı xərclər gözləyir?

- Qeyd etməliyəm ki, ilkin məcburi mediasiya sessiyasının xidmət haqqı Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə müəyyən edilib. Belə ki, ailə və əmək mübahisələrindən irəli gələn mübahisələr üzrə xidmət haqqı 50 manat, kommersiya mübahisələri üzrə isə mübahisə məbləğindən asılı olaraq 20 manatdan 400 manata kimidir. İlkin sessiyada çəkilən xərclər 10 manat kimi məhdudlaşdırılıb və təsdiqedici sənədlər olduqda tərəflər tərəfindən ödənilir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər