Azərbaycanın dövlətçilik yolu: Konstitusiya, suverenlik və milli həmrəylik


  • 15:45

Tarixin müxtəlif mərhələlərində ölkəmizə yönəlmiş xarici müdaxilələr, işğallar və sosial-iqtisadi çətinliklər xalqımızın dövlətçilik və milli-mədəni ideallarını zəiflədə bilməmişdir. Əksinə, bu sınaqlar milli kimliyin qorunması, mübarizə ruhunun möhkəmləndirilməsi və vətənpərvərlik ənənələrinin inkişafına stimul olmuş, xalqın öz ideallarına sadiqliyini və milli birlik hissini daha da gücləndirmişdir. Azərbaycan xalqı bütün bu çətinliklərə baxmayaraq, milli-mədəni dəyərlərini qoruyaraq gələcək nəsillərə ötürmüş və XX əsrin sonlarında uzun illərdən sonra müstəqil Azərbaycan dövlətini bərpa etmişdir. Bu bərpa yalnız siyasi və hüquqi hadisə kimi deyil, həm də xalqın öz taleyinə sahib çıxmasının, dövlətçilik ənənələrinə sadiqliyinin və milli həmrəyliyin hüquqi-siyasi təcəssümü kimi qiymətləndirilə bilər.

1991-ci il oktyabrın 18-də qəbul edilmiş “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ölkəmizin hüquqi müstəqilliyinin bərpasında və dövlətçiliyin möhkəmləndirilməsində əsas sənəd rolunu oynamışdır. Bu sənəd eyni zamanda yeni Konstitusiyanın hazırlanması üçün hüquqi və institusional zəmin yaratmağı nəzərdə tutmuşdur. Lakin 1991–1993-cü illərdə ölkədəki siyasi və idarəçilik boşluqları dövlət qurumlarının səmərəli fəaliyyətinə mane olmuş, idarəetmənin qurulmaması nəticəsində cəmiyyət həyatının müxtəlif sahələrində dərin böhran yaranmışdır. Bu dövrdə iqtisadiyyat zəifləmiş, sosial və hüquqi institutlar kifayət qədər işlək vəziyyətə gətirilə bilməmiş, ölkədə qanunçuluğun təminatı və vətəndaşların əsas hüquqlarının qorunması böyük çətinliklərlə üzləşmişdir. Həmçinin, dövlət orqanlarının funksional strukturu tam formalaşmadığından idarəetmədə əhəmiyyətli boşluqlar yaranmış, siyasi stabillik və ictimai asayiş ciddi təhlükə altında olmuşdur.

Nəticədə, dövlətçilik institutlarının yetərli şəkildə işləməməsi xalqın hüquqi müdafiəsi və dövlətin səmərəli idarə olunması məsələlərində ciddi əngəllər yaratmış, ölkənin həm daxili, həm də beynəlxalq siyasətdə mövqeyinin zəifləməsinə səbəb olmuşdur. Bu mürəkkəb şərait yalnız gələcək Konstitusiya islahatlarının vacibliyini göstərməklə kifayətlənməmiş, eyni zamanda xalqın müstəqillik və suverenlik uğrunda mübarizəsinin əhəmiyyətini də daha qabarıq şəkildə ortaya qoymuşdur.

Yalnız 1993-cü ildə xalqın tələbi və dəstəyi ilə yenidən hakimiyyətə qayıtmış Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi sayəsində ölkədə o dövrdə hökm sürən siyasi və ictimai xaos, iqtisadi qeyri-sabitlik və idarəetmə boşluqları dayandırılmış, cərəyan edən təhlükəli proseslərin qarşısı alınmış, ictimai-siyasi sabitlik təmin edilmiş və eyni zamanda müasir Azərbaycan dövlətçiliyinin qurulması üçün etibarlı hüquqi zəmin yaradılmışdır ki, bu da ölkəmizdə dövlət idarəçiliyi sisteminin formalaşması, qanunçuluğun bərqərar olması və vətəndaşların hüquq və azadlıqlarının qorunması baxımından həyati əhəmiyyət kəsb etmişdir. Ulu Öndərin bilavasitə rəhbərliyi və siyasi uzaqgörənliyi nəticəsində hazırlanmış və 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Azərbaycan Respublikasının ilk Konstitusiyası yalnız formal hüquqi sənəd rolunu oynamamış, eyni zamanda ölkədə genişmiqyaslı islahatların həyata keçirilməsinə, dövlət quruculuğu proseslərinin səmərəli və ardıcıl aparılmasına imkan verən fundamental hüquqi baza rolunu oynamışdır.
Bu Konstitusiya Azərbaycan Respublikasının müstəqilliyini və suverenliyini qorumaqla yanaşı, ərazi bütövlüyünü təmin etməyə, hüquqi və dünyəvi dövlət quruculuğunu inkişaf etdirməyə, vətəndaşların layiqli həyat səviyyəsini təmin etməyə, həmçinin ölkəmizin beynəlxalq əlaqələrini hüquqi əsaslar üzərində qurmağa və dünya dövlətləri ilə sülh, dostluq və əməkdaşlıq şəraitində qarşılıqlı münasibətləri möhkəmləndirməyə imkan yaratmışdır ki, bütün bunlar müasir Azərbaycan dövlətinin siyasi, hüquqi və sosial inkişafının təməlini təşkil etmişdir. Eyni zamanda bu Konstitusiya milli dövlətçilik ənənələrinin qorunması, dövlət idarəçiliyi institutlarının möhkəmləndirilməsi və ölkənin uzunmüddətli inkişaf strategiyasının hüquqi çərçivədə təmin olunması baxımından da əvəzolunmaz əhəmiyyətə malik olmuşdur.

Konstitusiyanın ən mühüm prinsiplərindən biri dövlət suverenliyidir. Suverenlik anlayışı dövlətin öz ərazisi üzərində ali hakimiyyətini, daxili və xarici siyasətini müstəqil şəkildə müəyyən etmək hüququnu ifadə edir. Lakin, hüquqi baxımdan təsbit olunmuş suverenliyin real məzmun kəsb etməsi üçün onun faktiki təminatı vacibdir. Bu təminat isə güclü siyasi hakimiyyət, effektiv dövlət idarəçiliyi və ardıcıl milli siyasət olmadan mümkün deyildir Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyası bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən müasir çağırışlara uyğun şəkildə davam və inkişaf etdirilir. 2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatçı hərbi əməliyyatlarına cavab olaraq Azərbaycan Ordusu tərəfindən həyata keçirilmiş Vətən müharibəsi nəticəsində ölkəmizin tarixi ərazi bütövlüyü təmin edilmiş, milli suverenlik prinsipləri qorunmuşdur. Bu müharibə yalnız hərbi uğur deyil, həm də Azərbaycan dövlətçiliyinin hüquqi və institusional əsaslarının faktiki şəkildə tətbiqi və qorunması baxımından önəmli mərhələ olmuşdur. 2023-cü il sentyabrın 19–20-də aparılmış uğurlu antiterror əməliyyatı isə ölkənin suverenliyinin qorunması istiqamətində növbəti strateji addım kimi Azərbaycan Respublikasının ərazi bütövlüyünün tam bərpasına xidmət etmişdir. Bu əməliyyatlar sayəsində Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi, milli suverenliyi və dövlətin idarəetmə səlahiyyətləri işğaldan azad edilmiş bütün ərazilərdə tam şəkildə bərqərar olmuşdur.

Bu tarixi nailiyyətlərin gerçəkləşməsində Cənab Prezident İlham Əliyevin müdrik və uzaqgörən siyasəti, qətiyyətli rəhbərliyi və strateji qərarvermə bacarığı xüsusi əhəmiyyət kəsb etmişdir. Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan hərbi, diplomatik və hüquqi tədbirlər milli maraqların qorunmasını təmin etmiş, həm daxildə, həm də beynəlxalq səviyyədə Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün müdafiəsini gücləndirmişdir. Prezidentin qətiyyətli siyasəti nəticəsində yalnız hərbi sahədə deyil, həm də hüquqi və diplomatik müstəvidə Azərbaycanın mövqeyi möhkəmlənmiş, milli suverenlik prinsipləri real həyatda təsdiqini tapmışdır.

Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 19 sentyabr tarixli 294 nömrəli Sərəncamına əsasən, sentyabrın 20-si Dövlət Suverenliyi Günü elan edilmiş, bu gün ölkəmizdə suverenliyin qorunması və inkişaf etdirilməsi istiqamətində dövlət siyasətinin mühüm simvoluna çevrilmişdir. Bundan başqa, 2025-ci ildə həm Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsinin 30-cu ildönümünün, həm də Vətən müharibəsində qələbəmizin 5-ci ildönümünün eyni dövrdə qeyd olunması əlamətdar tarixi hadisə kimi qiymətləndirilmiş və Azərbaycan Respublikasında 2025-ci il Cənab Prezidentin 28 dekabr 2024-cü il tarixli sərəncamı ilə “Konstitusiya və Suverenlik İli” elan edilmişdir ki, bu da milli dövlətçiliyin və hüquqi-siyasi sabitliyin gücləndirilməsi istiqamətində dövlət siyasətinin davamlılığını nümayiş etdirir. Qeyd olunan sərəncamlar eyni zamanda, Prezident İlham Əliyevin ölkənin suverenliyinin müdafiəsindəki əvəzolunmaz rolunu və Azərbaycan dövlətinin hüquqi-siyasi mövqeyinin gücləndirilməsinə verdiyi töhfəni rəsmi şəkildə təsdiq edir.
Dövlət suverenliyinin mühüm tərkib hissələrindən biri iqtisadi müstəqillikdir. Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü iqtisadi siyasət nəticəsində Azərbaycan güclü iqtisadi potensiala malik dövlətə çevrilmişdir. Enerji resurslarının səmərəli idarə olunması, beynəlxalq enerji və nəqliyyat layihələrinin reallaşdırılması ölkəmizin regional və qlobal mövqelərini möhkəmləndirmiş, siyasi müstəqilliyin iqtisadi əsaslarını yaratmışdır. Güclü iqtisadiyyat dövlətin daxili və xarici siyasətdə müstəqil qərarlar qəbul etməsinə imkan verən əsas amillərdən biridir.

Xarici siyasət sahəsində Prezident İlham Əliyevin rəhbərliyi ilə yürüdülən balanslaşdırılmış və prinsipial siyasət Azərbaycan Respublikasının beynəlxalq hüquqa əsaslanan mövqeyini daha da gücləndirmişdir. Dövlətimiz beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınmış, milli maraqlarını qətiyyətlə müdafiə etmək bacarığını nümayiş etdirmişdir. Bu siyasət suverenliyin yalnız formal deyil, real və təsirli mexanizmə çevrilməsinə şərait yaratmışdır.

Nəticə etibarilə, Konstitusiya və dövlət suverenliyi müasir Azərbaycan dövlətçiliyinin hüquqi və siyasi dayaqları kimi çıxış edir və milli dövlətçilik prinsiplərinin qorunmasında həlledici rol oynayır; bu baxımdan 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması yalnız rəmzi hadisə və ya tarixdə qeyd kimi deyil, həm də hər bir vətəndaş, xüsusən dövlət idarəçiliyində və məhkəmə sistemində fəaliyyət göstərən şəxslər üçün Konstitusiyanın aliliyinin qorunmasının və dövlətin suverenliyinə xidmətin gündəlik vəzifə və məsuliyyət kimi başa düşülməsini tələb edən mühüm çağırışdır.

Məhkəmə sistemi, Konstitusiyanın təminatçısı rolunu həyata keçirməklə yanaşı, Azərbaycan Respublikası adından çıxarılan hər bir qərar və qanunların tətbiqi prosesi vasitəsilə vətəndaşların dövlətə olan inamını möhkəmləndirir, hüquqi şüurun inkişafına töhfə verir və nəticədə milli həmrəyliyin güclənməsində əvəzolunmaz rol oynayır.
Beləliklə, 2025-ci il “Konstitusiya və Suverenlik İli” yalnız dövlətin hüquqi və institusional prinsiplərinin xatırlanması ili deyil, həm də hakimlər və məhkəmə işçiləri üçün Konstitusiyanın aliliyini qorumağın hər gün və hər qərarda öz əksini tapmasının vacibliyini nümayiş etdirən çağırış ilidir.

Günel Məmmədova

Sabunçu Rayon Məhkəməsinin hakimi

Oxşar xəbərlər