Hakim hansı hallarda özü özünə etiraz etməlidir?


  • 15:51

Məhkəmə prosesində ədalət prinsipinin qorunması hakimlərin qərəzsiz və obyektiv mövqe sərgiləməsini tələb edir. Bu baxımdan hakimin özü özünə etirazı institutu mühüm hüquqi təminat mexanizmi kimi çıxış edir. Hakim hər hansı səbəbdən iş üzrə tərəfsizliyinə kölgə düşə biləcəyini hesab etdikdə, prosesdən kənarlaşmaqla ədalətli məhkəmə araşdırmasının təmin olunmasına xidmət edir.

E-huquq.az-ın məlumatına görə, qanunvericilikdə hakimin özü özünə etiraz etməsinin əsasları müəyyən edilib.

Mülki Prossesual Məcəlləyə əsasən, əgər əvvəllər hakim kimi, birinci instansiya məhkəməsində, apellyasiya və kassasiya instansiyalarında, həmçinin yeni açılmış hallar üzrə işin mahiyyəti üzrə baxılmasında iştirak edibsə, əvvəllər tərəflərdən birinin nümayəndəsi, yaxud vəkili olubsa və ya işdə şahid, ekspert, mütəxəssis, tərcüməçi, məhkəmə iclasının katibi kimi iştirak edibsə, məhkəmədə baxılan mübahisə üzrə əvvəllər tərəflər arasında mediasiya prosesində mediator kimi iştirak edibsə, tərəflərdən biridirsə və ya tərəflərdən birinin və yaxud onun nümayəndəsinin və ya vəkilinin qohumudursa və ya qohumu olubsa, onun şəxsən, bilavasitə və ya dolayı yolla işin nəticəsində maraqlı olmasına, obyektivliyinə və qərəzsizliyinə dair şübhə doğuran kifayət qədər əsas varsa, hakim özü-özünə etiraz etməyə borcludur.

Bundan başqa, bir-biri ilə qohum olan şəxslərin işə baxan məhkəmə tərkibində iştirakına yol verilmir.

Qeyd edək ki, burada "qohum" dedikdə, babaya və nənəyə qədər əcdadları ümumi olan şəxslər, ər-arvadın yaxın qohumları, babanın, nənənin, valideynin, övladlığa götürənin, doğma və ögey qardaş və bacının, uşağın, övladlığa götürülənin və ya nəvənin əri (arvadı) və ya onların yaxın qohumları nəzərdə tutulur. Yaxın qohumlara babalar, nənələr, valideynlər, övladlığa götürənlər, doğma və ögey qardaşlar və bacılar, ər-arvad, uşaqlar, övladlığa götürülənlər, nəvələr aiddirlər.

Yusif Şükürov

Oxşar xəbərlər