- 12:29
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 iyul 2026-cı il tarixli, 13 nömrəli Qərarı inzibati məhkəmə icraatında mühüm bir məsələyə aydınlıq gətirib:
Məhkəmə hansı hallarda inzibati orqanın üzərinə konkret inzibati akt qəbul etmək öhdəliyi qoya bilər, hansı hallarda isə işi yenidən baxılması üçün inzibati orqana qaytarmalıdır?
Əgər qanun inzibati orqana seçim imkanı vermirsə, iddiaçının tələb etdiyi hüququn bütün şərtləri mövcuddursa və iş üzrə əhəmiyyətli faktlar tam araşdırılıbsa, məhkəmə inzibati orqanın üzərinə konkret inzibati aktın qəbul edilməsi öhdəliyini qoya bilər.
Məsələn, şəxsin tikintiyə icazə almaq üçün müraciəti qanunla nəzərdə tutulan bütün tələblərə cavab verirsə, inzibati orqanın başqa qərar vermək imkanı yoxdur. Bu halda məhkəmə yalnız müraciətə yenidən baxılmasını deyil, tikintiyə icazə verilməsi barədə aktın qəbul edilməsini tələb edə bilər.
Lakin inzibati orqanın diskresion səlahiyyəti, yəni qanun çərçivəsində bir neçə mümkün qərardan birini seçmək hüququ varsa, məhkəmə, bir qayda olaraq, həmin orqanın yerinə keçərək qərar qəbul etmir.
Belə halda məhkəmə:
— inzibati orqanın yol verdiyi hüquqi və faktiki səhvləri göstərir;
— qanunsuz imtina qərarını ləğv edir;
— müraciətə məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla yenidən baxılması barədə öhdəlik qoyur.
Burada vacib məqam budur:
İnzibati orqanın əvvəlki imtina qərarının qanunsuz olması hələ iddiaçının tələb etdiyi aktın mütləq qəbul ediləcəyi demək deyil.
Əsas məsələ iddiaçının həmin inzibati aktın qəbul edilməsinə dair maddi-hüquqi tələb hüququnun olub-olmamasıdır.
Ali Məhkəmənin mövqeyinə görə, inzibati orqan diskresion səlahiyyətə malik olsa belə, bu səlahiyyət sərhədsiz deyil. Qərar:
— qanunun məqsədinə uyğun olmalı;
— işin bütün mühüm hallarına əsaslanmalı;
— mütənasib olmalı;
— qərəzli və əsassız olmamalı;
— aydın şəkildə əsaslandırılmalıdır.
Bəzi müstəsna hallarda inzibati orqanın seçim imkanı faktiki olaraq “sıfıra enə” bilər. Yəni qanun formal olaraq seçim versə də, konkret işdə hüquqa uyğun yalnız bir qərar mümkün olur. Bu halda məhkəmə həmin konkret aktın qəbul edilməsini birbaşa inzibati orqanın üzərinə qoya bilər.
Bu Qərar inzibati məhkəmələrin nə inzibati orqanı əvəz etməli olduğunu, nə də qanunsuz və əsassız inzibati qərarlar qarşısında passiv qalmalı olduğunu göstərir.
Məhkəmə idarəetmənin məqsədəuyğunluğunu deyil, onun hüquqa uyğunluğunu yoxlayır.
İlhamə Həsənova,
Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü