Vəkillər narazılıq edir: Məhkəmələrdə telefon zənglərinə cavab verilmir


  • 15 Fevral 2021 13:02

Vətəndaşlar, eləcə də vəkillər məhkəmələrdə telefon zənglərinə cavab verilməməsi ilə bağlı tez-tez şikayət edirlər. Hər hansı bir məlumat almaq üçün məhkəməyə zəng edən şəxs dəfələrlə cəhd etsə də, dəstəyi götürən olmur. Bu da müəyyən narazılıqlara səbəb olur.

E-huquq.az məsələ ilə bağlı vəkillərin fikirlərini öyrənib.

Vəkil Adəm Məmmədov e-huquq.az-a açıqlamasında bu problemi işçilərin maaşının az olması ilə əlaqələndirib. Onun fikrincə, daha yüksək əməkhaqqı işə daha məsuliyyətlə yanaşmalarına səbəb ola bilər.

“Məhkəmələrin 90 faizində demək olar ki, telefon zənglərinə cavab verilmir. Əməkdaşlar telefonla danışmağa həvəssizdirlər. Düşünürəm ki, bu onların əməkhaqqının aşağı olması ilə bağlıdır. Telefonlara cavab verib nəyisə izah etmək böyük əziyyət və zəhmət tələb edən bir işdir. Az maaş alan katib həm işlərə baxıb, həm də zənglərə cavab verməyə həvəssiz olur. Onlar sanki işlərindən razı deyillər. Çoxu orada təcrübə toplamaq və işi öyrənmək üçün qalır. Hakim iradını bildirdikdə və ya onu məzəmmət etdikdə az əməkhaqqı alan katib ərizəsini verib işdən çıxır. Fikrimcə, daha yüksək maaş alsalar, işə daha məsuliyyətlə yanaşarlar”, - deyə A.Məmmədov bildirib.

Vəkil Ceyhun Yusifov bu problemi telefon əlaqələri sisteminin düzgün qurulmaması ilə əlaqələndirib. Onun sözlərinə görə, zənglərə cavab verilməsi məsələsinə nəzarət artırılmalıdır.

“Müvafiq olaraq, bir çox məhkəmələrdə köməkçi vəzifəsi daşıyan dəftərxana xidməti olsa da, informasiyaların alınmasında çətinlik mövcuddur. Bu da telefon əlaqələri sisteminin düzgün qurulmamasından irəli gəlir. Məlumat verməli olan şəxslər telefonlara cavab vermir. Biz özümüz də bu problemlə qarşılaşırıq. Hesab edirəm ki, konkret olaraq məhkəmənin dəftərxana sistemində məlumatlandırma insitutu yaradılmalıdır. O cümlədən hakim köməkçilərinin işə kifayət qədər məsuliyyətli yanaşması üçün tələb artırılmalıdır”, - deyə C.Yusifov qeyd edib.

Vəkil Muxtar Mustafayev isə məlumat almaq üçün daha çox dəftərxana ilə əlaqə saxladığını deyib: “Hər hansı məlumatı əldə etmək üçün hakimin katibinə zəng etmirəm, həmişə dəftərxana ilə əlaqə saxlayıram. Dəftərxanalara düşmək olur, orada problem yoxdur. Hazırda elektron məhkəmə sisteminin təkmilləşdirilməsi istiqamətində işlər gedir. Fikrimcə, məhkəmələrlə bağlı yaşanan bəzi problemlərdə məhkəmə işçiləri ilə yanaşı, vəkillərin də günahı var. SMS-lərin gəlməsi məsələsi, sistemə daxil edilməsi və sairlə bağlı. Biz vəkillər ərizəni təqdim edəndə ora telefon nömrəmizi yazmalıyıq. Vəkillərin elektron kabinetləri olmalıdır. Bununla bağlı məhkəmə işçilərinin də günahı var. Məlumatları sistemə daxil etmirlər”.

Vəkil Əfifə Əsgərova da bu problemlə qarşılaşdığını deyib. Ə.Əsgərovanın fikrincə, əlaqə üçün mobil nömrənin qeyd olunması daha effektiv olar.

“Bütün vəkillər kimi mən də bu halla qarşılaşmışam. Hesab edirəm ki, hansısa işlək mobil nömrə qoyulsa, hər iki tərəf üçün yaxşı olar. Məhkəmənin vaxtı, gecikmə və digər hallar barədə müəyyən məlumatları vermək üçün səlahiyyətli birinin idarə etdiyi mobil nömrənin olması effektiv olar. Bəzən özüm də şahidi olmuşam ki, köməkçi müəyyən işlə bağlı otaqda olmur, katib zalda olur, cavab verən olmur. Bəzi məhkəmələrdə isə telefon heç işləmir. Bəziləri də var ki, zəng edən kimi götürürlər. Belə bir problem də var ki, bildirişlərdə adətən qəbul otağının ya da dəftərxananın nömrəsi yazılır. Bu, dəftərxanaya da əlavə bir iş yüküdür. Bəlkə də bəzi hallarda ona görə telefonu götürmürlər. Hər bildirişin üstündə iştirak edəcəyimiz zal və həmin otağın işlək nömrəsi qeyd olunsa, hesab edirəm ki bu problemlər aradan qalxar”, - deyə o bildirib.

Vəkil Elşad İsayev telefon zənglərinə cavab verilməsi ilə bağlı nəzarətin gücləndirilməli olduğunu bildirib: “İstənilən məhkəməyə müraciət etdikdə bu kimi problemlə üzləşirsən. Son zamanlar bu kimi hallarla Yasamal Rayon Məhkəməsi, Nizami Rayon Məhkəməsi və Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsində qarşılaşıram. Telefon zənglərinə ümumiyyətlə cavab verilmir. Bəzən cavab verilsə də, “əlaqəndiririk” deyirlər və elə eşitdiyimiz də o olur. Zənglərə cavab verilməsi ilə bağlı nəzarət güclənməlidir. Əvvəllər vəziyyət belə deyildi, operativlik var idi. Görünür, zaman keçdikcə yuxarı orqan tərəfindən tələb azalanda aşağı orqanda da işçilər işi icra etməyə maraqlı olmurlar. Digər bir problem isə elektron məhkəmə sistemi ilə bağlıdır. Belə ki, icraatda olan 10 işdən 8-i barədə elektron məhkməmə sistemində ümumiyyətlə məlumat yerləşdirilmir”.

Xəyalə Bünyatova

Oxşar xəbərlər