"Ali Məhkəmə yanlış başa düşür, nəticədə bütün məsuliyyət vəkillərin üzərinə qoyulur"


  • 22 Oktyabr 2021 20:25

Mülki-Prosessual Məcəllənin 416.1-ci maddəsinin yeni redaksiyasının göstərişi Ali Məhkəmə tərəfindən yanlış başa düşülür. Nəticədə isə dəlillərlə bağlı bütün məsuliyyət vəkillərin üzərinə qoyulur.

Belə ki, həmin maddədə işə baxmanın həddi müəyyən olunub. Maddədə qeyd olunub ki, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmə maddənin hərfi mənasına əsaslanaraq hesab edir ki, yoxlama yalnız kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə aparılmalıdır, məhkəmə həmin dəlillərdən kənara çıxa bilməz, odur ki, vəkillər kassasiya şikayətini tərtib edərkən dəlillərə münasibətdə daha diqqətli olmalıdırlar.

Əslində isə Ali Məhkəmənin kassasiya şikayətində irəli sürülmüş dəlillərdən kənara çıxmaq səlahiyyəti var. Ona görə də Ali Məhkəmə dəlillərlə bağlı bütün məsuliyyəti vəkillərin üzərinə qoymalı deyil. Bu, aşağıda göstərilənlərlə təsdiq olunur:

1-ci:

416.1-ci maddənin mətnində “yalnız” ifadəsi işlədilməyib. Ali Məhkəmə həmin maddəyə məhdudlaşdırıcı təfsir verə bilməz, yəni “yoxlama yalnız kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə aparılmalıdır” deyə bilməz.

2-ci:

416.1-ci maddə MPM-nin 2-ci maddəsi ilə qarşılıqlı əlaqədə tətbiq olunmalıdır. 2-ci maddə mülki məhkəmə icraatının vəzifələrini müəyyən edib və həmin vəzifələrdən biri belə qeyd olunub: mülki məhkəmə icraatı qanunçuluğun bərqərar edilməsinə rəvac verir. Kassasiya icraatı mülki məhkəmə icraatının bir hissəsidir və mülki məhkəmə icraatının vəzifəsi həm də kassasiya icraatına aiddir. Odur ki, qanunçuluğun bərqərar edilməsinə zərurət olduqda Ali Məhkəmə kassasiya şikayətinin dəlillərindən kənara çıxmalıdır.

Müqayisə üçün qeyd edək ki, Rusiya bu yanaşmadan istifadə edir. Belə ki, RF MPM-nin 379.6 və 390.13-cü maddələrindən görünür ki, həm ümumi yurusdiksiyalı kassasiya məhkəmələri, həm də RF Ali Məhkəməsinin məhkəmə kollegiyaları aşağı instansiya məhkəmələrinin qərarlarını kassasiya şikayətində irəli sürülmüş dəlillər həddində yoxlayır. Yəni Rusiya qanunvericiliyinin bu məsələyə münasibəti bizdə olduğu kimidir. Lakin həmin maddələrdə daha sonra qeyd olunub ki, qanunçuluq maraqları naminə məhkəmə kassasiya şikayətində irəli sürülmüş dəlillərdən kənara çıxa bilər.

Qanunçuluq maraqları nədir?

Bunun izahı RF Ali Məhkəməsi Plenumunun “Kassasiya instansiyası məhkəməsində icraatı nizamlayan mülki-prosessual qanunvericilik normalarının məhkəmələr tərəfindən tətbiqi barədə” 22.06.2021-ci il tarixli, 17 nömrəli qərarının 32-ci bəndində verilib. Orada qeyd olunub ki, qanunçuluq maraqları deyildikdə RF MPM-nin 2-ci maddəsindəki müddəa nəzərə alınmaqla maddi və prosessual hüquq normalarının təfsiri və tətbiqinin düzgünlüyünün göstərilən məqsədlərlə yoxlanılmasının vacibliyi başa düşülür: 1) mülki, əmək (qulluq) və digər hüquq münasibətlərinin iştirakçılarının pozulmuş və ya mübahisələndirilən hüquq, azadlıq və qanuni maraqlarının qorunması məqsədilə; 2) ailənin, analığın, atalığın, uşaqların qorunması məqsədilə; 3) mənzil hüququnun təmin edilməsi məqsədilə; 4) sağlamlığın qorunması məqsədilə; 5) sağlam ətraf mühitdə yaşamaq hüququnun təmin edilməsi məqsədilə; 6) təhsil hüququnun, o cümlədən digər insan və vətəndaş hüquqlarının qorunması məqsədilə; 7) ictimai maraqların və insanların qeyri-müəyyən dairəsinin hüquq və qanuni maraqlarının qorunması məqsədilə; 8) hüquq qaydalarının qorunmasına zərurət olduğu digər hallarda.

Görüdüyü kimi, Plenumun qərarında RF MPM-nin 2-ci maddəsinə istinad olunur. Həmin maddənin göstərişi AR MPM-nin 2-ci maddəsinin göstərişi ilə eynidir: hər ikisində mülki məhkəmə icraatının vəzifələri ilə bağlı eyni göstərişlər müəyyən olunub. Ona görə də AR Ali Məhkəməsi bu məsələyə münasibətdə RF Ali Məhkəməsinin mövqeyindən istifadə etməlidir, yəni qanunçuluğun maraqları tələb etdiyi halda AR MPM-nin 2-ci maddəsinə əsaslanmaqla kassasiya şikayətinin dəlillərindən kənara çıxmalıdır.

Məsələn, valideynlik hüquqlarından məhrum etmə, valideynin razılığı olmadan uşağın ölkədən getməsi və uşaqlarla bağlı digər mübahisələrə Ali Məhkəmədə baxılarkən uşağın sağlamlığı və ya həyatı üçün təhlükə olduğu iş materiallarından görünürsə, lakin kassasiya şikayətinin dəlillərində bu hallara istinad olunmayıbsa, Ali Məhkəmə kassasiya şikayətinin dəlillərindən kənara çıxmalıdır. Bunu Ali Məhkəmədən həm də “Uşaq hüquqları haqqında” Konvensiya tələb edir. Konvensiyanın 3-cü maddəsinin 1-ci hissəsində qeyd olunub: “Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən”.

Sonda qeyd edək ki, 416.1-ci maddənin yeni redaksiyası qüvvəyə mindiyinə görə Ali Məhkəmə 14.10.2020-ci il tarixli, 04 nömrəli qərarına yenidən baxmalıdır. Həmin qərar Mülki və Kommersiya Kollegiyaları tərəfindən birgə qəbul olunub, kassasiya şikayətinin mümkünlüyü ilə bağlı MPM-nin tətbiqi məsələlərinə həsr olunub. Bu qərarda qeyd olunub ki, məhkəmə aktlarının bir tərəfin kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən kassasiya qaydasında yoxlanılması yolverilməzdir. Artıq bundan sonra Ali Məhkəmə məhkəmə aktını kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə yoxlayır. Ona görə də bir tərəfin kassasiya şikayəti əsasında yoxlanılmış hissədən sonradan kassasiya şikayəti vermiş digər tərəf əvvəlki kassasiya şikayətində irəli sürülmüş dəlillərdən fərqli dəlillər irəli sürürsə, Ali Məhkəmə həmin dəlillər üzrə məhkəmə aktını təkrar yoxlamalıdır. Belə yoxlamadan Ali Məhkəmə o halda imtina edə bilər ki, əvvəlki kassasiya şikayətinə baxarkən qanunçuluq maraqları naminə kassasiya şikayətinin dəlillərindən kənara çıxmış olsun.

Beləliklə, kassasiya şikayətinin dəlillərindən asılı olmayaraq Ali Məhkəmə qanunçuluğun bərqərar edilməsinə görə məsuliyyət daşıyır. Ona görə də 416.1-ci maddə tətbiq edilərkən yuxarıda qeyd edilənlər nəzərə alınmalıdır.

Namiq Cəfərov

Bakı Apellyasiya Məhkəməsinin hakimi

Oxşar xəbərlər