- 5 İyun 17:53
“Uşaqların ölkədən getməsinə icazənin verilməsi ilə əlaqədar valideynlər arasında yaranan mübahisələr üzrə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 13 saylı qərarına müvafiq olaraq:
- Uşaqların ölkədən getməsinə icazənin verilməsi ilə əlaqədar valideynlər arasında mübahisələr ailə münasibətlərindən irəli gələn mübahisələrə aid olduğundan “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 3.2-ci maddəsinə əsasən, həmin Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl tərəflərin ilkin mediasiya sessiyasında iştirakları tələb olunur.
- İddianın yolverilməzliyi hallarına gəldikdə isə uşaqların digər valideynin razılığı olmadan ölkədən getməsinə icazənin verilməsi ilə əlaqədar tələblər üzrə iddia qaldırmaq hüququna malik olan şəxslərin dairəsinə yalnız valideynlər və valideynlərə bərabər tutulan övladlığa götürənlər (əgər uşaq ər-arvad tərəfindən övladlığa götürülübsə) daxildirlər. Valideyn himayəsindən məhrum olmuş uşağın nənə, baba və ya digər qohumu və ya orqanın himayəsinə və yaxud qəyyumluğuna, o cümlədən bir nəfərin övladlığına verildiyi hallarda həmin şəxslərin özü ilə uşağı ölkədən çıxarması üçün hər hansı icazənin alınması tələb olunmur. Qanunvericiliyin sonuncular tərəfindən icazənin verilməsi ilə bağlı tələbi yalnız uşağın təkbaşına getdiyi hallara aiddir.
- Yetkinlik yaşına çatmayan vətəndaşın valideynlərindən birinin ölüm haqqında şəhadətnaməsi, ölmüş və ya itkin düşmüş elan edilməsi, valideynlik hüququndan məhrum edilməsi barədə qanuni qüvvəsini almış məhkəmə aktı və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş doğum haqqında akt qeydində ata barədə məlumatın ananın göstərişi üzrə yazılması halı olduqda yetkinlik yaşına çatmayan vətəndaşın ölkədən valideynlərinin biri ilə getməsi üçün digər şəxsin razılığı tələb olunmur. Yəni, qeyd olunan halları təsdiq edən sənədlərin olması uşağın bir valideynlə, həmin valideynin notariat qaydasında təsdiq edilmiş razılığının təqdim edildiyi halda isə tək gedə bilməsi üçün yetərlidir.
- Məhkəmələr tərəfindən bu qəbildən olan işlərə baxılarkən fiziki və psixoloji vəziyyəti nəzərə alınmaqla 7 yaşına çatmış uşağın fikri dinlənilir,10 yaşına çatmış uşağın isə fikri nəzərə alınır.10 yaşına çatmış uşağın fikrinin nəzərə alınması ilə bağlı göstəriş hər bir işin konkret hallarından və uşağın üstün mənafeyindən çıxış edilərək, onların fikri ilə üst-üstə düşməyən qərarın qəbul olunmasını istisna etmir. Bu cür hallarda uşağın fikrini həlledici hesab etməyən məhkəmə öz mövqeyini işin hallarına və işdə olan sübutlara istinadla əsaslandırmalıdır.
-Təcrübədə bəzi hallarda uşağın ölkədən çıxarılmasına razılıq verməyən, razılığın rəsmiləşdirilməsindən yayınan, yaxud da olduğu yeri müəyyənləşdirməyin mümkünsüzlüyü sübuta yetirilən valideyn sonradan işə məhkəmədə baxılarkən notarial qaydada təsdiq edilmiş razılığını təqdim edir. Bu hal iş üzrə icraata xitam verilməsi, iddia ərizəsinin baxılmamış saxlanması və yaxud da iddianın rədd edilməsi üçün əsas ola bilərmi?
Adı çəkilən Plenum Qərarına əsasən, mübahisəyə məhkəmə icraatında baxıldığı vaxt müvafiq razılığı əks etdirən ərizənin təqdim edilməsi mahiyyət etibarı ilə iddianın tam və yaxud qismən etiraf edilməsi kimi qiymətləndirilir. Yəni, bu hal iş üzrə icraata xitam verilməsi, iddia ərizəsinin baxılmamış saxlanması və yaxud da iddianın rədd edilməsi üçün əsas ola bilməz.
- Ölkədən çıxarılmasına icazənin verilməsi tələb olunan uşağın iddianın qaldırılması zamanı xaricdə olması mübahisənin olmaması anlamına gəlmir. Çünki valideynlərdən birinin xaricdə olan uşağın ölkəyə gətirilməsindən sonra onun ölkədən çıxışına icazə verməməsi, həmin uşağın ölkədən çıxışının qarşısını aldığından bu, iddianı qaldıran tərəfin ehtimal edilən deyil, həqiqi hüququnun müdafiəsi baxımından əhəmiyyətli hal kimi qiymətləndirməklə iddia ərizəsinin ümumi əsaslarla baxılaraq mahiyyəti üzrə qərarın qəbul edilməsini tələb edir.
- Valideynlərdən biri əcnəbi olduğu hallarda bu kateqoriya mübahisələrə baxılması zamanı Ailə Məcəlləsinin 153-cü maddəsinin tələbinə uyğun olaraq valideynlərlə uşaqların birgə yaşadıqları ölkənin qanunvericiliyinə uyğun, uşaqlarla ata-ananın birgə yaşayış yeri yoxdursa, uşağın vətəndaşı olduğu ölkənin qanunvericiliyi ilə müəyyənləşdirilir. Bununla belə, qanunvericiliyə əsasən, iddiaçının tələbi ilə ərazisində daimi yaşayan uşağın ölkənin qanunvericiliyinin tətbiq olunması imkanı məhkəmənin mülahizəsinə buraxılmışdır.
- Bu kateqoriya işlər üzrə yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarının cəlb edilməsi və yaxud müvafiq rəyinin alınması tələb olunmur.
- Cavabdeh valideynin uşaqla ünsiyyətdə olması ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin mövcudluğu uşaqların həmin valideynin icazəsi olmadan ölkə hüdudlarından kənara çıxarılmasına dair iddia tələblərinin rədd edilməsi üçün müstəqil əsas ola bilməz.Ünsiyyətlə bağlı qanuni qüvvəsini almış qətnamənin mövcudluğu halında məhkəmələr bu kateqoriya iddialara ümumi əsaslarla baxmalı və qərarın qəbulu zamanı ilk növbədə uşaqların maraqlarını nəzərə almalı, valideyni ilə ünsiyyətdən müəyyən müddətdə məhrum olacaqlarına səbəb olan səfərin onların tərbiyyə və təhsili, fiziki, psixi sağlamlığı, əxlaqi inkişafına təsiri baxımından qiymətləndirməli, habelə ünsiyyət hüququ olan valideynin maraqları ilə uşağın mənafeləri arasındakı ədalətli balansı gözləməlidirlər. Cavabdeh valideynin uşaqla ünsiyyətdə olması ilə bağlı qanuni qüvvəsini almış qətnamənin olduğu halda, məhkəmələr uşaqların həmin valideynin icazəsi olmadan ölkə hüdudlarından kənara çıxarılmasına dair iddianın təmin edilməsi qənaətinə gəldikdə, qətnamədə iddiaçı tərəfin üzərinə səfərdən öncə səfər edilən ölkə və səfərin tarixləri barədə icraatında uşaqla ünsiyyətə dair icra sənədi olan icra məmuruna məlumat vermək vəzifəsini qoymalıdırlar. Həmin məlumatın verilməsi isə icra məmuru tərəfindən “İcra haqqında” Qanunun 18.1.2-ci maddəsinə əsasən ünsiyyət hüququnun təmin edilməsi ilə bağlı olan icra sənədi üzrə icraatın borclunun üzrlü səbəblərdən icra hərəkətlərinin həyata keçirildiyi yerin hüdudlarından kənarda olduğu müddətdə yəni, səfər müddətində dayandırılması üçün əsas təşkil edir.
- Tərəflərin nikaha daxil olmamaları və ya aralarındakı nikahın pozulmaması səbəbindən uşağın hansı valideynin yanında saxlanması ilə bağlı məhkəmə qərarının olmaması bu cür iddiaların rədd edilməsi üçün müstəqil əsas hesab olunmur. Məhkəmələr tərəfindən nikahda olan və ya nikahda olmayan şəxslərin analoji iddialarına baxılarkən, işdə olan sübutlara ölkəni tərk etmək üçün icazəni verməyən valideyn ilə uşaq arasında həqiqi münasibətlər, ünsiyyət, uşağın ictimai-sosial həyatında onun rolu, valideynlik vəzifələrinin yerinə yetirilib-yetirilməməsi, yaxud aliment ödəməklə kifayətlənməsi kimi halların mövcudluğu baxımından qiymət verilir, uşağın həyatında faktiki heç bir rol oynamayan valideynin səfərin uşağın mənafeyinə zidd olması ilə bağlı konkret sübutlara əsaslanmayan etirazı əsassız hesab edilir.
- Uşağın digər valideynin razılığı olmadan ölkədən çıxarılmasına dair iddia tələbi ilə məhkəməyə müraciət edən valideyn iddia ərizəsində uşağın ölkə hüdudlarından kənara çıxarılmasının məqsədi ilə bağlı (uşaqların xarici ölkələrdə daha etibarlı və düzgün müalicə almaları, eləcə də onların dünya görüşlərinin artırılması, xarici dövlətlərdə yaşayan qohumları ilə əlaqələrin bərpa və inkişaf etdirilməsi, təhsil alması, istirahətinin təşkili və.s) aydın mövqe sərgiləməlidir.
- Bu iddialar üzrə uşağın himayəsinə verildiyi iddiaçı valideyn ölkədən kənara getməsinin uşağın mənafeyinə uyğunluğunu sübut etmək vəzifəsi daşımır. Sübutetmə yükü uşağın xarici ölkəyə aparılmasına etiraz edən valideynin üzərinə düşür. Belə ki, bu valideyn səfərin uşağın mənafeyinə, o cümlədən tərbiyə və təhsilinə, psixi sağlamlığına, əxlaqi inkşafına uyğun olmadığını sübuta yetirməlidir.
- İddiaçı uşağın ölkədən çıxarılmasına icazənin verilməsini özünün daimi əsaslarla başqa ölkəyə köçməsi məqsədi ilə əsaslandırarsa, belə əsas iddianın özü-özlüyündə rədd edilməsinə səbəb ola bilməz. Məhkəmə bu halda ölkədən daimi əsaslarla çıxarılmanın uşağın mənafeyinə uyğunluğu ilə bağlı sübutetmə yükünü iddiaçının üzərinə qoyur. Bu yanaşma iddiaçının belə əsaslarla çıxış etməməsinə baxmayaraq, cavabdeh tərəfin iddiaçının uşağı daimi əsaslarla ölkədən çıxaracağını sübuta yetirdiyi hallara da tətbiq edilir.
- Uşağın sağlamlığının qorunması məqsədi ilə xarici ölkədə təxirəsalınmaz şəkildə tibbi müayinə və müdaxilənin həyata keçirilməsinin, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin xətti ilə xaricdə keçirilən beynəlxalq idman yarışlarında, habelə gələcəkdə xaricdə ali təhsil alması məqsədi ilə keçirilən imtahan və müsabiqələrində iştirakının zəruri olduğu hallarda, uşağın ölkədən gedə bilməməsi onun hüquqlarının sonradan qorunmasının mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyi ilə nəticələnmə ehtimalı böyük olduğundan iddianın ümumi şəkildə icazənin verilməsi məzmununda verildiyi halda məhkəmələr müvəqqəti təminat tədbiri qismində uşağın qeyd edilən məqsədlə konkret müddətdə bir valideynin razılığı olmadan getməsinə icazə verə bilərlər.
Məhkəmələr mübahisənin həllinədək uşağın məhdud şəkildə minimal səfər müddətində müvəqqəti olaraq valideynlərindən biri və yaxud beynəlxalq yarışlarla bağlı komandanın tərkibində təkbaşına getməsinə (valideynin birinin razılığının olduğu halda) icazənin verilməsindən ibarət müvəqqəti təminat tədbiri ilə bağlı vəsatətə baxılarkən, təxirəsalınmazlıqla bağlı yuxarıda qeyd edilən əsasların olmasına dair ilkin sübutların mövcudluğuna qiymət verməlidirlər.
- Uşağın ölkədən çıxmasına icazənin verilməsi ilə bağlı qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin mövcudluğu uşağın mənafeyinə zidd olan yəni, uşağın silahlı münaqişə bölgəsində, təbii fəlakət zonasında, kütləvi epidemiya zonasında yerləşən ölkəyə, habelə uşağın ölkədən çıxarılmasının onun həyat və sağlamlığına və digər mənafelərinə açıq - aşkar təhlükə yaradacağı digər hallarda buna etiraz edən valideynin öz seçiminə görə uşağın onun himayəsinə verilməsi və yaxud daha əvvəl məhkəmə qaydasında verilmiş icazənin yeni əsaslarla ləğv edilməsi tələbinə dair müstəqil iddia qaldırmaq hüququnu istisna etmir. O da qeyd edilməlidir ki, bu iddialara baxılarkən icazənin ləğv edilməsinə dair yuxarıda sadalanan əsaslara dair ilkin sübutların olduğu hallarda mübahisəyə baxılıb yekunlaşanadək iddiaçının ərizəsinə əsasən, müvəqqəti təminat tədbiri qismində uşağın ölkədən çıxışı qadağan edilə bilər.
Adı çəkilən Plenum qərarında izah olunmuşdur ki, məhkəmələr qətnamənin nəticə hissəsində iddia tələbində göstərilməyən, icazəni formal edən qanunla nəzərdə tutulmayan məhdudlaşdırıcı şərtlərin qeyd edilməsindən çəkinməlidir.
Məhkəmələr analoji işlər üzrə tələblərə elə ağlabatan müddətdə baxmalıdırlar ki, etiraz edən tərəfin prosessual qanunvericiliyin verdiyi imkanlardan istifadə edərək bütün məhkəmə instansiyalarını keçdiyi təqdirdə (və yaxud digər prosessual hüquqlarından istifadə etdiyi təqdirdə) irəli sürülən tələb öz aktualllığını itirməmiş olsun.
Şövkət Nəhmədova
Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkil köməkçisi