Sədr: "Ədalətsiz, yalana əsaslanan narazılıq məhkəmələrə təsir formasıdır"


  • 26 Yanvar 2023 11:50

"Məhkəmə prosesləri tərəflərin çəkişmə prinsipinə əsaslanır və yalnız bir tərəfin xeyrinə qərar qəbul edilməsi ilə nəticələnir. Yəni istənilən məhkəmə çəkişməsində əleyhinə qərar qəbul edilən tərəf narazı qalır. Narazı qalan tərəflər bu barədə istər sosial şəbəkələrdə, istərsə də hər hansı digər platformalarda öz etirazlarını hər hansı formada ifadə etməkdən çəkinmirlər. Narazılıq əsaslı olmalı, məhkəmələrin gəldikləri nəticələr mübahisələndirilərkən qanuna istinad edilməlidir. Ədalətsiz, yalana əsaslanan narazılıq məhkəmələrə təsir formasıdır və hörmətsizlikdir. Hüquq müstəvisində mübahisələndirilməlidir. Yuxarı məhkəmələrə - appelyasiya, kassasiya şikayəti vermək hüququndan istifadə olunmalıdır. Sosial şəbəkə qərar qəbul etmir".

Bunu e-huquq.az-a müsahibəsində Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri, Məhkəmə-Hüquq Şurasının üzvü Ramiz Rzayev deyib.

O bildirib ki, hazırda Ali Məhkəmənin fəaliyyətində həyata keçirilən islahatlar, müvafiq struktur dəyişikliyinin əsas məqsədlərindən biri də məhz elm və texnologiyaların inkişafı nəticəsində yaranan yeni-yeni tendensiyalara uyğunlaşmaqdır.

"Ali Məhkəmənin tərəflərin öz şikayət və etirazlarını daha asan şəkildə məhkəməyə çatdırmalarını təmin etmək məqsədilə həm “Facebook” həm də “Twitter” hesabları fəaliyyət göstərir. Bu hesablar mütəmadi olaraq Ali Məhkəmənin əməkdaşları tərəfindən izlənilir, Ali Məhkəməyə ünvanlanan suallara və şikayətlərə vaxtında və ətraflı cavablar təqdim edilir. Eyni zamanda bu ilin əvvəlindən Ali Məhkəmənin qaynar xətti fəaliyyət göstərir. Vətəndaşlar çox asan formada öz şikayətlərini, etirazlarını və ya hər hansı məlumatı zəng edərək çatdıra və əldə edə bilərlər. Həmçinin Ali Məhkəmə Aparatının müvafiq struktur bölməsi tərəfindən həftənin müvafiq günlərində vətəndaşların mütəmadi olaraq qəbul edilməsi, öz şikayət və narazılıqlarını canlı olaraq çatdırması və onların lazımi qaydada cavablandırılması həyata keçirilir", - deyə sədr qeyd edib.

Oxşar xəbərlər