Hakim: "Tibbi xarakterli məcburi tədbirin tətbiqi ilə bağlı hüquq normaları arasında ziddiyyət var"


  • 29 Mart 2023 15:42

Şirvan Apellyasiya Məhkəməsinin hakimi İlkin Abdullayev Konstitusiya Məhkəməsinə müraciət edib.

E-huquq.az xəbər verir ki, müraciətdə hakim Cəzaların İcrası Məcəlləsinin 17.1, 17-1.1 və 17-1.6-cı maddələrinin və Cinayət Məcəlləsinin 93- 1.1-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasının 60, 71, 125 və 127-ci maddələri və "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında" Avropa Məhkəməsinin 6-cı maddəsi baxımından hüquqi müəyyənlik prinsipinin tələblərinə uyğun olaraq şərh edilməsini xahiş edib.

Həmin müraciəti təqdim edirik:

"Xxxxx Xxxxx Xxxxx oğlu Masallı Rayon Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli hökmünə Əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməklə yanaşı, barəsində tibbi xarakterli məcburi tədbir narkomaniyadan müalicə təyin edilmişdir.

Hökm qanuni qüvvəyə mindikdən sonra hökmün icrası barədə Masallı rayon İcra və probasiya şöbəsinə göstəriş verilmişdir.

İcra məmuru azadlığın məhdudlaşdırılması cəzasının icrasına başlamaqla yanaşı, Xxxxx Xxxxx narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Respublika Narkoloji Mərkəzi" publik hüquqi şəxsinə müraciət etmişdir. "Respublika Narkoloji Mərkəzi" publik hüquqi şəxsi 30 sentyabr 2022-ci il tarixli 19/51-xxxxx nömrəli məktubla müalicənin növbəli şəkildə həyata keçirildiyini, Xxxxx Xxxxx yer məhdudiyyəti ilə əlaqədar ixtisaslaşdırılmış şöbədə məcburi müalicəyə yerləşdirilməsinin mümkün olmadığını və onun çağırılma vaxtı barədə məlumat veriləcəyini bildirmişdir.

Xxxxx Xxxxx təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının müddəti 09 oktyabr 2022-ci ildə başa çatdığından və cəza müddəti ərzində tibbi xarakterli məcburi tədbirin tətbiqinin qeyd olunan əsasla mümkün olmadığından, icra məmuru təqdimatla məhkəməyə müraciət edərək Masallı Rayon Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli hökmünə əsasən məhkuma təyin edilmiş narkomaniyadan məcburi müalicənin ləğv edilməsini xahiş etmişdir. Masallı Rayon Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli qərarına əsasən təqdimat təmin olunmuş, Xxxxx Xxxxx narkomaniyadan məcburi müalicədən azad edilmişdir.

Masallı Rayon Məhkəməsinin həmin tarixli qərarından Azərbaycan Respublikası Baş Prokurorunun müavini tərəfindən apellyasiya protesti verilmişdir.

Hazırkı iş üzrə məhkəmənin qeyd olunan qərarına hüquqi qiymət verilən zaman müvafiq məzmunlu təqdimatlara baxılması ilə bağlı formalaşmış təcrübə nəzərdən keçirilərkən belə müraciətlərin hüquqi həlli ilə bağlı fərqli yanaşmalar olduğu ortaya çıxır.

Təcrübədəki yanaşma fərqi həmin münasibətləri tənzim edən normativ hüquqi aktlarda hüquq normalarının məzmununun dəqiq və aydın ifadə olunmaması ilə bağlıdır. Cinayət Məcəlləsinin vəzifələrindən bəhs edən 2-ci maddəsinə görə, Məcəllənin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fealiyyeti, ictimai qaydanı ve ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.

Bu vəzifələri həyata keçirmək üçün Cinayət Məcəlləsi cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilmesine göre tetbiq edilen cezaların növlərini, həddini və həcmini, habelə digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir.

Cinayət qanununun əsas institutlarından biri olan cinayət-hüquqi xarakterli digər tədbirlər - tibbi xarakterli məcburi tədbirlər CM-in 15-ci fəslində müəyyən edilmişdir. Cinayət qanununun vəzifələrinin yerinə yetirilməsi baxımından qanunvericilikdə cinayət törətmiş və psixi pozuntudan, alkoqolizm və ya narkomaniya xəstəliyinə düçar olmuş şəxslərə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi imkanı nəzərdə tutulmuşdur.

CM-in 93-1.1-ci maddəsinə Əsasən "Alkoqolizmdən ve ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin ve psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxsler tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin ve yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir".

Qanunun qeyd olunan normasında əks olunan cinayət-hüquqi xarakterli digər tədbirlərin alkoqolizmden ve ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilmesinin iki məqsədi fərqləndirilir:

1. Şəxsin müalicəsi, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması

2. Şəxs tərəfindən törədilə biləcək yeni ictimai-təhlükəli əməllərin qarşısının alınması

Burada qeyd olunan ikinci məqsədə çatımlılıq birinci məqsədin realizə olunmasından, yəni şəxsin müalicə edilməsindən, səhhətinin bərpasından, emosional-iradi qüsurunun aradan qalxmasından, tənqidi təfəkkürünün bərqərar olmasından asılıdır.

Cinayət hüquq ədəbiyyatında qeyd olunur ki, cinayət törədən və anlaqlı olan şəxs barəsində eyni vaxtda həm cəza, həm də tibbi xarakterli məcburi tədbirlər tətbiq edildiyi halda şəxsin qanunla müəyyən olunmuş halda cəzadan azad edilməsi, CM-in 93-1.1-ci maddəsində əks olunmuş məqsədlər baxımından onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqini istisna etmir. Əks hal CM-in 5 və 9-cu maddələrində nəzərdə tutulmuş qanunçuluq və humanizm psrinsiplərinin pozulmasına səbəb olar. Buna baxmayaraq, cinayət-hüquqi xarakterli digər tədbirlərin tətbiqi qaydalarını və şərtlerini tənzimləyən Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsində (bundan sonra - CIM) qeyri-müəyyənlik və fərqliliklər var. Belə ki, CIM-in 17.1-ci maddəsinə əsasən "Məhkuma məhkəmə tərəfinden alkoqolizmə və ya narkomaniyaya, həmçinin anlaqlılığı istisna etmeyen psixi pozuntuya görə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərsə, bu tədbirlər cəza müddəti ərzində cəzanı icra edən müəssisə və ya orqan tərəfindən həyata keçirilir".

Həmin Məcəllənin 17-1.1 va 17-1.6-cı maddələrinə əsasən "Azadlıqdan məhrum etmə ilə əlaqədar cəzaya məhkum edilməklə yanaşı, alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə baresində tibbi xarakterli mecburi tedbirler təyin edilmiş şəxslərin müalicəsi cəza çəkdiyi müddətdə cəzaçəkmə müəssisələri tərəfindən həyata keçirilir", "Şəxs azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaya məhkum edilməklə yanaşı, onun baresinde alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər təyin edildikdə, məhkəmə bu barədə qanuni qüvvəyə minmiş qərarın sürətini icra olunması üçün ixtisaslaşdırılmış tibb müəssisəsinə, habelə məcburi müalicənin icrasına nəzarət edilməsi üçün icra memuruna göndərir".

Göründüyü kimi, CIM-in 17-ci maddəsi müvafiq olaraq şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinin ümumi qaydalarını təsbit edirsə, Məcəllənin 17-1-ci maddəsi həmin qaydaların hansı cür tətbiq edilməli olduğunu nəzərdə tutur.

CIM-in 17-1.1-ci maddəsində azadlıqdan məhrum etmə ilə əlaqədar cəzaya məhkum edilmiş şəxsə cəza çəkdiyi müddətdə tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi nəzərdə tutulsa da, Məcəllənin 17-1.6-cı maddəsində azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaya məhkum edilmiş şəxsə münasibətdə həmin tədbirin hansı dövrdə tətbiq edilməsi ilə bağlı müddət nəzərdə tutulmamışdır.

Buna baxmayaraq tibbi xarakterli məcburi tədbirlərin tətbiqinin ümumi qaydalarını tənzimləyən CİM-in 17.1-ci maddəsinə istinad edən hüquq tətbiq edənlərin bəziləri normada əks olunmuş "cəza müddəti ərzində" müddəasını hərfi təfsir edərək, tibbi xarakterli məcburi tədbirin məhz şəxsə təyin edilmiş cəza müddəti dövründə icra edilməli olmasını qeyd edirlər. Bu qrup hüquq tətbiq edənlər həmçinin öz mövqelərini onunla əsaslandırırlar ki, cinayət hüquqi xarakterli tədbirlə cinayət hüquqi xarakterli diger tədbir paralel icra olunmalıdır ki, cəzanı icra etmiş məhkum, ceza müddəti bitdikdən sonra əlavə məhrumiyyətlərə məruz qalmasın. Lakin həmin normanın hərfi təfsiri müvafiq münasibətləri tənzim edən normalarla ziddiyyət təşkil edir.

Belə ki, cəzanın növlərini eks etdiren CM-in 42-ci maddəsində nəzərdə tutulmuş əsas cəzalardan cərimə cəzası istisna olmaqla digərlərinin həddi müddətlərlə hesablanır. Fərz etsək ki, hər hansı cinayət əməlini törətməyə görə cərimə cəzası təyin edilmiş şəxsə, eyni zamanda tibbi xarakterli məcburi tədbir tətbiq edilərsə, hökm qanuni qüvvəyə mindiyi anda cərimə cəzası tamamilə icra olunduğu halda, CIM-in 17.1-ci maddəsi baxımından tibbi xarakterli məcburi tədbir tətbiqinin müqəddəratı qeyri-müəyyən qalır.

Bununla yanaşı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 26 yanvar tarixli 20 nömrəli qərarı ilə təsdiq edilmiş "Ixtisaslaşdırılmış tibb müəssisələrində məcburi müalicənin Şərtləri və Qaydaları"nın 2.7-ci bəndinə əsasən "Altı aylıq müalicədən sonra əgər müalicə-əmək təsiri müvəffəqiyyətli olarsa, həkim-məsləhət komissiyasının rəyinə əsaslanaraq, şöbədə olan şəxsin müalicə müddəti qısaldılmağa ehtiyac olduqda müdiriyyət tərəfindən lazımi sənədlər məhkəməyə göndərilir və məhkəmə tərəfindən müvafiq qərar çıxarılır".

Müvafiq normada məcburi müalicənin müddəti ən azı 6 (altı) ay müəyyən edilib. Belə olan təqdirdə 6 (altı) aydan aşağı müddətdə cəzaya məhkum olunmuş şəxsə münasibətdə "ceza müddəti ərzinde" tibbi xarakterli məcburi tədbirin tətbiqi mümkünsüz olur.

Göründüyü kimi, cəza müddəti ərzində məhkuma tətbiq olunmuş tibbi xarakterli məcburi tədbir bu və ya digər səbəbdən icra olunmadığı halda, CIM-in 17.1-ci maddəsinin hərfi təfsiri baxımından cəza müddəti bitdikdən sonra məcburi müalicənin tətbiqi mümkün olmadığından, CM-in 93-1.1-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə faktiki olaraq çatımlılıq baş vermir. Lakin tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi ilə bağlı maddi və prosessual hüquq normalarını sistemli təfsir etdikdə, eləcə də bununla bağlı cinayət hüququnda əks olunmuş mövqeyi nəzərə aldıqda tibbi xarakterli məcburi tədbirin tetbiqinin cəza həddindən ve cəzadan azad edilmədən asılı olmadığı müəyyən olunur.

Beləliklə, yuxarıda təsvir olunanlar hüquq normaları arasında ziddiyyət və qeyri-müəyyənlik olmasından xəbər verir ki, bu da Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquq normalarının dəqiqliyi, aydınlığı və birmənalılığı ilə bağlı formalaşdırdığı hüquqi mövqelərə ziddir. Belə ki, "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin əks olunmuş hüquq mövqeyinə hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddesinin I hissesi). Belə ki, bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesinde hədsiz (qeyri- məhdud) mülahizələrə və özbaşınalığa gətirib çıxarar. Bununla da bərabərlik, qanunun aliliyi prinsipi pozulmuş olar.

Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin hissəsinə əsasən "Normativ hüquqi aktlar hüquqa və haqq-adalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalıdır".

Gösterilənlərə əsasən, vahid məhkəmə təcrübəsinin formalaşdırılması ve qüvvədə olan qanunvericiliyin hüquq tətbiqedənlər tərəfinden eyni qaydada tətbiq edilməsinə nail olmaq, eləcə də hüquqi müəyyənlik prinsipinin tələblərinə əməl edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət edilməlidir.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissesine əsasən «Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş qaydada məhkəmələr insan hüquq və azadlıqlarının həyata keçirilməsi məsələləri ile bağlı Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərh edilməsi haqqında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət edə bilərlər».

Göstərilənlərə əsasən və Azerbaycan Respublikasının Konstitusiyasının 130-cu maddəsinin VI hissesini, «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsini rəhbər tutaraq xahiş edirik ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 17.1, 17-1.1 və 17-1.6-cı maddələrinin ve Azerbaycan Respublikası Cinayet Məcəlləsinin 93- 1.1-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasının 60, 71, 125 və 127-ci maddələri və "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında" Avropa Məhkəməsinin 6-cı maddəsi baxımından hüquqi müəyyənlik prinsipinin tələblerinə uyğun olaraq şərh edəsiniz".

Oxşar xəbərlər