"Məhkəmə-Hüquq Şurası haqqında" qanuna dəyişiklik məhkəmələrin müstəqilliyinin daha səmərəli şəkildə təmin edilməsinə töhfə verəcək - Deputat


  • 27 May 2023 18:38

"Dövlət başçısının "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" 3 aprel 2019-cu il Fərmanında ali niyyət ifadə olundu ki, bütün sahələrdə həyata keçirilən islahatlar məhkəmə-hüquq sisteminin inkişafında yeni mərhələnin başlanmasını və bu sahədə islahatların dərinləşdirilməsini zəruri edir. Bu əslində ciddi çağırış idi və beləliklə də, Ulu Öndər tərəfindən start verilmiş məhkəmə-hüquq islahatları son 4 ildə daha da geniş vüsət aldı. Nəticədə, cari dövr ərzində məhkəməyə müraciət imkanlarının daha da genişləndirilməsi, məhkəmələrin fəaliyyətində şəffaflığın artırılması, məhkəmə icraatının effektivliyinin yüksəldilməsi, məhkəmə qərarlarının tam və vaxtında icra edilməsinin təmin olunması, süründürməçiliyin və digər neqativ halların aradan qaldırılması üçün çoxsaylı addımlar atıldı.Cənab Prezidentin qanunvericilik təşəbbüsü ilə Parlamentə daxil olmuş və Milli Məclisin plenar iclasında birinci oxunuşa tövsiyyə edilmiş “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” layihə də bu prosesin ən önəmli mərhələlərindən biridir".

Bunu e-huquq.az-a açıqlamasında deputat, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov deyib.

Onun sözlərinə görə, qanun layihəsi məhkəmə hakimiyyətinin özünüidarə funksiyalarını həyata keçirən orqanın – Məhkəmə-Hüquq Şurasının fəaliyyəti və strukturunda köklü dəyişiklikləri nəzərdə tutaraq məhkəmə sisteminin müstəqilliyinin daha səmərəli şəkildə təmin edilməsi, Məhkəmə-Hüquq Şurasının, habelə Hakimlərin Seçki Komitəsinin formalaşdırılması qaydalarının təkmilləşdirilməsi yolu ilə məhkəmələrin müasir dövrün tələblərinə cavab verməsi, cəmiyyətdə yüksək nüfuza malik ədalət mühakiməsinin formalaşdırılması prosesini sürətləndirməyi hədəfləyir.

Deputat deyib ki, ümumilikdə layihə beş maddə, 6, 6-1, 14, 17, 26-cı maddələri üzrə 23 dəyişikliyi ehtiva edir.

"İlk növbədə dəyişiklik Məhkəmə-Hüquq Şurasının tərkibini əhatələyir. Say həddi əvvəlki kimi 15 nəfər saxlansa da, yeni variantda üzvlərdən 10 nəfəri məhkəmə hakimiyyətini təmsil edəcək. Buraya kassasiya, apellyasiya və birinci instansiya məhkəmələri üzrə hər instansiyadan hakimlərin konfransı tərəfindən seçilən üç hakim, eyni zamanda Konstitusiya Məhkəməsi tərəfindən təyin edilən bir hakimin daxil olması nəzərdə tutulur. Nəzərinizə çatdırım ki, hazırda qüvvədə olan qanunvericiliyə əsasən, Məhkəmə-Hüquq Şurasının 15 üzvündən yalnız 9-u hakim idi", - o bildirib.

B.Məhərrəmov qeyd edib ki, yeni qanunla hakimləri məhkəmə hakimiyyətinin özünüidarə orqanına hakimlərin konfransı təyin edəcək: "Hazırda qüvvədə olan qanunvericiliyə əsasən isə Ali Məhkəmənin sədri avtomatik olaraq vəzifəsinə görə Məhkəmə-Hüquq Şurasına üzv təyin olunur, bundan əlavə, hakim assosiasiyaları tərəfindən təklif olunmuş namizədlər sırasından Ali Məhkəmə öz üzvlərindən iki nəfər, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi isə hakimlərindən bir nəfəri seçir. Hakim assosiasiyaları tərəfindən təklif olunmuş namizədlər sırasından apellyasiya instansiyasından və birinci instansiyadan, hər pillədən üzrə iki nəfər olmaqla 4 hakimi isə Məhkəmə-Hüquq Şurası seçirdi. Əlbəttə, hazırda qüvvədə olan qanunvericilik üzrə qeyri-demokratik və məhkəmə hakimiyyətinin nüfuzuna xələl gətirəcək məqamlar axtarmaq yersizdir, lakin yeni layihədə üzvlərin seçiminin yalnız hakimlərin konfransına həvalə olunması istisnasız olaraq qeyd edilməli müsbət məqamdır. Üstəlik, yeni layihə ilə Məhkəmə-Hüquq Şurasının sədri də yalnız Şuranın hakim üzvləri sırasından, üzvlərin sadə səs çoxluğu ilə 5 il müddətinə seçilir".

Məhkəmə-Hüquq Şurasının qeyri-hakim üzvlərinə gəlincə isə deputat deyib ki, hazırda qüvvədə olan qanunvericiliyə görə, Şurada icra hakimiyyətindən 3 nəfər təmsil olunur ki, onlardan biri, müvafiq icra hakimiyyəti orqanının rəhbəri (Ədliyyə naziri) vəzifəyə görə Məhkəmə-Hüquq Şurasının üzvü hesab edilir. Habelə, mövcud qanunla hər birindən bir nəfər olmaqla Milli Məclis, Vəkillər Kollegiyasının Rəyasət Heyəti və Baş Prokurorluq tərəfindən üzvlər təyin edilir. Təklif olunan layihədə isə hakimiyyətin icra qolunu Məhkəmə-Hüquq Şurasında cəmi 1 nəfər təmsil edəcək. Yerdə qalan üzvlər, bir nəfər Milli Məclis, bir nəfər Vəkillər Kollegiyası tərəfindən təyin ediləcək. Bundan başqa, ilk dəfə olaraq Məhkəmə-Hüquq Şurasında Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən təyin ediləcək hüquqşünas alim və hüquq ictimaiyyətinin hakimlərin konfransı tərəfindən seçilən nümayəndəsi təmsil olunacaq.

"Bundan başqa, yeni qanunla Məhkəmə-Hüquq Şurasına üzv seçilən, yaxud təyin edilən şəxslərə ali hüquq təhsili və hüquqşünas ixtisası üzrə on ildən artıq iş stajı tələbi qoyulur ki, bu da çox zəruri məqamdır. Layihədə diqqət çəkən digər mühüm məqam Hakimlərin Seçki Komitəsi ilə bağlıdır. Hakimlərin Seçki Komitəsi üzvlərinin sayı əvvəlki kimi 11 nəfər nəzərdə tutulur: Ali Məhkəmənin iki, apellyasiya instansiyasının dörd hakimi, hərəsindən bir nəfər olmaqla Milli Məclis və Məhkəmə-Hüquq Şurası Aparatlarının nümayəndəsi, müvafiq icra hakimiyyəti orqanının nümayəndəsi, bir vəkil və bir hüquqşünas alim. Hazırda qüvvədə olan qanunvericilikdə isə apellyasiya məhkəmələrinin üç hakimi ilə yanaşı, apellyasiya instansiyası olmasına baxmayaraq Naxçıvan Ali Məhkəməsinin hakimi də ayrıca göstərilirdi. Bundan başqa, qüvvədə olan versiyada Baş Prokurorluğunun nümayəndəsi də Hakimlərin Seçki Komitəsində təmsil olunur ki, dəyişiklik Parlamentdə qəbul olunarsa, o, Milli Məclis Aparatının nümayəndəsi ilə əvəz olunacaq", - B.Məhərrəmov qeyd edib.

O deyib ki, “Məhkəmə-Hüquq Şurası haqqında” Qanunda dəyişikliklərin ən mühüm istiqamətlərindən biri də yeni əlavə olunan Hakimlərin Konfransı anlayışıdır: "Konfrans, Məhkəmə-Hüquq Şurası üzvlərinin 2/3-nin, yəni 10 nəfərinin seçilməsi üçün keçirilir. Layihəyə əsasən, hakimlərin konfransında Ali Məhkəmədən 5, hər apellyasiya instansiyası məhkəməsindən 3 hakim olmaqla 18 nəfər, hər ixtisaslaşdırılmış birinci instansiya məhkəməsindən 1 hakim olmaqla 3 nəfər və hər rayon (şəhər) məhkəməsindən 1 hakim təmsil olunur. Konfrans bütövlükdə hakimlərin 3/4-ü iştirak etdikdə səlahiyyətlidir və qərarların açıq səsvermə yolu ilə, iştirakçıların sadə səs çoxluğu ilə qəbul edilməsi nəzərdə tutulur".

"Bildiyiniz kimi, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında layihə yekdilliklə qəbul olunaraq plenar iclasda birinci oxunuşa tövsiyə edilib. Parlamentdə də bu mütərəqqi qanun layihəsinin dəstək alacağı şübhə doğurmur, çünki layihə məhkəmə-hüquq sistemində həyata keçirilən islahatların dərinləşdirilməsi istiqamətində görülən işlərin davamı olaraq, ilk növbədə məhkəmə sisteminin müstəqilliyinin daha səmərəli şəkildə təmin edilməsinə yönəlib. Tarixi əhəmiyyəti baxımından isə bu layihəni Ulu Öndərin hüquq ideallarının davamı hesab etmək olar. Bilirsiniz ki, Ümummilli Lider Heydər Əliyev ədalət mühakiməsinin beynəlxalq təcrübəyə əsaslanan səmərəli formulunun araşdırılması və tətbiqinə xüsusi diqqət yetirirdi və yeni üçpilləli müstəqil mühakimə sistemi, o cümlədən məhkəmə hakimiyyətində mühüm rol oynayan Ali Məhkəmə, Konstitusiya Məhkəməsi məhz əksər beynəlxalq nümunələr əsas tutularaq yaradılıb. Məhz Ümummilli Liderin şəxsi təşəbbüsü ilə məhkəmələrə insan haqlarının qorunması ilə bağlı müstəsna səlahiyyətlər verilib, qətimkan tədbiri kimi həbsin seçilməsi səlahiyyəti məhkəməyə həvalə olunmaqla Azərbaycan MDB məkanında "Habeas Corpus" prinsipini tətbiq edən ilk dövlətlərdən biri olub. Bu gün Konstitusiya ilə məhkəmə hakimiyyətinin müstəqilliyinin təminatçısı olan Prezident İlham Əliyevin məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsi sahəsində nümayiş etdirdiyi iradə ciddi siyasi cəsarət və qətiyyət nümunəsi olmaqla, məhz Heydər Əliyevin hüquq düşüncələrinin layiqli davamı və Ulu Öndərin arzusunda olduğu hüquqi dövlət quruculuğunun uğurla və gözləntilərdən daha yaxşı formada realizəsidir", - deputat əlavə edib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər