Vəkil işin uğurlu nəticəsinə görə əlavə pul tələb edə bilərmi? - Konstitusiya Məhkəməsinə müraciət


  • 13 İyul 2023 13:51

Biləsuvar Rayon Məhkəməsinin sədri Rəfayil Əliyev Konstitusiya Məhkəməsinə müraciət edib.

E-huquq.az-n məlumatına görə, o, müraciətində Mülki Məcəllənin 6.2, 390.1 və 390.5-ci maddələrinin və “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin 3-cü hissəsinin, Azərbaycan Respublikasının Konstitusiyasının 61-ci maddəsi və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1, 560.2 və 560.3.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsini xahiş edib.

Həmin müraciəti təqdim edirik:

"Biləsuvar rayon Məhkəməsinin icraatında XXX oğlunun YYY oğluna və Bədirov Ruslan Rəşid oğluna qarşı hüquqi yardımın göstərilməsinə dair müqavilə üzrə ödənilməmiş 6.000 manat məbləğində pul vəsaitinin və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 80 manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə iddiasına dair mülki iş vardır.

XXX oğlu iddiasını onunla əsaslandırmışdır ki, o, 2007-ci ildən vəkil kimi fəaliyyət göstərir. YYY oğlu 2018-ci ildə XXX vəkil qismində müraciət edərək, Bakı şəhəri, Binəqədi rayon Xocasən bələdiyyəsi ərazisində aldığı torpaq sahəsində fərdi yaşayış evi tikdiyini, lakin Aaaaa Aaaaa Aaaaa qızı adlı şəxsin həmin bələdiyyənin 17 mart 2006-cı il tarixli, 06/31 saylı qərarına və torpağın alqı-satqısına dair aktına əsaslanaraq, həmin torpaq sahəsinin sonuncuya məxsus olduğunu iddia etdiyini, ona qarşı məhkəmədə fərdi yaşayış evinin sökülməsi və torpağın boşaldılması barədə iddia qaldırdığını bildirmişdir. Binəqədi Rayon Məhkəməsinin 27 iyul 2018-ci il tarixli, 2(001)- 2121/2018 saylı qətnaməsi ilə AAA iddiası təmin edilmiş və 300 kvadratmetr torpaq sahəsinin və həmin torpaq sahəsi üzərindəki tikilinin cavabdehin hesabına sökülərək, sahənin boşaldılması qət edilmişdir. YYY həmin torpaq sahəsini almasına ve orada fərdi yaşayış evi tikməsinə maddi kömək göstərən sonuncunun qardaşı RRR oğlu Rusiya Federasiyasında yaşadığına görə hüquqlarının müdafisi məqsədi ilə vəkil XXX 04 iyun 2018-ci il tarixli, 05/135-n/05-2018-2-2059 reyestr nömrəli etibarnamə vermişdir. Bundan sonra YYY və XXX arasında hüquqi yardımın göstərilməsi haqqında 08 avqust 2018-ci il tarixli, 61 saylı müqavilə bağlanmış və müqavilədə sonuncuya ödəniləcək haqq 70 manat məbləğində müəyyən edilmişdir. Müqavilə bağlandıqdan sonra tərəflər 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişlər, lakin məhkəmənin 14 may 2019-cu il tarixli, 2-1(81)xxx/2019 saylı qərardadı ilə YYY Bakı şəhəri Binəqədi rayon Xocasən bələdiyyəsinin 06/31 saylı qərarının və torpağın alqı-satqısına dair aktının etibarsız hesab edilməsinə dair iddiası təmin edilməmişdir. Bundan sonra XXX YYY vəkili və nümayəndəsi kimi Binəqədi Rayon Məhkəməsinin 27 iyul 2018-ci il tarixli, 2(001)- xxxx/2018 qətnaməsindən Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermişdir. 06 may 2019-cu il tarixdə XXX YYY arasında bağlanmış hüquqi yardımın göstərilməsi haqqında 08 avqust 2018-ci il tarixli, 61 saylı müqaviləyə 1 saylı Əlavə edilmiş və həmin Əlavədə hüquqi yardım müqabilində ödəniləcək qonorar miqdarı "Bakı Apellyasiya Məhkəməsinin icraatında olan 2(103)-xxxx/2019 saylı mülki iş üzrə iddia tələbi rədd ediləcəyi təqdirdə 6.000 manat məbləğində müəyyənləşdirilmiş və hüquqi yardımın dəyərinin ödənilməsi müddəti olaraq "iddia tələbinin rədd edilməsinə dair qətnamənin çıxarılması tarixindən 1 ay ərzində" qeydi edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 05 noyabr 2019-cu il tarixli, 2(103)-xxxx/2019 saylı qətnaməsi ilə YYY apellyasiya şikayəti təmin edilərək, iddia tələbi rədd edilmişdir. Bundan sonra vəkil XXX YYY və RRR müqavilə üzrə nəzərdə tutulmuş 6.000 manat məbləğində haqqın ödənilməsini dəfələrlə tələb etsə də, cavabdehlər müqavilənin şərtlərini yerinə yetirməkdən boyun qaçırmışlar. Buna görə də XXX Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2 və 385.1-ci maddələrini əsas tutaraq, hüquqi yardımın göstərilməsinə dair müqavilə üzrə ödənilməmiş 6.000 manat məbləğində pul vəsaitinin və dövlət rüsumunun ödənilmesine serf edilmiş vəsaitin əvəzi qismində 80 manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada onun xeyrinə tutulmasını xahiş etmişdir.

Cavabdeh YYY oğlu məhkəmə iclasında verdiyi izahatda iddianı qəbul etməyərək bildirmişdir ki, o, 2005-ci ildə Bakı şəhəri, Binəqədi rayon Xocasən Bələdiyyəsi ərazisində torpaq sahəsi almış və həmin torpaq sahəsind birmərtəbəli fərdi yaşayış evi tikmişdir. Həmin torpaq sahəsinin alqı-satqı xərclərini və evin tikilməsinə çəkilmiş xərcləri isə o, Rusiya Federasiyasında çalışan qardaşı RRR birgə ödəmişdir. Lakin A adlı şəxs Xocasən Bələdiyyəsinin 17 mart 2006-cı il tarixli 06/31 saylı qərarına və torpağın alqı-satqısına dair akta əsaslanaraq, həmin torpaq sahəsinin özünə aid olmasını iddia etmişdir. Bununla bağlı A. Aaaaaaaaa həmin torpaq sahəsinin üzərində inşa edilmiş tikilinin sökülməsi və torpağın boşaldılması tələbi ilə Bakı şəhər Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Buna görə də o, məhkəmədə hüquqlarını müdafiə etmək üçün vəkil tutumaq qərarına gəlmişdir. O, məhkəmədə özünü təmsil etmək məqsədi ilə vəkil XXX 08 avqust 2018-ci il tarixdə hüquqi yardımın göstərilməsinə dair müqavilə imzalamışdır. Həmin müqavilədə hüquqi yardımın göstərilməsi üçün ödəniləcək haqq qismində 70 manat nəzərdə tutulmuşdur. XXX iddia tələbini əsaslandırdığı 08 avqust 2018-ci il tarixli hüquqi yardımın göstərilməsinə dair müqaviləyə 06 may 2019-cu il tarixli, 1 saylı Əlavədən yalnız məhkəmədə xəbər tutmuşdur və həmin müqavilənin həqiqiliyini qəbul etmir. Çünki, o, vəkil XXX hüquqi yardım göstərilməsinə dair cəmi bir dəfə müqavilə bağlamışdır və onun vəkil XXX ikinci müqaviləni bağlamasını və ödəniləcək qonorarın məbləğinin 6.000 manat məbləğində müəyyən edilməsini şərtləndirən hər hansı hal olmamışdır. Çünki, o, XXX hüquqi yardım haqqında müqavilə bağladıqdan sonra qardaşı RRR da yaşadığı Rusiya Federasiyasından bank vasitəsilə XXX göstərdiyi hüquqi xidmətə görə 2 dəfə, hər dəfə 1000 manat olmaqla, ümumilikdə 2.000 manat pul vəsaiti göndərmişdir. Mübahisəli torpaq sahəsinin və orada inşa edilmiş tikilinin isə faktiki bazar dəyəri təxminən 15.000 manat olmuşdur ki, həmin torpaq sahəsi ilə bağlı mülki iş üzrə yalnız bir instansiya məhkəməsində hüquqi yardım göstərilməsinə görə vəkilə 6.000 manat məbləğində pul vəsaitinin ödənilməsi onun maraqları ilə heç cür uzlaşmır.

Bununla əlaqədar YYY oğlu onunla vəkil XXX arasında bağlanmış hüquqi yardımın göstərilməsi haqqında 08 avqust 2018-ci il tarixli, 61 saylı müqaviləyə 1 saylı Əlavənin onun tərəfindən imzalandığını mübahisələndirmiş, həmin 1 saylı Əlavədəki imzanın kimə məxsus olmasının müəyyən edilməsi məqsədilə məhkəmə- xəttşünaslıq ekspertizasının təyin edilməsi barədə məhkəmə qarşısında vəsatət qaldırmışdır.

Biləsuvar rayon Məhkəməsinin 21 fevral 2023-cü il tarixli qərardadı ilə təyin edilmiş məhkəmə-xəttşünaslıq ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, hüquqi yardımın göstərilməsi haqqında 08 avqust 2018-ci il tarixli, 61 saylı müqaviləyə 06 may 2019-cu il tarixli 1 saylı Əlavədə YYY adından edilmiş imzalar YYY oğlu tərəfindən icra edilmişdir.

Mülki iş materiallarında olan hüquqi yardımın göstərilməsi haqqında 08 avqust 2018-ci il tarixli, 61 saylı müqavilənin surətindən görünür ki, müqavilə XXX oğlu ilə YYY oğlu arasında Bakı Apellyasiya Məhkəməsinin icraatında olan torpaq mübahisələrinə dair mülki işlə bağlı hüquqi yardım göstərilməsi məqsədilə bağlanmış və müqavilədə hüquqi yardım müqabilində ödəniləcək haqq 70 manat məbləğində müəyyən edilmişdir.

Mülki işdə olan hüquqi yardımın göstərilməsi haqqında 08 avqust 2018-ci il tarixli, 61 saylı müqaviləyə 06 may 2019-cu il tarixli 1 saylı Əlavədən görünür ki, müqavilədə hüquqi yardım müqabilində ödəniləcək qonorar miqdarı "Bakı Apellyasiya Məhkəməsinin icraatında olan 2(103)-xxxx/2019 saylı mülki iş üzrə iddia tələbi rədd ediləcəyi təqdirdə 6.000 manat məbləğində müəyyənləşdirilmiş və hüquqi yardımın dəyərinin ödənilməsi müddəti olaraq "iddia tələbinin rədd edilməsinə dair qətnamənin çıxarılması tarixindən 1 ay ərzində" qeydi edilmişdir.

İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 05 noyabr 2019-cu il tarixli, 2(103)-xxxx/2019 saylı qətnaməsinin surətindən görünür ki, YYY apellyasiya şikayəti təmin edilərək, Binəqədi Rayon Məhkəməsinin 27 iyun 2018-ci il tarixli, 2(001)- Xxxx/2018 saylı qətnaməsi ləğv edilmiş, A. Aaaaaaaaa 300 kvadrat torpaq sahəsinin üzərində inşa edilmiş tikilinin cavabdehin hesabına sökülməsi va torpaq sahəsinin boşaldılmasına dair iddia tələbi rədd edilmişdir.

Həmin mülki işə məhkəmə iclasında mahiyyəti üzrə baxılarkən, hüquqi yardım göstərilməsi haqqında müqavilələr üzrə müqavilə azadlığı prinsipinin hədlərinin, habelə dövlət hakimiyyəti orqanlarının, o cümlədən məhkəmələrin Azərbaycan Respublikasının adından çıxardığı qərarların və ədalət mühakiməsini həyata keçirərkən gəldiyi nəticənin mülki dövriyyənin iştirakçıları arasında bağlanan müqavilələrin, o cümlədən hüquqi yardım göstərilməsi haqqında müqavilənin obyekti kimi çıxış etməsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olub-olmaması məsələsinin hell edilməsinin, habelə hüquqi xidmətin gösterilmesine dair müqavilələr üzrə işin uğurlu həllinə (nəticəsinə) görə əlavə haqqın ödənilməsinin nəzərdə tutulmasının hansı hallarda hüquqdan sui-istifadə kimi təfsir edilə biləcəyinin müəyyən edilməsinin ədalət mühakiməsinin mahiyyəti və insan hüquq və azadlıqlarının təminatı baxımından, o cümlədən hazırki mülki iş üzrə mülki iddianın həll edilməsi üçün mühüm əhəmiyyətə malik olması müəyyən edildiyinə görə bu sahəni nizamlayan qanunvericilik normalarının əlaqəli şəkildə şərh edilməsi üçün Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinə müraciət olunması zərurəti yaranmışdır.

Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

Həmin Məcəllənin 390.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.5-ci madəsinə uyğun olaraq müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun həmin Məcəllədə göstərildiyi hallar istisna təşkil edir.

"Vəkillər və vəkillik fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 19-cü maddəsinin 1 və 3-cü hissələrinə əsasən vəkil tərəfindən göstərilən hüquqi yardımın haqqının ödənilməsi tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Vəkil qurumları və ya fərdi qaydada fəaliyyət göstərən vəkillər tərəfindən hüquqi yardımın göstərilməsinə görə təyin edilən haqqın məbləğinin məhdudlaşdırılması qadağandır. Hüquqi yardımın göstərilməsinə görə ödənilən haqqın məbləğinin təyin edilməsi bu yardımı göstərən tərəfin müstəsna hüququdur və yalnız tərəflərin razılığı ilə tənzimlənir.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1 və 560.2-ci maddələrinə uyğun olaraq fiziki və hüquqi şəxslərin hüquqdan hər hansı formalarda sui-istifade etməsi, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq Azərbaycan Respublikası insan və vətəndaş hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsine təminat verir. Hər kəsin qanunla qadağan olunmamış bütün vasitələrlə öz hüquq və azadlıqlarını qorumaq hüququ vardır (maddə 26); hər kəsə hüquq və azadlıqlarının məhkəmə müdafiəsi təmin edilir (maddə 60); Azerbaycan Respublikasında məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr həyata keçirirlər (maddə 125).

İnsan və vətəndaş hüquq və azadlıqlarının həyata keçirilməsinin və qorunmasının vacib təminatlarından biri hər kəsin Azərbaycan Respublikasının Konstitusiyasının 61-ci maddəsinə nəzərdə tutulmuş yüksək keyfiyyətli hüquqi yardım almaq hüququdur.

Dövlət hər kəsin öz hüquqlarını və qanuni mənafelərini qorumaq və müdafiə etmək üçün müvafiq şəraiti, o cümlədən tənzimləyici xarakterli şəraiti təmin etmelidir. Konstitusiyanın qeyd edilən müddəalarının mənasına görə Azərbaycan Respublikası qanunvericiliyinin tənzimləmə predmetinə hüquqi yardım göstərilməsi ilə bağlı münasibətlərin tənzimlənməsi də daxildir.

Lakin hüquqi yardım göstərilməsi zamanı ictimai münasibətlərin qanunvericiliklə tənzimlənməsi mülki hüquq münasibətləri çərçivəsində tərəflərin hüquq və vəzifələrini müqavilə ilə müəyyən etmək azadlığı, o cümlədən onun ödənişinin ədalətli məbləğinin müəyyən edilməsi imkanı ilə keyfiyyətli və əlçatan (o cümlədən pulsuz) hüquqi yardımın təmin edilməsi və məhkəmə hakimiyyətinin müstəqilliyi kimi konstitusiya ilə qorunan dəyərlər arasında müvafiq balansla həyata keçirilməlidir. Hüquqi yardımın göstərilməsi ilə bağlı ictimai münasibətlər dövlətin hər kəsin hüquqi xidmətlərdən istifadəsinin təmin edilməsi və hər bir maraqlı şəxs tərəfindən hüquq sahəsində İxtisaslı mütəxəssislərin cəlb edilməsi imkanlarının təmin edilməsi üzrə dövlətin konstitusion öhdəliyinin müvafiq subyektlər tərəfindən həyata keçirilməsi ilə qarşılıqlı surətdə bağlıdır.

Hüquqi dövlətdə və cəmiyyətdə hüquqi əhəmiyyətli hərəkətlər ictimai maraq doğurur və hüquqi xidmətlərin göstərilməsi ictimai hüquqi əhəmiyyətə malikdir. Belə ki, vətəndaş cəmiyyətində hər bir fiziki və hüquqi şəxsin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini qorumaq, habelə ədalət mühakiməsinə çıxışını təmin etmək məqsədilə onlara peşəkar əsaslarla ixtisaslı hüquqi yardım göstərmək və bunun üçün hüquqi şərait yaratmaq Azərbaycan Respublikasının qarşısına qoyduğu ən ümdə vəzifələrdəndir.

Hüquqların, azadlıqların və qanuni mənafelərin müdafiəsinin təminatı kimi çıxış edən ixtisaslı hüquqi yardım almaq hüququ eyni zamanda ədalət mühakiməsinin düzgün həyata keçirilməsi, onun çəkişmə xarakteri və tərəflərin bərabərliyinin təmin edilməsi üçün ilkin şərtlərdən biridir.

Eyni zamanda, mülki-hüquqi tənzimləmənin dispozitiv xarakterinə görə hüquqi yardım almaqda maraqlı olan şəxslər özləri üçün ən yaxşısını seçməklə, hüquqi xidmətlərin göstərilməsi üçün müqavilənin bağlanmasının mümkünlüyü və zəruriliyi barədə müstəqil qərar vermək hüququna malikdirlər.

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair" 14 iyul 2015-ci il tarixli Qərarında müəyyən etdiyi hüquqi mövqeyə görə müqavilə yalnız tərəflərin iradə sərbəstliyinə əsaslana bilər. Hüquqi dövlətdə mülki dövriyyə sahəsində hüquq münasibətlərinin tənzimlənməsi hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi, mülkiyyətin toxunulmazlığı və müqavilə azadlığı, bu münasibətlərin subyektlərinin hüquqi statusunu müəyyənləşdirərkən ictimai və xüsusi maraqların tarazlığı, onların hüquqlarının həyata keçirilməsi və mümkün məhdudlaşdırma şərtlərinin müəyyənləşdirilməsi zamanı mütənasiblik və tarazlıq meyarlarının gözlənilməsi prinsiplərinə əsaslanmalıdır.

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 390-cı maddəsinin mənasına görə fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər.

Lakin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə Konstitusiya ilə qorunan müqavilə azadlığı digər hamılıqla tanınmış insan və vətəndaş hüquq və azadlıqlarının inkarına və ya məhdudlaşdırılmasına səbəb olmamalıdır. Belə ki, müqavilə azadlığı hüququ mütləq deyil və məhdudlaşdırıla bilər, lakin həm məhdudiyyətlərin mümkünlüyü, həm də onların təbiəti insan və vətəndaş hüquq və azadlıqlarının məhdudlaşdırıla biləcəyini müəyyən edən Azərbaycan Respublikasının Konstitusiyası əsasında müəyyən edilməlidir.

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair 14 iyul 2015-ci il tarixli Qərarına görə müqavilə məzmununun müəyyənləşdirilməsi azadlığı heç də o demək deyildir ki, tərəflər arasında bağlanan müqavilədə əldə olunmuş bütün razılaşmaların etibarlılığı sübhə altına alına bilməz. Burada əqdlərin etibarsızlığına dair Mülki Məcəllənin 339, 340-342, 344-cü maddələrinin, müqavilələrin standart şərtlərinə dair ise 417-420-ci maddələrinin müddəaları nəzərə alınmalıdır. Göstərilən prinsip Mülki Məcəllənin 390.5-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə görə müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. İradə sərbəstliyi və müqavilə azadlığı əsas mülki hüquqlar sırasında olmaqla mülki hüquqların maneəsiz həyata keçirilməsi, pozulmuş hüquqların bərpası və mülki hüquqların məhkəmə müdafiəsi prinsipləri ilə ayrılmaz hüquqi vəhdət təşkil edirlər. Beləliklə, mülki hüquq subyektləri öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Bu hüquqa yalnız qanunla dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduğu həddə məhdudiyyət qoyula bilər.

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müddəalarına uyğun olaraq, ödənişli xidmətlərin göstərilməsi üçün müqavilə müxtəlif xidmətləri əhatə edə bilər, bunlar arasında rabitə xidmətləri, tibbi, konsaltinq, audit, informasiya, təhsil və digərləri var.

Qüvvədə olan qanunvericilik müqavilənin mühüm şərtlərini müəyyən edərkən, nəticənin əldə edilməsini xidmətlərin göstərilməsi müqavilələrinin mühüm şərti konsepsiyasına daxil etmemişdir. Çünki, müəyyən hərəkətlərin yerinə yetirilməsi və ya müəyyən fəaliyyətin həyata keçirilməsi bu növ müqavilələrin predmetinin vacib ünsürü kimi çıxış etsə də, müxtelif səbəblərdən, o cümlədən obyektiv səbəblərə görə hər hansı xidmət çərçivəsində müqavilənin bağlaya tərəfin arzuladığı nəticə heç de her zaman əldə edilə bilməz.

Eyni zamanda, ödənişli xidmətlərin göstərilməsi üçün müqavilə bağlayarken, tərəflərin müqavilənin qiymətini, onun icra müddətini, ödəniş qaydasını və məbləğini müəyyən etməkdə sərbəst olduqları halda, dövlət hakimiyyəti orqanlarının fəaliyyətini və ya qərarlarını müqavilə şərti kimi müəyyən etməkdə tərəflərin haqlı olub-olmaması Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənməmişdir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsində hüquqi yardımın göstərilməsinə dair müqavilə ilə bağlı münasibətlər ayrıca formada və ya ayrıca fəsildə tənzimlənməsə də, tapşırıq müaviləsi ilə tənzimlənən münasibətlər dairəsinə hüquqi yardımın göstərilməsi ilə bağlı münasibətlər də daxildir. Kompensasiya müqabilində hüquqi xidmətlərin göstərilməsi müqaviləsinin özəlliyi ondan ibarətdir ki, bu müqaviləyə uyğun olaraq müəyyən hərəkətlər etmək və ya müəyyən fəaliyyət göstərmək, xidmet alanın maraqlarını məhkəmələrdə və digər yerlərdə müdafiə etmək məqsədi daşıyır. Buna görə də, tapşıranın maraqları, çox vaxt icraçı tərəfindən lazımi hüquqi xidmətlərin göstərilməsi ilə məhdudlaşmır, belə ki tapşırığın müsbət nəticəsini əldə etmək müqavilə bağlandığı zaman tapşırıq verenin arzuladığı nəticədir (məsələn iddianın təmin edilməsi).

Mülki praktikada hüquqi yardım göstərilməsinə dair müqavilə bağlandığı zaman arzu edilən nəticənin əldə olunub-olunmaması şərtinin müqaviləyə daxil edilməsinə geniş şəkildə tesadüf olunur. Belə ki, bu cür müqavilələrə əsasən tapşıranın xeyrinə müsbət qərar qəbul edildikdə, məhkəmə tərəfindən temin edilmiş iddianın məbləğinə faizle hesablanmış və ya öncədən dəqiq müəyyən edilmiş məbləğdə haqqı xidmət aparana (icraçıya) ödəmək öhdəliyi götürür.

Belə ki, Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin 23 aprel 2018-ci il tarixli qərarı ilə təsdiq edilmiş hüquqi yardım haqqında nümünəvi müqavilənin 2.1-ci bəndinə görə hüquqi yardıma görə haqq qarşılıqlı razılıqla müəyyən olunur və bir qayda olaraq müqavilə bağlandığı vaxtda ödənilir. Hüquqi yardıma görə ödənilən məbləğ vəkilə həvalə edilən işin haqqıdır və tapşırığın nəticəsindən asılı deyil.

Lakin həmin nümunəvi müqavilənin 2.2-ci bəndinə əsasən tərəflər işin uğurlu həlli nəticəsinə görə həmin müqaviləyə Əlavədə nəzərdə tutulan haqqın ödənilməsini və onun həcmini əvvəlcədən müəyyənləşdirə bilərlər.

Hüquqi yardım göstərilməsi zamanı işin uğurlu həlli nəticəsinə görə haqqın (qonorarın) müəyyən edilməsi təcrübəsi bir sıra ölkələrdə, o cümlədən Amerika Birləşmiş Ştatlarında (contingency fee), Böyük Britaniyada (conditional fee), Kanadada, Yeni Zelandiyada, Irlandiyada qanunauyğun hesab edilsə də, bəzi ölkələrdə, o cümleden Rusiya Federasiyasında, Fransada, Italiyada, Almaniyada işin uğurlu həlli nəticəsinə görə haqqın (qonorarın) müəyyən edilməsi qanunazidd hesab edilir.

Eyni zamanda işin uğurlu həlli nəticəsinə görə haqqın (qonorarın) müəyyən edilməsi təcrübəsinin mövcud olduğu bəzi ölkələrdə bu cür haqqın yuxarı həddi və ya tətbiq olunduğu işlərin dəqiq kateqoriyası qanunvericiliklə konkret müəyyən edilmişdir. Belə ki, Amerika Birleşmiş Ştatlarının müxtəlif ştatlarında fərqli tənzimləmələr mövcud olsa da, Amerika Vəkillər Kollegiyasının (Amerikan Bar Associsation) müəyyən etdiyi qaydaya görə nikahın pozulması işlərində və cinayət işləri üzrə hüquqi yardım göstərilməsi zamanı işin uğurlu həllinə görə haqqın (contingency fee) müəyyən edilməsi qadağandır. Bundan başqa, Böyük Britaniyada işin uğurlu həllinə görə haqqın (qonorarın) müəyyən edilmesi (conditional fee) kommersiya mübahisələri və vurulmuş zərərə görə pul tələbi işləri üzrə nəzərdə tutulmuşdur ki, həmin işlər üzrə də qonorarın məbləği alınan vəsaitin 25 faizindən çox ola bilməz və işin uğurlu nəticəsi ilə yanaşı məhkəmə qətnaməsi ilə tutulması qət edilmiş pul vəsaitinin real olaraq alınaraq tərəfə verildikden sonra icra edilməsi ilə şərtləndirilmişdir.

Lakin Azərbaycan Respublikasının qanunvericiliyi ilə qeyd edilən məsələ tənzimlənmədiyinə və bu sahədə hər hansı məhdudiyyətlər müəyyən edilmədiyinə görə istənilən növ işlər üzrə hüquqi yardımın göstərilməsi barədə müqavilələrdə işin uğurlu həlli nəticəsinə görə vəkilə haqqın ödənilməsini nəzərdə tutan müddəalara geniş rast gəlinir.

Eyni zamanda, işin uğurlu həlli nəticəsinə görə haqqın (qonorarın) müəyyən edilməsinə yol verildiyi ölkələrdə, məsələn Böyük Britaniyada bu tip qonorarların ödənilməsi barədə müqavilələrin bağlanması zamanı hüquqi yardım üçün müraciət etmiş tərəfin ilkin ödəniş etməsini nəzərdə tutmur və yalnız işin uğurlu həlli nəticəsində haqqın (qonorarın) ödənilməsini (no win, no fee) müəyyən edir ki, bu halda işin uğurlu həllinə görə riski vəkilin üzərinə də yüklədiyinə görə vəkilin haqqını ödəməyə maddi imkanı olmayan şəxslər bu praktikadan istifadə edirler.

Azərbaycan Respublikasının bu sahədə olan qanunvericiliyinə görə isə öz təşəbbüsü ilə hüquqi yardım almaq üçün vəkilə müraciət etmiş şəxs mütləq qaydada ödəniş etməlidir və bu işin nəticəsindən asılı deyildir.

"Vəkillər və vəkillik fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 16-ci maddəsinə əsasən vəkil qanunun tələblərini icra etməli, müdafiə edilən və ya hüquqları təmsil edilən şəxsin mənafelərini qorumaq üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün üsullardan istifadə etməlidir.

Belə olan halda, hüquqi yardım göstərilməsi haqqında müqavilə bağlamış vəkil, müqavilə bağlayarkən ödəniş aldığı, hüquqlarını təmsil etdiyi şəxsin mənafelərini qorumaq və arzu etdiyi nəticəni əldə etmək üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün üsullardan İstifadə etmək isə vəkilin vəzifəsi olduğu halda, işin uğurlu həllinə görə də əlavə haqq tələb etməsinin hansı hallarda hüquqdan sui-istifadə kimi təfsir edilə bilməsinin şərh edilməsi zərurəti vardır.

Çünki, hüquqi yardım göstərilməsi üçün müraciət etmiş fiziki şəxslər bir qayda olaraq hüquqi cəhətdən savadsız olurlar və işin hüquqi perspektivi barədə aydın təsəvvürlərə malik olmurlar.

Belə olan halda, hüquqi yardım göstərdiyi şəxsə işin hüquqi perspektivi barədə yanlış məlumat verməklə, vəkilin işin uğurlu həlli nəticəsinə görə özünə tənasübsüz surətdə böyük qonorar tələb etmesi ehtimalları da həmişə mövcüddur.

Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.3.3-cü maddəsinə görə müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi hüquqdan sui-istifadədir.

Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə görə məhkəmələr tərəfindən nümayəndəyə və ya vəkilə çəkilmiş xərcin digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qərar çıxarılan tərəfə verilməsini qərara almalıdır.

Qanunvericiliklə hüquqi yardıma görə ödənilən haqqın yuxarı həddinin müəyyən edilməməsi nəticəsində xeyrinə qərar çıxarılmış tərəfin vəkilə çəkdiyi xərclərin qarşı tərəfdən alınıb ona verilməsi hallarına da rast gəlinir ki, Avropa İnsan Hüquqları Məhkəməsi özünün MGN Limited Birləşmiş Krallığa qarşı işi üzrə 18 yanvar 2011-ci il tarixli Qərarında və Koventri Birləşmiş Krallığa qarşı işi üzrə 11 oktyabr 2022-ci il tarixli Qərarında bu cür halları digər tərəfin İnsan Hüquqları və Əsas Azadlıqlar haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi ilə nəzərdə tutulmuş hüquqlarının pozuntusu kimi qəbul edilə biləcəyi qənaətinə gəlmişdir.

Azərbaycan Respublikası Konstitusiyayasına uyğun olaraq, ədalət mühakiməsi yalnız məhkəmələr tərəfindən həyata keçirilir. Konstitusiya, mülki, inzibati və cinayət mühakimə icraatları zamanı prosesdə iki subyekt vardır: məhkəmə və digərləri. Bele ki, məhkəmənin funksiyası ilə digər subyektlərin funksiyası fərqlidir. Məhkəmə işin həllində yekun qərarı qəbul edir və həmin qərar Azərbaycan Respublikası adından çıxarılır. Məhkəmə qərarları dövləti təmsil edir və dövlətin nüfuzu həmin qərarların ədalətli olması, qanuna müvafiq şəkildə qəbul edilməsi ilə düz mütənasib surətdə asılıdır.

Hakimin qanunla müəyyən edilmiş qaydada həyata keçirdiyi ədalət mühakiməsi funksiyası məhkəmə qarşısında mübahisə edən tərəflərin funksiyalarından fərqlidir. Azərbaycan Respublikasında məhkəmələr ədalət mühakiməsini həyata keçirərkən və qərar qəbul edərkən, hüquqi xidmətlərin göstərilməsinə dair müqavilə bağlandığı zaman tapşırıq verənin arzu etdiyi nəticənin tapşırığın icrası nəticəsində əldə edilib-edilməməsini nəzərə almırlar və ala bilməzlər.

Lakin təcrübədə bəzi vəkillərin və vəkil adından istifadə eden şəxslərin, məhkəmələrin adından istifadə etməklə və "arzu olunan" nəticəni vəd etməklə, dələduzluq yolu ilə müştərilərdən və ya onların qohumlarından külli miqdarda qanunsuz pul vəsaitləri alması hallarına rast gəlinir.

Qeyd edilənlərə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tapşırıq müaviləsini tənzimləyən müddəaları da nəzərə alınmaqla, ödənişli hüquqi xidmətlərin göstərilməsi üçün münasibətlərin mövcud hüquqi tənzimlənməsi sistemində, hüquqi yardıma görə haqqın və ya onun məbləğinin məhkəmənin qərarı (və ya həmin qərarın məzmunu) ilə şərtləndirilməsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun müəyyən edilməsi ədalət mühakiməsinin həyata keçirilməsi, cəmiyyətin və hüquq sisteminin inkişafı baxımından xüsusi əhəmiyyət kəsb edir.

Beləliklə, konstitusion prinsiplər və normalara, xüsusən də müqavilə azadlığı, ədalət mühakiməsinə çıxış, məhkəmə hakimiyyətinin müstəqilliyi, tərəflərin çəkişmə qabiliyyəti və bərabərliyi prinsiplərinə əsasən hüquqi xidmətlərin göstərilməsi üçün müqavilənin tərəfləri mülki-hüquqi tənzimləmənin dispozitiv xarakterinə uyğun olaraq göstərilən xidmətlərə görə ödənişin ən optimal şərtlərini (əvvəlcədən ödəniş, ilkin ödənişlər, hissə-hissə ödəmə, kredit, saatlıq ödəniş və s.) sərbəst müəyyən etmək, o cümlədən ödənişlərin həyata keçirilməsi qaydasını və şərtlərini müstəqil müəyyən etmək hüquqlarına malik olsalar da, hüquqi yardıma görə haqqın və ya mükafatın ödənilib-ödənilməməsinin konkret iş üzrə məhkəmənin çıxaracağı qərar və ya məhkəmənin ədalət mühakiməsinin həyata keçirilməsi zamanı gəldiyi nəticə ilə şərtləndirilməsinin Azərbaycan Respublikasın Konstitusiyasına və qanunlarına uyğun olub-olmamasının, habelə hüquqi xidmətin göstərilməsinə dair müqavilələr üzrə işin uğurlu həllinə (nəticəsinə) görə əlavə haqqın ödənilməsinin nəzərdə tutulmasının hansı hallarda və həmin haqqın hansı həddinin hüquqdan sui-istifadə kimi təfsir edilə biləcəyi barədə məsələnin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi tərəfindən şərh edilməsinə zərurət yaranmışdır.

Yuxarıda göstərilənlərlə əlaqədar və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 13.6-cı maddəsini, "Konstitusiya Məhkəməsi haqqında" Azərbaycan Respublikası Qanununun 33-cü maddəsini və Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsindən xahiş edirəm ki, hüquqi yardıma görə haqqın və ya mükafatın ödənilib-ödənilməməsinin konkret iş üzrə məhkəmənin qərarı və ya məhkəmənin ədalət mühakiməsinin həyata keçirilməsi zamanı gəldiyi nəticə ilə şərtləndirilməsinin Azərbaycan Respublikasın Konstitusiyasına və qanunlarına uyğun olub-olmaması, habelə hüquqi xidmətin göstərilməsinə dair müqavilələr üzrə işin uğurlu həllinə (nəticəsinə) görə əlavə haqqın ödənilməsinin nəzərdə tutulmasının hansı hallarda və həmin haqqın hansı həddinin hüquqdan sui-istifadə kimi təfsir edilə biləcəyi konteksində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 390.1 və 390.5 ci maddələrini və "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin 3-cü hissəsini Azərbaycan Respublikasının Konstitusiyasının 61-ci maddəsi və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1, 560.2 və 560.3.3-cü maddələri ilə müqayisəli şəkildə şərh edəsiniz".

Oxşar xəbərlər