- 11 Sentyabr 17:59
Kürdəmirdə mağazalardan oğurluq etməkdə təqsirləndirilən Orxan Seyidov, Arif Əliyev, Samir Babayev və Mərahim İbrahimovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Kürdəmir Rayon Məhkəməsinə göndərilib.
Hakim Müseyib Bayramovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, dəstə üzvləri Mollakənd və Qarabucaq kəndləri ərazisində yerləşən üç mağazadan oğurluq etməkdə təqsirləndirilir.
Aparılan istintaq zamanı məlum olub ki, həmin şəxslər qabaqcadan əlbir olaraq, Mollakənd kəndi ərazisində yerləşən mağazaların birindən 3 000 manat pul, bir ədəd mobil telefon, spirtli içkilər və tütün məmulatları oğurlayaraq mağaza sahibinə 4 657 manat, Qarabucaq kəndi ərazisində yerləşən iki mağazadan 11 000 manat dəyərində tütün məmulatları, 3 025 manat pul, 1 000 manat dəyərində danışıq kartları və 208 manat dəyərində ərzaq məhsulları oğurlamaqla zərərçəkmişlərə ümumilikdə 15 233 manat maddi ziyan vurublar. Onlara qarşı Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə