- 27 May 16:49
Azərbaycanda istirahət və nahar üçün fasilə necə müəyyən edilir? Vətəndaşlar ay və gün ərzində neçə gün istirahət etməlidir? Və ya vətəndaşlar üçün nahar fasiləsi nə qədərdir? Əmək Məcəlləsinində bununla bağlı hansı müddəalar nəzərdə tutulub?
Bununla bağlı e-huquq.az-ın suallarını hüquqşünas Mehman Rzayev cavablandırıb.
Onun sözlərinə görə, Azərbaycan Respublikasının Kontitusiyasının 37-ci maddəsinə əsasən, hər kəsin istirahət hüququ vardır: “Əmək müqaviləsi ilə işləyənlərə qanunla müəyyən edilmiş, lakin gündə 8 saatdan artıq olmayan iş günü, istirahət və bayram günləri, ildə azı bir dəfə 21 təqvim günündən az olmayan ödənişli məzuniyyət verilməsi təmin edilir. Buradan aydın olur ki, əmək fəaliyyəti ilə məşğul olan hər kəsin istirahət hüququ Konstitusiya ilə təsbit edilib. İstirahət vaxtında işçi əmək qanunvericiliyinə uyğun olaraq əmək öhdəliklərinin yerinə yetirilməsindən azad edilməlidir. İşçi həmin vaxtı özünün əmək qabiliyyətinin bərpa olunmasına sərf etməlidir.
Məhz Azərbaycan Respublikası Əmək Məcəlləsinin 103-cü maddəsi “istirahət və nahar üçün fasilə”dən bəhs edir: - iş günü (növbəsi) ərzində işçilərə istirahət və nahar etmək üçün fasilə verilməlidir, fasilənin verilməsi vaxtı və davamiyyəti müəssisədaxili intizam qaydaları, növbə cədvəlləri və ya əmək müqaviləsi, kollektiv müqavilə ilə müəyyən edilir, əmək şəraitinin xarakterinə görə işi dayandırmaqla fasilənin vaxtını və davamiyyətini müəyyən etmək mümkün olmadıqda, işəgötürən işçiyə nahar etməyə şərait yaratmalıdır, işçinin bir iş günü ilə növbəti iş günü arasındakı gündəlik istirahət vaxtı azı 12 saat olmalıdır. Növbəli iş vaxtı rejimində işçilərin istirahət vaxtının müddəti müvafiq növbə cədvəlləri ilə tənzimlənir. İstirahət və nahar fasilələrinin müddəti iş vaxtına daxil edilmir. İstirahət və nahar fasilələrindən işçi öz mülahizəsi ilə istədiyi kimi istifadə edə bilər”.
“İşçiyə iş günü ərzində verilən istirahət və nahar üçün fasiləni qısaca şərh etsək: - iş günü ərzində işçilərə 2 saatdan artıq olmayan istirahət və nahar etmək üçün fasilə verilməlidir. Fasilə, adətən işə başlayandan 4 saat sonra verilməlidir və həmin müddət iş vaxtına daxil edilmir. Günlərarası fasilə iş gününün bitməsi və növbəti iş gününün başlaması ilə müəyyən olunur. Bir qayda olaraq iki istirahət günü olan beşgünlük iş həftəsi müəyyən edilir. Altıgünlük iş həftəsi istehsalın, işin, xidmətin və əmək şəraitinin xarakterindən asılı olaraq işəgötürən və ya müvafiq icra hakimiyyəti orqanı (AR Nazirlər Kabineti) tərəfindən müəyyən edilə bilər”, - deyə, M.Rzayev söyləyib.
O deyib ki, Əmək Məcəlləsinin 104-cü maddəsində qeyd olunur ki, işəgötürən hər bir işçiyə həftələrarası fasiləsiz istirahət günlərindən istifadə etməyə şərait yaratmalıdır: "Həftələrarası istirahət günlərinin sayı beşgünlük iş həftəsində 2 gün, altıgünlük iş həftəsində isə bir gün olmalıdır. Bayram günləri də istirahət vaxtına aid edilir. Həftələrarası istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üst-üstə düşərsə, həmin istirahət günü bilavasitə bayram günündən sonrakı iş gününə keçirilir. Məcəllədə nəzərdə tutulmuş müstəsna hallar, habelə fasiləsiz istehsalatlar, ticarət, ictimai iaşə, rabitə, nəqliyyat və digər xidmət müəssisələri istisna olunmaqla istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günlərində və ümumxalq hüzn günündə işçilərin işə cəlb olunması yolverilməzdir. İş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü qabağı iş gününün müddəti həftəlik iş günlərinin sayından asılı olmayaraq bir saat qısaldılır. Altıgünlük iş həftəsi ilə işləyən müəssisələrdə bilavasitə səhərisi gün istirahət günü olan iş gününün müddəti 6 saatdan çox ola bilməz”.
Hüquqşünas qeyd edib ki, Azərbaycan əmək qanunvericiliyi müəyyən kateqoriyadan olan işçilər üçün bir sıra əlavə güzəştlər də nəzərdə tutulub: “Azərbaycan Əmək Məcəlləsinin 244-cü maddəsinə əsasən, yaş yarımına çatmamış uşağı olan qadınlara iş vaxtı ərzində istirahət və yemək üçün verilən ümumi fasilədən başqa, həm də uşağını yedizdirmək (əmizdirmək) üçün əlavə fasilələr verilməlidir. Bu fasilələrin hərəsi azı 30 dəqiqə olmaqla, hər 3 saatdan bir verilir. Qadının yaş yarımına çatmamış iki və daha çox uşağı olduqda hər fasilənin müddəti azı bir saat müəyyən edilir. Uşağın yedizdirilməsi ilə əlaqədar fasilələr iş vaxtına daxil edilir və orta əmək haqqı saxlanılır. Qadının istəyi ilə uşağın yedizdirilməsi üçün fasilələr cəmlənərək nahar və istirahət vaxtına birləşdirilə, habelə iş vaxtının (növbəsinin) əvvəlində, yaxud axırında istifadə edilə bilər. Əgər qadın uşağın yedizdirilməsi üçün fasilələri cəmləyərək iş vaxtının sonunda istifadə etmək istəsə, onda onun iş günü həmin fasilələrin müddəti qədər qısaldılır. Hamilə qadınların və 3 yaşına çatmamış uşağı olan qadınların gecə işlərinə, iş vaxtından artıq işlərə, istirahət, iş günü hesab edilməyən bayram və digər günlərdə işə cəlb edilməsinə yol verilmir. 3 yaşından 14 yaşınadək uşağı olan, həmçinin sağlamlıq imkanları məhdud uşağı olan qadınların istirahət, bayram və iş günü hesab olunmayan digər günlərdə işə cəlb edilməsinə yalnız onların razılığı ilə yol verilir. Yaşı 18-dən az olan işçiləri gecə vaxtı işlərə, iş vaxtından artıq işlərə, istirahət, iş günü hesab edilməyən bayram və digər günlərdə işə cəlb edilməsi, habelə onların ezamiyyətə göndərilməsi qadağandır”.
“Əmək qanunvericiliyin tələbinə əsasən, iş vaxtından artıq işlərin əlavə istirahət günü ilə əvəz edilməsinə yol verilmir. Bildirmək istəyirəm ki, istirahət vaxtının bir növü də məzuniyyətdir. Qanunvericilik bütün işçilərə onların iş yeri və orta aylıq əmək haqqıları saxlanılmaqla illik məzuniyyətlər verilməsini nəzərdə tutur. İşçilərin məzuniyyət hüququ aşağıdakı məzuniyyət növləri ilə təmin edilir: - əsas və əlavə məzuniyyətlərdən ibarət olan əmək məzuniyyəti, sosial məzuniyyəti, təhsilini davam etdirmək və elmi yaradıcılıqla məşğul olmaq üçün verilən təhsil və yaradıcılıq məzuniyyəti, ödənişsiz məzuniyyət. Əmək məzuniyyəti - işçinin normal istirahəti, əmək qabiliyyətinin bərpası, sağlamlığının mühafizəsi üçün işdən ayrılmaqla öz mülahizəsi ilə istifadə etdiyi istirahət vaxtıdır. İşçilərə ödənişli əsas məzuniyyət 21 təqvim günündən az olmayaraq verilməlidir. Qanunvericilik əmək şəraiti və əmək funksiyalarına görə ayrı-ayrı kateqoriyadan olan işçilərə əmək məzuniyyətinin fərqli müddətlərini müəyyən edir. Sosial məzuniyyət isə hamiləliyə və doğuşa görə, uşaq 3 yaşına çatanadək ona qulluq edilməsinə görə verilir. Həmçinin aspiranturada, doktoranturada müvafiq elmi dərəcə almaq üçün təhsilini davam etdirən işçilərə dissertasiya işlərini tamamlamaq, həmçinin müəlliflərə dərsliklər və ya dərs vəsaiti yazmaq üçün ödənişli yaradıcılıq məzuniyyətləri verilə bilər. Ödənişsiz məzuniyyətlər qanunvericilikdə nəzərdə tutulmuş hallarda işçilərin xahişi və ya tərəflərin qarşılıqlı razılığı ilə altı aydan çox olmayaraq verilir. İşçilərin Əmək Məcəlləsi ilə müəyyən edilmiş məzuniyyət hüququ və ondan istifadə qaydaları məhdudlaşdırıla bilməz”, deyə, M.Rzayev qeyd edib.