"Fransa Milli Assambleyasının qətnaməsi beynəlxalq hüququn fundamental prinsiplərinə hörmətsizlikdir"


  • 2 Dekabr 2022 11:54

Fransa Milli Assambleyasının noyabrın 30-da Azərbaycana qarşı qəbul etdiyi qərəzli qətnamə ilk növbədə beynəlxalq hüququn fundamental prinsiplərinə hörmətsizlikdir. Əsassız, obyektivlikdən uzaq, tamamilə absurd mülahizələr əsasında hazırlanmış sənədin qəbul edilməsi ikitərəfli münasibətlərimizə də Fransa tərəfindən vurulmuş növbəti zərbədir.

E-huquq.az-ın məlumatına görə, bunu deputat Soltan Məmmədov Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib.

O qeyd edib ki, Cənubi Qafqazdakı reallıqları tamamilə təhrif edən, Azərbaycanla-Ermənistan arasında davamlı sülhün əldə edilməsi səylərinə kölgə salan bu sənəd Fransanın uzun müddətdir ki, davam edən qərəzli siyasətinin daha bir təzahürüdür.

“Layihənin ümumi məzmunu və ayrı-ayrı müddəaları Cənubi Qafqazda sülh və sabitliyin təmin olunmasına istiqamətlənmiş təşəbbüslərə kölgə salmaqla yanaşı, Azərbaycan ictimaiyyətinin Fransaya onsuz da kövrək etimadını bir daha zəiflədir. Təəssüf doğurur ki, Ermənistana ciddi təsir imkanlarına malik bir ölkə 30 il ərzində Azərbaycan torpaqlarının işğalı faktına laqeyd bir sükut nümayiş etdirdi. Vətən müharibəsi dövründə Ermənistanın dinc sakinləri hədəfə alan artilleriya və raket hücumlarının faciəli nəticələrinə biganə qaldı. Müharibədən sonra 270-dək Azərbaycan vətəndaşının həlak olmasına və ya yaralanmasına səbəb olan mina təhlükəsi barədə bir dəfə də narahatlıq ifadə etmədi.

Birinci Qarabağ müharibəsində itkin düşmüş 4000-ə yaxın azərbaycanlının taleyinə aydınlıq gətirilməsi üçün heç bir çağırış etmədi. Bütün bunlar Fransanın insan hüquqlarına, beynəlxalq normalara etinasız münasibətinin təzahürüdür. Əlcəzairdə və Afrikanın digər bölgələrində, müxtəlif ölkələrdə soyqırımlara imza atmış bir ölkənin bu gün başqa dövlətləri hərbi təcavüzdə ittiham etməyə haqqı yoxdur. Milli Assambleyanın qəbul etdiyi qətnamə Fransanın Azərbaycanın 44 günlük müharibədə əldə etdiyi tarixi qələbənin yaratdığı yeni reallıqlarla barışa bilmədiyini bir daha təsdiq edir. Bu qətnamənin Fransa hökumətinin nümayəndəsi tərəfindən də dəstəklənməsi bu ölkənin Azərbaycan və Ermənistan arasında əlaqələrin bərpasında, etimad mühitinin formalaşmasında maraqlı olduğuna dair uzun müddətdir ki mövcud olan şübhələri daha da dərinləşdirdi”, - deyə S.Məmmədov bildirib.

O qeyd edib ki, Fransa parlamentinin hər iki palatasının üzvləri Cənubi Qafqaz regionunda sülh prosesinə mane olan bu cürə təşəbbüsləri davam etdirməklə, öz ölkələrinin əsl niyyətini ifşa etmiş olurlar.

“Təəssüf ki, bu niyyət heç də bölgədə sülhün bərqərar olunmasına, xalqların rifahına və təhlükəsizliyinə xidmət etmir”, - deyə deputat əlavə edib.

Oxşar xəbərlər