“Ermənistan növbəti dəfə tarixi şansı itirə bilər” - Prezident


  • 26 Fevral 2021 15:21

“Müharibədən sonra regiondakı vəziyyəti çox yüksək qiymətləndirirəm və hesab edirəm ki, regionun gələcək inkişafı üçün bu gün unikal imkanlar yaranıb. Çünki bir daha qeyd etmək istəyirəm ki, biz və bizim bir çox tərəfdaşlarımız hesab edir ki, müharibə başa çatıb”.

E-huquq.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında deyib.

Dövlət başçısı qeyd edib ki, biz artıq kitabın o səhifəsini bağlamalıyıq və gələcəyə baxmalıyıq: “Nikbinliyə digər səbəb olan amil odur ki, bizim qonşularımız da bizim fikirlərimizi bölüşür və regionun gələcək inkişafı, inteqrasiya layihələrinin icrası ilə bağlı bizim aramızda fikir ayrılığı yoxdur. Mən deyə bilərəm ki, Türkiyə, Rusiya, İran rəhbərləri ilə bu məsələ ilə bağlı mənim bir çox söhbətlərim olub. Xarici işlər nazirləri, Baş nazirlər və Baş nazirlərin müavinləri səviyyəsində məsləhətləşmələr, təmaslar olub və biz faktiki olaraq tam yekdil fikir sərgiləyirik ki, biz bu imkanlardan maksimim səmərə ilə istifadə etməliyik. Çünki postmüharibə dövrü doğrudan da yeni imkanlar açır: əməkdaşlıq üçün, qarşılıqlı ticarət üçün, komnukasiyaların açılması üçün, yeni nəqliyyat dəhlizlərinin yaradılması üçün çox unikal imkanlar yaradır. Təkcə Zəngəzur dəhlizinə əgər biz fikir versək, görərik ki, bu, təkcə Rusiya, Azərbaycan, Türkiyə, İran, Ermənistan maraqlarına cavab vermir, bu, qonşu ölkələrin də maraqlarına cavab verir. Yəni Avrasiyanın yeni bir nəqliyyat damarı açıla bilər. Əgər bu müsbət meyllər üstünlük təşkil edərsə, əlbəttə ki, hər bir icra edilən layihə özündən sonra digər layihəni də gətirib çıxaracaq. Mən burada bizim enerji sektorundakı fəaliyyətimizə istinad edə bilərəm. Biz birinci addımı atanda bəlkə də təsəvvür etmirdik ki, bu gün nə qədər böyük layihələt icra edəcəyik. Birinci neft kəməri Azərbaycanı, Xəzər dənizini Qara dənizlə birləşdirən, 1999-cu ildə istismara verilən Bakı-Supsa kəməri görün nəyə gətirib çıxadı? Ondan sonra neçə layihə icra edildi. Həm sərmayə qoyuluşu, yeni kəşfiyyatlar. Eyni zamanda Cənub Qaz Dəhlizi. Artıq bu layihənin icrası ilə bağlı olan məsələlərdə 7 ölkə birləşdi və bu özlüyündə yeni əməkdaşlıq formatı yaradır. Eyni mənzərəni biz burada da görə bilərik. Ancaq bir şərtlə ki, burada hər hansı bir gizli məqamlar, fikirlər olmasın. Səmimiyyət olsa, qarşılıqlı inam olsa və maraqların bölgüsü olsa, bütün ölkələrin maraqları təmin edildiyi təqdirdə, bu vəziyyətdən biz maksimum səmərə ilə istifadə edə bilərik. Bir də demək istəyirəm ki, Azərbaycan, Türkiyə, İran, mənim bu ölkələrin dövlət başçıları ilə görüşlərim və fikir mübadiləsi deməyə əsas verir ki, biz bir mövqedəyik. Ermənistan sözdə hələ ki, bu mövqedədir. Çünki gedən məsləhətləşmələrdə bəzi fikirlər ortalığa atır ki, onlar qəbuledilən fikirlər deyil. Ona görə Ermənistanda da əgər bu məsələ ilə bağlı eyni yanaşma olarsa, onda əlbəttə ki, Ermənistan da gedən proseslərin tərkib hissəsi ola bilər. Yox olmasa, onsuz da biz planlaşdırdığımız məsələləri həll edəcəyik. Heç kim bizi dayandıra bilməz. Çünki yaxın tarix də göstərir ki, nəyi hədəfləmişiksə, ona da çatmışıq. Sadəcə olaraq, Ermənistan növbəti dəfə bu tarixi şansı itirə bilər. Necə ki, 90-cı illərdə itirib, inanmayıb ki, biz bütün layihələri icra edəcəyik, onlar Ermənistandan yan keçəcək, Ermənistan bir qəpik də mənfəət görməyəcək. İndi də əgər belə fikirləşirlərsə, yenə də eyni aqibətlə üzləşəcəklər. Biz əməkdaşlığa hazırıq və hesab edirik ki, bu əməkdaşlıq bölgədə uzunmüddətli sülhün əsas təminatçısı ola bilər”.

Oxşar xəbərlər