"Fransa təcavüz və terrorizmi dəstəkləyən, əsrlər boyu soyqırım törədən bir ölkədir"


  • 3 Dekabr 2022 12:30

2020-ci ildə 44 günlük Vətən müharibəsinin nəticəsində torpaqlarımız işğaldan azad edildi. Azərbaycan Ordusu tarixi Qələbə ilə həm ölkəmizin ərazi bütövlüyünü bərpa etdi, həm də illərdir icra edilməyən BMT qətnamələrinin də icrasını təmin etmiş oldu. Bu Qələbə, eyni zamanda, regionda yeni reallıqlar yaratdı. Lakin bəzi ölkələr, o cümlədən Fransa bunu hələ də qəbul etməkdə çətinlik çəkir.

Fransanın yüzilliklər boyu dünyanın müxtəlif bölgələrində törətdiyi hərbi və insanlığa qarşı cinayətlər artıq dillər əzbəri olub.Yaxın keçmişi “qanlı ləkələr”lə zəngin olan müstəmləkəçi Fransanın Əlcəzairdə, Mərakeşdə, Ruandada və s. Afrika ölkələrində törətdiyi kütləvi soyqırımlar, amansız qırğınlar bəşəri cinayətlər kimi tanınır. Hələ Afrikada yaşayan ayrı-ayrı xalqlara qarşı həyata keçirdikləri soyqırımı və qətliamlara, Ruandada yüzminlərlə insanın qətlə yetirilməsinə, Əlcəzairdə 1 milyondan çox insanın soyqırımına və Sena soyqırımına görə Fransaya hələ də beynəlxalq məhkəmələr və təşkilatlar tərəfindən adekvat cavab verilməyib.

Fransa öz qanlı ənənəsinə sadiq qalaraq Qafqazda müharibənin bir daha baş qaldırması üçün bütün yollara, bəd əməllərə baş vurur. Elə ona görə də Fransa bu gün regionda sülh və inkişaf üçün çalışan Azərbaycanın deyil terror, soyqırımları ilə Ermənistanın yanında yer alıb. Bu gün birmənalı olaraq demək olar ki, Fransa terrorizmi dəstəkləyən dövlətdir. Heç kimə sirr deyil ki, Fransa həm Birinci Qarabağ müharibəsi, həm də Vətən müharibəsi dövründə Ermənistanın Azərbaycana qarşı təcavüzünü silahla, pulla, ardıcıl siyasi dəstəklə müdafiə edib və bu gün də bu işi davam etdirir. Elə Fransa Senatında noyabrın 15-də, Milli Assambleyasında isə noyabrın 30-da qəbul edilən bədnam qətnamə fransalı siyasətçilərin Ermənistanı yenidən müharibəyə sövq etmək istəyindən irəli gəlir.

Fransa prezidenti Emmanuel Makron bir müddət öncə də Ermənistanı dəstəkləyib, Azərbaycanı ittiham etməyə cəhd göstərmişdi. Azərbaycan Prezidenti İlham Əliyev buna cavab olaraq, Fransa liderinin bundan sonra heç vaxt Cənubi Qafqazda sülh danışıqlarında vasitəçilik, yəni, ümumilikdə geopolitik proseslərdə istirak edə bilməyəcəyini vurğalamışdı.

Noyabrın 15-də Fransa Senatının aşağı palatası Azərbaycan əleyhinə qətnamə qəbul edib. “Azərbaycana qarşı sanksiyaların tətbiqi və onun Ermənistan ərazisindən dərhal geri çəkilməsi, 9 noyabr 2020-ci il tarixli atəşkəs razılaşmasına riayət etməsi tələbi və iki ölkə arasında dayanıqlı sülhün bərqərar olmasına yönəlmiş bütün təşəbbüslərin təşviq edilməsinə dair qətnamə layihəsi” adlı qətnamənin qəbulunda 332 senator iştirak edib, lehinə 295, əleyhinə isə 1 senator səs verib.
Qətnamədə Azərbaycana qarşı sanksiyaları həyata keçirilməsi tələbləri irəli sürülür. Bədnam sənəddə “Azərbaycanın Ermənistan ərazisindən və Laçın dəhlizindən çəkilməsi” tələb olunub. Layihə müəllifləri “Azərbaycan və onun tərəfdaşlarının Ermənistanın suverenliyi və ərazi bütövlüyünə hörmət etməsini, həmçinin bütün erməni hərbi əsirlərin qaytarılmasını” tələb edirlər.Fransa uzun müddətdir ki, Ermənistanın işğalçılıq siyasətini dəstəkləyir və onu pozuculuq fəaliyyətində həvəsləndirir.

Senatda belə bir qətnamənin qəbulu Azərbaycanda sərt reaksiya ilə qarşılanıb. Fransa Senatının aşağı palatasının Azərbaycan əleyhinə qətnaməsi gözlənilən idi və qətnamə hüquqi təsir qüvvəsi olan sənəd deyil. Fransa hökumətinin qətnaməni təsdiqləyəcəyi ehtimalı çox azdır.Müharibə bitəndən sonrakı proseslərə əsas amil Azərbaycandır. Yeni reallıqları nəzərə alaraq proseslərin əsas trendini Azərbaycan formalaşdırır. Bu baxımdan Fransanın bu cür qətnamə ilə proseslərə təsir etmək imkanı sıfıra bərabərdir. Fransa Ermənistan vasitəsilə hansısa addımlar atmaq imkanlarını əldə etmək istəyir. Lakin nəzərə almalıdır ki, Ermənistanın özünün proseslərə ciddi təsir etmək imkanları yoxdur. Bu bədnam qətnamədə olan çağırışlar istər beynəlxalq aləmə, istər proseslərə təsir göstərən dövlətlərə heç bir hüquqi qüvvəyə malik deyil. Ümumiyyətlə, bu cür qətnamələri biz 44 günlük müharibə vaxtı da gördük, xüsusilə də Fransa Senatı həmin vaxt indikindən də sərt qətnamə qəbul etmişdi. Azərbaycan isə indi olduğu kimi o zaman da həmin qətnaməyə bir kağız parçası kimi yanaşdı.

Qətnamə əslində Fransanın erməni qruplarının və erməni disporasının alətinə çevrilmiş gücsüz dövlət halına gəlib çıxdığının göstəricisidir.Fransa dövləti o vəziyyətə düşüb ki, ermənilərdən verilən sifarişləri yerinə yetirməməkdən çəkinir. Ermənistana reallıqda köməklik edə və Azərbaycana təsir edə bilməyən Fransa öhdəliyini bu cür qətnamələr qəbul etməklə yerinə yetirdiyini erməni diasporuna hesabat vermiş olur. Fransa prezidentinin və Senatının anti-Azərbaycan ritorikası Ermənistanı və erməni separatizmini qorumaq məqsədi daşıyırsa, tam əks nəticə ilə üzləşəcəklər. Fransa Senatının qətnaməsi Ermənistanın baş naziri Nikol Paşinyanı Parisdən asılı vəziyyətə salır. Əgər Paşinyan Qarabağdan imtinaya hazırlaşırdısa, Fransa Senatı sanki onu “cəsarətləndirdi” və Ermənistanın baş nazirinə belə bir mesaj göndərdi ki, əsla Qarabağın müstəqilliyindən vaz keçməsin. Bu qətnamə Fransa-Azərbaycan münasibətlərinə şübhəsiz təsirsiz ötüşməyəcək. Fransa Senatı Azərbaycanı yenə ittiham edib, hətta Azərbaycanın Xankəndi və ətraf bölgəsində Rusiya sülhməramlı qüvvələrinin arxasında gizlənən erməni separatçı-terrorçuların “müstəqilliyinin” tanınmasını təklif edib. Eyni zamanda, Xankəndi və ətraf bölgədə Fransanın “humanitar büro”sunun açılmasına çağırıb.
Fransa Senatının ardından Fransa Milli Assambleyasının da Azərbaycana qarşı qəbul etdiyi qətnamə tamamilə Fransanın erməni təəssübkeşliyindən qaynaqlanır. Fransa Senatı və Milli Assambleyası Azərbaycanın öz qanuni və beynəlxalq hüquqla tanınan torpaqları məhz BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnaməni icra edərək işğaldan azad etməsi halı ilə qətiyyən barışmır. Fransa Senatı və Milli Assambleyası bu irqçi və ikili standartları sərgiləyən ermənipərəst xarakterli qətnamələri ilə işğalçılığa, erməni separatizminə və erməni cinayətlərinə birbaşa dəstək verməkdədir.

Senatın qətnaməsi Fransa dövlətinin mənafeyinə deyil, erməni iddialarının marağına xidmət edir. Fransanın ermənipərəst ölkə olması bir neçə vacib amilə əsaslanır. Ölkədə çoxsaylı etnik erməni vətəndaş var və onlar geniş lobbi qrupuna malikdirlər. Hətta buradakı bəzi bölgələrdə seçkinin nəticələrinə həlledici təsir göstərən, ictimai rəyin, media kontentinin formalaşmasında iştirak edən, qanunverici orqanlarda təmsil olunan erməni siyasi qrupları, həmçinin hüquq-mühafizə orqanlarında, bələdiyyə strukturlarında etnik ermənilərdən ibarət kifayət qədər geniş erməni şəbəkəsi mövcuddur. Etnik ermənilərin kompakt yaşadıqları Marsel Fransanın bahalı turizm şəhəridir. Buranın varlı erməniləri maliyyə resursları hesabına ölkədə fikir formalaşdıra bilirlər. Bu və digər səbəblərdən, erməni lobbisinin Fransa qanunverici orqanlarında da Azərbaycana hücumları, böhtan kampaniyaları mütəmadi xarakter alıb. Fransa hökuməti beynəlxalq hüquqa məhəl qoymadan, daim millətçi çıxışlar edən ermənilərin əlində oyuncağa çevrilib.
Bütün bunlardan sonra bir daha aydın olur ki, Prezident İlham Əliyev niyə Makronu sülh danışıqlarını pozmaqda açıq şəkildə ittiham edir və Brüssel görüşündən imtina edir. Prezident İlham Əliyev noyabrın 25-də Bakıda, ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransdakı çıxışında Fransanın son addımlarının, həmçinin Makronun dekabrın 7-də Brüsseldə keçirilməli olan görüşündə iştirak etmək istəyinin qəbuledilməz olduğunu bildirib. XXI əsrdə çəkinmədən, heç bir etik norma, dövlət təmkini və strategiyası nümayiş etdirmədən belə azğın mövqe ortaya qoymaq, tarixi ədaləti bərpa edən dövlətə qarşı bədnam qətnamə qəbul etmək Fransanın mahiyyətinin separatizmdən yan keçmədiyindən, işğalçılığa meyilli olduğundan xəbər verir.

Azərbaycanın Qarabağ ərazisində yaşayan, həm də bu gün Ermənistan ərazisi kimi tanınan tarixi torpaqlarımızda yaşamış soydaşlarımızın necə terror və sui-qəsdlərə məruz qaldıqlarının şahidi olmuşuq. Bu, Ermənistanın Fransadan aldığı dərsdir, həmin ölkənin təlimatlarıdır. Fransa birmənalı olaraq Ermənistanın simasında işğalçılıq, təcavüz və terroru dəstəkləyir. Senatın yalnız “erməni iddiaları”nı gündəmə gətirməsi beynəlxalq hüquq normalarına da hörmətsizlikdir. Təbii ki, münaqişələrlə zəngin olan XXI əsrdə Fransanın bu mövqeyi dövlətlərarası münasibətlərə sarsıdıcı zərbə vurur, beynəlxalq hüquq normalarını ciddi şəkildə pozur. Fransa Senatının qətnaməsini rəsmi Paris tərəfindən ölkəmizə qarşı uzun illərdən bəri həyata keçirilən qərəzli siyasətin davamı adlandırmaq olar. Qətnamədə Fransa hakimiyyətinin və digər Avropa İttifaqı ölkələrinin “Azərbaycandan idxal edilən qaz və neftə embarqo tətbiq etmək” çağırışının yer alması, ölkəmizin Beynəlxalq Cinayət Məhkəməsi ilə təhdid edilməsi və Azərbaycana münasibətdə “təcavüzkar” sözünün işlədilməsi qəbuledilməzdir. Fransanın saxta ittihamlarla dolu qətnaməsi bir daha sübut edir ki, bölgədə sülh və əmin-amanlıq mühitinin yaradılmasında maraqlı olmayan bu ölkə olaraq riyakar simasını dəyişməyib.

Şaiq MİRZƏYEV,

Vəkillər Kollegiyasının üzvü, hüquq elmləri üzrə fəlsəfə doktoru.

Oxşar xəbərlər