Bu ərzaqlar bahalaşıb - Siyahı


  • 17 Yanvar 2022 20:50

2021-ci ildə istehlak qiymətləri indeksi 2020-ci ilə nisbətən 106,7 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 108,1 faiz, qeyri-ərzaq məhsulları üzrə 105,1 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 105,8 faiz təşkil edib.

E-huquq.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, 2021-ci ilin dekabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,6 faiz, əvvəlki ilin dekabr ayına nisbətən 112 faiz təşkil edib.

2021-ci ilin dekabr ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 102,6 faiz, əvvəlki ilin dekabr ayına nisbətən 115,8 faiz təşkil edib.

Ötən ilin dekabr ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma qarabaşaq yarmasının, çörəyin, unun, makaron məmulatlarının, düyünün, toyuq, mal və qoyun ətinin, təzə və dondurulmuş balığın, qatılaşdırılmış şəkərli və pasterizə olunmamış üzlü südün, pendirin, kəsmiyin, yoqurtun, xamanın, yumurtanın, kərə və günəbaxan yağlarının, süfrə marqarininin, narın, heyvanın, bananın, almanın, armudun, qozun, fındığın, xiyarın, pomidorun, balqabağın, kartofun, soğanın, sarımsağın, mərcinin, şəkər və şəkər tozunun, konfetlərin, çayın, qəhvə və kakao tozunun, limonadın, ucuzlaşma isə əsasən portağalın, limonun, xurmanın, kivinin, kələmin və yerkökünün qiymətlərində müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

2021-ci ilin dekabr ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,7 faiz, əvvəlki ilin dekabr ayına nisbətən 107,7 faiz təşkil edib.

Ötən ilin dekabr ayında əvvəlki ayla müqayisədə qeyri-ərzaq məhsullarından daha çox bahalaşma minik avtomobilləri üçün ehtiyat hissələrinin, mebellərin, məişət cihazlarının, noutbukların, geyim və ayaqqabıların, ucuzlaşma isə əsasən kəsilmiş taxtaların və mobil telefonların qiymətlərində müşahidə olunmuşdur. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

2021-ci ilin dekabr ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,9 faiz, əvvəlki ilin dekabr ayına nisbətən 110 faiz təşkil edib.

Ötən ilin dekabr ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən daha çox bahalaşma ictimai iaşə, bərbərxana və kosmetoloji xidmətlərin, paltarların təmiri, kimyəvi təmizlənməsi və kirayəsi, ayaqqabı və televizorların təmiri, minik avtomobillərinin mühərrik yağının dəyişdirilməsi və hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Oxşar xəbərlər