Məhərrəm ayında toy etmək günahdır? - AÇIQLAMA


  • 11 Avqust 2022 17:55

Hər il olduğu kimi, bu il də Məhərrəm ayında toyların keçirilib-keçirilməməsi ilə bağlı cəmiyyətdə müzakirələr aparılmaqdadır. Bir çoxları Məhərrəm ayında toy şənliklərinin keçirilməsini günah hesab etsə də, bu yanaşmanının doğru olmadığını düşünənlər də az deyil.

Məsələ ilə bağlı e-huquq.az-a danışan millət vəkili, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov deyib ki, insanlar belə mövzularda bir-birilərinin fikirlərinə hörmətlə yanaşmalıdırlar. O, bu cür fikir ayrılıqlarını qarşıdurma yaradacaq səviyyəyə çatdırmağın düzgün olmadığını bildirib.

"Bu mövzuda müxtəlif yanaşmalar mövcuddur. Bu gün Azərbaycanda həm şiələr, həm sünnilər yaşayır. Məhərrəmliklə bağlı mərasimlər daha çox şiəlik məzhəbində qeyd olunur və məzhəb nöqteyi nəzərindən bu ayda şənlənmək, toy eləmək olmaz. Ölkəmizdə bu fikri müdafiə edən və dəstəkləyən kifayət qədər insan var. Digər yanaşma isə ondan ibarətdir ki, İslama görə əgər bir insan dünyasını dəyişibsə, həyatını itiribsə, yas mərasimi üç gün saxlanıla bilər. Bu baxımdan da tarixdə baş vermiş müəyyən hadisələrə görə uzunmüddətli yas saxlamağa ehtiyac yoxdur. İlin istənilən vaxtında, istənilən dövründə toy eləmək olar. Burada baxışlarda fərqin olması bütün hallarda məzhəblərdən qaynaqlanan bir məsələdir. Hesab edirəm ki, burada bütün tərəflər bir-birinə hörmət etməyi bacarmalıdır. Kimsə düşünürsə, toy etmək olar, etməlidir, bu onun özünün haqqıdır. Digəri düşünürsə, etmək olmaz, etməməlidir, bu da onun tam haqqıdır. Sadəcə biz bunu ixtilaf predmetinə, qarşıdurmaya, bir-birinə ittiham müstəvisinə çevirməməliyik. Çünki bu, gərginlik yaradır və münasibətlərə xələl xətirir", - deyə deputat qeyd edib.

Rəşid Qarayev

Oxşar xəbərlər