Vəkil hüquqi yardım göstərdiyi şəxsə işin nəticəsi barədə vəd verə bilərmi? - RƏYLƏR


  • 16 Mart 2022 15:45

Məlumdur ki, hüquqi yardımla bağlı vəkilə müraciət edən şəxslər ilk növbədə işin nəticəsinin necə olacağı barədə soruşurlar. Bir çox hallarda vətəndaşlar işin onların xeyrinə həll olunacağı barədə vəd istəyir, əminlik hissi yaradan cavab almadıqda həmin vəkildən imtina edirlər. Bəzən isə vəkilin vəd verdiyi işin nəticəsi gözlənilən kimi olmadıqda, vəkillə vətəndaş arasında narazılıq yaranır. Vətəndaş işin nəticəsindən onu əmin edən vəkillə bağlı şikayət edir. Bəs, əslində vəkil hüquqi yardım göstərdiyi şəxsə işin nəticəsi barədə vəd verməlidirmi?

Vəkillərin İntizam Komissiyasının sədri Şahmar Məmmədov e-huquq.az-a açıqlamasında bildirib ki, göstərilən hüquqi yardımın nəticəsi ilə əlaqədar vəd vermək vəkillərin davranış qaydalarına ziddir. "Vəkillərin davranış qaydaları haqqında" Əsasnamədə göstərilib ki, vəkil göstərdiyi hüquqi yardımın nəticəsi ilə əlaqədar vəd verməməlidir.

"Eyni zamanda Vəkillər Kollegiyası Rəyasət Heyəti tərəfindən təsdiq edilmiş müqavilə nümunəsində də qeyd olunur ki, işin nəticəsi ilə bağlı vəkil tərəfindən hər hansı vəd verilmir. Vətəndaş müqaviləni imzalayarkən özü də bu bəndlə tanış olur. Lakin buna baxmayaraq, yenə də bəzi vətəndaşlar hesab edir ki, əgər vəkil müqavilə bağlayıb, hüquqi yardım göstərməyi öz üzərinə götürübsə, deməli, mütləq işin müsbət nəticəsinə nail olmalıdır. Onlar bağlanan müqaviləni vəkil tərəfindən verilmiş vəd kimi qiymətləndirirlər. Ona görə də bizə bununla bağlı şikayətlər daxil olur. Vətəndaş müraciət edir ki, vəkil müqavilə bağladı, pul aldı, amma iş mənim xeyrimə həll olmadı. Araşdırma zamanı məlum olur ki, bu kimi şikayətlərin əksəriyyəti haqsız şikayətlərdir. Hər bir vəkil istəyər ki, icraatına götürdüyü iş uğurla nəticələnsin. Vətəndaş vəkilə müraciət etdikdə vəkil vəd verməsə də, işlə tanış olub, ehtimalları söyləyə bilər. Elə işlər olur ki, ümumiyyətlə perspektivi olmur və vəkil həmin işlə bağlı hüquqi yardım göstərilməsini öz üzərinə götürmür. Amma elə işlər də var ki, vəkil özü də müsbət nəticə olacağına ümid edir. Lakin işin gedişatında başqa hallar ortaya çıxır və gözlənilən nəticə əldə olunmur", - deyə Ş.Məmmədov qeyd edib.

Sima Yaqubova da bildirib ki, vəkil işin perspektivinin olub-olmaması barədə fikir söyləyə bilər, lakin nəticə barədə vəd verə bilməz: "Vəkil ilk növbədə ona müraciət edən şəxsin problemini dinləməli, onunla müsahibə etməli, sənədləri tədqiq etməli, hüquqi ekspertizasını aparmalıdır. Bundan sonra işin ilkin hüquqi perspektivinin olub-olmamasına və ya hüquqi perspektivin gözlənilən həddi, riskləri barədə tərəfə ilkin hüquqi rəy verə bilər. Lakin vəd vermək tam fərqli anlayışdır, işin hüquqi perspektivini analiz edib müəyyən fikir söyləmək isə tam fərqli anlayışdır. İşin perspektivi barədə fikir bildirmək olar, amma heç bir halda vəkil işin nəticəsi barədə vəd verə bilməz. Bu, vəkillərin davranış qaydalarına ziddir. Çünki prosessual qanunvericiliyin tələbinə əsasən, bütün məhkəmə mübahisələrinin yekun nəticəsi məhkəmə çəkişməsindən əldə edilən sübut və faktlardan asılıdır. Ona görə də işin hüquqi perspektivi ilkin baxışdan müsbət görünsə belə, məhkəmə araşdırması zamanı elə sübutlar və faktlar ortaya çıxa bilər ki, perspektivli hesab etdiyimiz işlər belə tamamilə perspektivsiz alına bilər. Tutaq ki, vətəndaş nikah dövründə əldə edilmiş əmlakdan pay tələb edir. Bu zaman vəkil müəyyən sənədlərlə tanış olduqdan sonra əmlakdan pay ala biləcəyinə həmin şəxsi əmin edir. Lakin məhkəmə prosesinin gedişatında elə sənədlər ortaya çıxar ki, həmin əmlakın birgə nikah dövründə əldə olunan vəsait hesabına alınmadığı məlum olar. Yaxud kişi boşanmaq üçün müraciət edə bilər. Vəkil onu arxayın edər ki, 3 ay sonra boşanma prosesi yekunlaşacaq. Lakin məlum olar ki, həyat yoldaşı hamilədir və uşaq 1 yaşına çatanadək kişinin nikahın pozulmasına dair iddiasına baxıla bilməz. Yəni, vəkil qanun çərçivəsində işlə bağlı hansı hüquqi perspektivlərin gözlənilməsi, hüquqi analiz edərək hüquqi yardım göstərdiyi şəxsə ilkin hüquqi nəticələri izah edə bilər. Lakin işin nəticəsinə vəd, qaranti verə bilməz".

Anar Qasımlının sözlərinə görə, vəd verməmək açıq-aşkar perspektivsiz olduğu görünən işin icrasını qəbul etməyə gətirib çıxarmamalıdır. O bildirib ki, vəkil işi araşdırmalı, vəd verməsə də, işin perspektivi barədə hüquqi yardım göstərdiyi şəxsi məlumatlandırmalıdır.

"Qanunvericiliyin tələbinə görə, vəkil göstərdiyi hüquqi yardımın nəticəsi ilə əlaqədar vəd verməməlidir. Vəkillə bağlanan müqavilə tapşırıq müqaviləsidir. Nəticənin necə olacağı barədə heç bir təminat verilmir. Lakin vətəndaşlar nəticə barədə vəd istəyirlər. Çünki onlar vəkilə pul ödəyir və onları işin nəticəsi maraqlandırır. Vəd verməmək o demək deyil ki, açıq-aşkar perspektivsiz olduğu görünən işin icrasını qəbul edib müqavilə bağlamaq olar. Bu, etik deyil. Ona görə də gözüyumulu şəkildə istənilən işi icraata qəbul etmək də olmaz. Vəkil işi götürərkən onu hərtərəfli araşdırmalı, sübutlar toplamalı və təhlil etməlidir. İlk növbədə yaxşı olardı ki, vəkil ona müraciət edən şəxslə sübutların toplanması barədə müqavilə bağlasın. Vətəndaşa da izah etsin ki, bu müqavilə hələ onu məhkəmədə təmsil etmək üçün deyil, işin perspektivini müəyyən etmək baxımından sübutların toplanması üçün bağlanır. Əgər toplanan sübutlar işin müsbət perspektivi olacağını göstərsə, bu zaman növbəti mərhələ üçün müqavilə bağlamaq olar. Mən praktikamda bu üsulu tətbiq edirəm. Ümumiyyətlə, hesab edirəm ki, özünə güvənən, peşəkar vəkil mülki, kommersiya və inzibati işlərdə işi tam araşdırıb, nəticəsi barədə təminat verə bilər. Amma cinayət işlərində bu bir qədər çətinlik törədən məsələdir. Çünki biz bilmirik ki, o işin içində nə var. Bu zaman vəkil hüquqi yardım göstərdiyi şəxsə situasiyanı izah etməlidir. Bildirməlidir ki, hər bir şəxsin müdafiə hüququ var və onun hüquqlarını məhkəmə müdafiə edəcək. Qeyd etməlidir ki, vəkil işin gedişatında onu nə gözlədiyini bilmir. Çünki şəxs həqiqətən cinayət törətmiş də ola bilər, yaxud da əksinə. Hər şey ortaya çıxacaq sübutlardan asılıdır. Vəkil də gedişata uyğun olaraq addım atacaq. Yəni, cinayət işlərində öncədən vəd vermək çox nadir hallarda mümkün ola bilər. Əksər hallarda bu, qeyri-mümkündür. Bilirsiniz, vəkillə müştəri arasında bağlanan müqavilə sərbəstdir, tapşırıq müqaviləsidir. Burada şərtləri özləri müəyyən edirlər. Ona görə də vəkilin verdiyi vədin özünü doğrultmayacağı halda ona ödənilən məbləğin müəyyən hissəsinin geri qaytarılacağı da müqavilədə öz əksini tapa bilər", - deyə A.Qasımlı qeyd edib.

Vüqar Babayev isə vəkilin vətəndaşa yalnız peşəkar hüquqi yarım göstərəcəyi ilə bağlı vəd verə biləcəyini söyləyib: "Vəkil heç bir halda işin nəticəsi ilə bağlı vəd verə bilməz. Ən azından ona görə ki, qərar qəbul edən şəxs başqasıdır. Baxın, birinci instansiya məhkəməsində bir qərar qəbul olunur, apellyasiya məhkəməsi o qərarı dəyişdirir və başqa qərar qəbul edir, Ali Məhkəmə isə dəyişib başqa qərar qəbul edir. Yəni, bu üçpilləli məhkəmə sisteminin özündə belə bir işə ayrı-ayrı hakimlər baxır və fərqli qərarlar qəbul olunur. Belə olan halda, işin nəticəsi ilə bağlı birmənalı vəd vermək olmaz. Aydındır ki, vətəndaş vəkilə müraciət etdikdə problemin öz xeyrinə həll olunmasını istəyir. Ona görə də işin hüquqi perspektivi ilə bağlı müəyyən mülahizlər söyləmək olar. Demək olar ki, işin perspektivi var, yoxsa yox. Dünyanın bütün ölkələrində belədir. Vəd vermək vəkilin peşə etikasına ziddir. Mən bir vəkil olaraq, heç vaxt müraciət edən şəxsə vəd verməmişəm. Hətta özümün əmin olduğum işlərdə belə. Bizim bağladığımız müqavilədə də o bənd öz əksini tapıb ki, vəkilə ödənilən qonarar işin nəticəsi ilə bağlı deyil, sırf hüquqi xidmətin göstərilməsi ilə bağlıdır. Biz vətəndaşa yalnız peşəkar hüquqi yardım göstərəcəyimizə, qanun çərçivəsində əlimizdən gələni edəcəyimizə vəd verə bilərik. Bu, bizim peşə borcumuzdur".

Turan Abdullazadə beynəlxalq hüquqa və yerli qanunvericiliyə istinad edərək, vəkilin hüquqi yardım göstərdiyi şəxsə vəd verməsinin düzgün olmadığını deyib: "Avropa Vəkillər Kollegiyaları və Hüquq Birlikləri Şurasının (CCBE) 2006-cı ilin noyabrın 24-də Brüsseldə keçirilən Plenar Sessiyasında qəbul olunmuş "Avropada vəkil peşəsinə dair əsas prinsiplər haqqında" Xartiyada qeyd olunub ki, vəkil peşə fəaliyyəti ilə bağlı üçüncü şəxsləri aldatmamalıdır. Xartiyada, həmçinin qeyd olunub ki, vəkil bu peşəyə ictimai inamı azaldacaq hərəkətlərdən uzaq olmalıdır. CCBE-nin 28 oktyabr 1988-ci il tarixli Plenar Sessiyada qəbul olunmuş "Avropa vəkillərinin davranış Kodeksi"nin 2.2-ci bəndində qeyd olunub ki, etimad münasibətləri yalnız vəkilin şərəfinə, ləyaqətinə və vicdanlılığına şübhə olmadığı təqdirdə mövcud ola bilər. Bu cür dəyərlərə sadiqlik vəkilin peşə borcudur. Həmin Kodeksin 2.6.1-cı maddəsində qeyd olunub ki, vəkil göstərdiyi xidmətlərlə bağlı ictimaiyyəti düzgün məlumatlandırmaq vəzifəsi daşıyır. Kodeksin 3.1.2-ci bəndində qeyd olunub ki, vəkil müştərisini düzgün, vicdanla və əzmlə təmsil etməli və məsləhətlər verməlidir. 3.9.1-ci bənddə isə qeyd olunub ki, vəkillər peşə fəaliyyətlərinin icrası ilə bağlı mülki-hüquqi məsuliyyətdən sırğortalanmalıdırlar. Çünki bu risk onların peşəsinin xarakterindən irəli gəlir. Əgər bu mümkün deyilsə, vəkil bu və onun nəticələri barədə müştərini məlumatlandırmalıdır. Eyni zamanda Azərbaycan Respublikası Vəkillər Kollegiyası üzvlərinin Konfransı tərəfindən qəbul olunmuş “Vəkillərin davranış qaydaları” haqqında Əsasnamənin 3.5-ci maddəsində qeyd olunub ki, vəkilin hüquqi yardım göstərdiyi şəxslərlə qarşılıqlı münasibətləri vəkilin dürüst və ədalətli olmasına dəlalət edən etimad üzərində qurulmalıdır. Vəkil göstərdiyi hüquqi yardımın nəticəsi ilə əlaqədar vəd verməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs başqa şəxsin ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri “konkret nəticə əldə olunmasına təminat vermədən” icra etməyi öhdəsinə götürür. “Vəkillər və vəkillik fəaliyyəti” haqqında Qanuna əsasən Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməklə vəkil vəzifələrini şərəflə və vicdanla yerinə yetirməyə borcludur. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, yerli qanunvericiliyə və beynəlxalq hüquqla qəbul edilmiş norma və prinsiplərin məzmuna əsasən, vəkilin öz müvəkkilinə göstərdiyi hüquqi xidmətin nəticəsi ilə bağlı qabaqcadan vəd verməsi qadağandır".

T.Abdullazadənin fikrincə, hüquqi yardım göstərdiyi şəxsə işin nəticəsi barədə vəd verən vəkilin peşəkarlığı şübhə doğurur: "Ola bilər ki, vəkil həmkarlarımın bəziləri mənim bu fikrimlə razılaşmayaraq, etiraz etsin. Amma kimlər ki, işin nəticəsi ilə bağlı qabaqcadan 100% faiz vəd verirsə, bilin ki, həmin şəxslər sizi aldadır. Onun gələcək zamanda sizə keyfiyyətli və peşəkar hüquqi yardım göstərəcəyi isə şübhə altındadır. Xüsusilə vurğulamalıyam ki, mən bu nəticəyə öz subyektiv qənaətim əsasında gəlməmişəm. Vəkilin vəd verməsinin qadağan olunması imperativ və tövsiyyə xarakteri daşıyan bir sıra hüquqi aktlarda öz əksini tapıb. Vəkil hüquqlarını müdafiə etdiyi şəxsə qarşı vicdanlı, ədalətli, dürüst olmalı, onların münasibətləri, qarşılıqlı əlaqələri etimad üzərində qurulmalıdır. Doğrudur, bir sıra vətəndaşlar vəkilə müraciət edərkən 100% vəd tələb edir. Əgər vəkil vəd vermirsə, o vəkillə hüquqi yardımın göstərilməsi ilə bağlı müqavilə bağlamaqdan imtina edir. Amma bu vəkilə əsas vermir ki, mənfəət naminə öz peşə nüfuzunu “risk” altında qoysun. Anlaşılmayan məsələlərdən biri də odur ki, biz sabahımıza belə qarantiya verə bilməzkən, nəyə görə vətəndaşlar tərəfindən vəkildən belə bir vəd istənilir? Vəkil “sehrbaz”, “illizionist” deyil ki, mümkünsüzü mümkün qılsın. Vətəndaşın hüquqi mübahisədə uğur qazanmasının əsas şərti vaxtında atılmış adekvat addımlar və hüquqi cəhətdən vətəndaşın özünün haqlı mövqeyini əsaslandıracaq mötəbər dəlillərinin yetərli olmasıdır. Vəkilin əsas vəzifəsi ona müraciət edən şəxsin hüquq və azadlıqlarını, qanunla qorunan mənafelərini müdafiə etmək, onlara keyfiyyətli və peşəkar hüquqi yardım göstərməkdir. Aydın məsələdir ki, vəkil göstərdiyi hüquqi yardımla əlaqədar hər zaman müsbət nəticə əldə edə bilməz. Son nəticədə vətəndaşın hüquqi probleminin taleyi ilə bağlı dövlət orqanları və digər təşkilatlar qərar verir. Lakin müsbət nəticənin əldə olunmaması o demək deyil ki, hüquqi yardım göstərən vəkil səriştəsizdir. Əgər son nəticədə dövlət orqanları vəkilin xidmət göstərdiyi vətəndaşın əleyhinə ədalətsiz qərar qəbul edəcəksə, burada işini vicdanla, peşəkar və keyfiyyətli icra etmiş vəkilin günahı, məsuliyyəti və təqsiri yoxdur. Son olaraq, bütün vətəndaşlarımızın bunu dəqiq anlamasını istərdim ki, vəkil "zəfərdən" yox, “səfərdən” məsul şəxsdir. İşin nəticəsinin vətəndaşın xeyrinə müsbət sonluqla bitməməsi heç də vəkilin savadsız və işini bilməməsi anlamına gəlmir".

Elvin Əliyev də işin nəticəsi ilə bağlı vəd verməyin düzgün olmadığını deyib: "Hakimlər müşavirə otağına getməmiş heç kim deyə bilməz ki, işlə bağlı hansı qərar qəbul olunacaq. Ona görə də vəkilin öncədən vəd verməsi absurddur. Lakin vəkil işin perspektivinin olub-olmaması ilə bağlı subyektiv fikrini bildirə bilər. Məsələn, işlə tanış olub, formalaşan məhkəmə təcrübəsinə, qanunlara istinad edərək müəyyən ehtimallar irəli sürə bilər. Deyə bilər ki, bu işin müsbət nəticələnməsi ehtimalı 70-80 faizdir, yaxud ümumiyyətlə işi udmaq ehtimalı yoxdur. Hamı bilir ki, nikahın pozulması zamanı alimentin kəsilməsi mütləqdir. Amma hətta vəkilin bununla bağlı belə vəd verməsi düzgün deyil".

Xəyalə Bünyatova

Oxşar xəbərlər