- 19 İyun 17:53
"Yusif Allahverdiyev və partnyorları" Vəkil Bürosunun müdiri Yusif Allahverdiyevin e-huquq.az-a müsahibəsi...
- Yusif müəllim, “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Prezident İlham Əliyevin 3 aprel 2019-cu il tarixli Fərmanından sonra bir vəkil olaraq bu sahədə görülən işləri necə qiymətləndirirsiniz?
- Ötən müddət ərzində bir sıra işlər görülüb. Müsbət dəyişikliklər var. “Elektron məhkəmə” sisteminin təkmilləşdirilməsini qeyd edə bilərəm ki, bu da bizim işimizi xeyli asanlaşdırıb. Artıq kağız daşıyıcıda heç bir sənəd göndərmirik. Bütün müraciətləri elektron qaydada həyata keçiririk. Bundan başqa, Bakı Apellyasiya Məhkəməsinin fəaliyyətində yeniliklər müşahidə olunur. Məhkəmə sədri çalışır ki, vətəndaşlar və KİV üçün daha çatımlı olsun. Yəni, bu kimi dəyişikliklər görürük. Lakin hesab edirəm ki, Fərmandan irəli gələn məsələlərin icrası ilə bağlı bütövlükdə hakimlər çox çalışmalıdır. Çünki məhz hakimlərin yaratdığı bəzi problemlər biz vəkillər üçün çətinlik yaradır. Hər gün müxtəlif problemlərlə qarşılaşırıq. Bir çox hallarda vəkillər məhkəmə proseslərinin vaxtında başlamaması ilə bağlı şikayətlənirlər. Amma bunu hardasa başa düşmək olar. Çünki bir hakimin icraatında xeyli sayda iş olur. Lakin yol verilən digər prosessual pozuntular var ki, onlar qəbuledilməzdir. Biz bu məsələləri qabartdıqda isə elə hesab edirlər ki, vəkillərin məqsədi məhz hakimləri tənqid etməkdir. Problemlərdən danışarkən, bir misal çəkim: iddia qaldırılıb, cavabdeh vəfat edib. Artıq bu işə xitam verilməlidir. Amma hakim deyir ki, yox. Ekspertiza təyin oluna bilər, varisi varsa, cəlb oluna bilər və s. Yaxud, qanunvericiliyə dəyişiklik edilib, hansı işlərə hansı qaydada baxılması müəyyən edilib. Aliment məsələlərində işə hansı müddətdə baxılmalı olduğu qeyd olunub. Amma müddətə baxan yoxdur. Bax, bu kimi çox sayda məsələlər var. Bəlkə də maddi təminatları zəifdir deyə hakimlər kifayət qədər keyfiyyətli çalışmırlar.
- Maaşları artırıldı axı...
- Maaşları artırıldı, lakin müavinətlər ləğv edildi, yəni, faktiki olaraq, gəlirdə artım olmadı. Hakimlərin iş yükü həqiqətən çoxdur. Bu gün Bakı İnzibati Məhkəməsində bir hakimin icrratında 400-450 iş var. Bu halda keyfiyyətli iş gözləmək mümkün deyil. Bu məhkəmədən çox şikayətlər gəlir ki, işlərə vaxtında baxılmır. Tutaq ki, iyul ayında verilən işə noyabr ayında baxılır. Bu, iş yükünün çox olması ilə əlaqədardır. O qədər iş yükünə görə düşünürəm ki, maaş azdır.
- İstərdik, "Yusif Allahverdiyev və Partnyorları" Vəkil Bürosu barədə danışaq. Büro nə zaman təsis olunub? Burada neçə vəkil fəaliyyət göstərir?
- Büromuz 2020-ci ilin aprel ayında təsis olunub. Bu ilin fevral ayında isə Vəkillər Kollegiyasının sədri Anar Bağırovun iştirakı ilə büronun açılış oldu. Yeni təsis olunduğumuz dönəmdə üzvlərimizin sayı az idi və daha kiçik bir büroda fəaliyyət göstərirdik. Vəkillərimizin sayı artdıqca isə büronu böyütmək qərarına gəldik. Büroda vəkillərin fəaliyyəti üçün tam rahat və komfortlu şərait yaradılıb. Hazırda büroda 31 vəkil çalışır. Vəkillərimizin əksəriyyəti əvvəllər məhkəmə sistemində çalışmış şəxslərdir. Hazırda büromuzun üzvü olan vəkillərin təxminən 10 nəfəri eyni zamanda bank sahəsində çalışır.
- Yusif müəllim, hüququn hansı sahələri üzrə xidmət göstərirsiniz?
- Hüququn bir çox sahələri üzrə xidmət göstəririk. Lakin daha çox korporativ sahəyə üstünlük veririk. Hesab edirəm ki, bu həm daha rahatdır, həm də daha çox gəlirli və perspektivlidir. Amma təbii ki, digər sahələrdə də kifayət qədər peşəkar vəkillərimiz var.
- Daha çox hansı işlərlə bağlı sizə müraciətlər olur?
- Müraciətlər arasında cinayət işləri azlıq təşkil edir. Demək olar ki, cinayət işləri və inzibati işlər birlikdə ümumi müraciətlərin cəmi 15 faizini təşkil edir. Müraciətlərin çoxu mülki xarakterli məsələlərlə bağlı olur. Bunların da içində ailə münasibətlərindən irəli gələn məsələlər üstünlük təşkil edir. Bundan başqa, müxtəlif məzmunlu ərizələrin, şikayətlərin yazılmasında kömək istəyənlər də çox olur.
- Bəzən dövlət hesabına göstərilən hüquqi yardımın keyfiyyətinin o qədər yüksək olmadığı barədə fikirlər səsləndirilir. Deyirlər ki, vəkillər müqavilə əsasında çıxdıqları işlərdə daha keyfiyyətli hüquqi yardım göstərir. Razısız bu fikirlərlə?
- Bəl, razıyam, Çünki burada formallıq var. Lakin fornallığa qarşı böyük mübarizə gedir. Kollegiyanın sonuncu hesabatında qeyd olunan intizam icraatına cəlb olunan vəkillərin çoxu mənə elə gəlir ki, dövlət hesabına çıxılan işlərlə bağlıdır. Sədrimiz Anar müəllim də hər zaman qeyd edir ki, formallıq aradan qaldırılmalıdır. Bilirsiniz, hazırda Hüquqi Yardım və Tədris Mərkəzi bu işləri elektron qaydada bölür. Biz hakimdən, köməkçisindən əlbəəl qərar alıb işə çıxmırıq. Düşünürəm ki, qısa zamanda yaxşı nəticələr əldə olunacaq və daha keyfiyyətli hüquqi yardımın göstərilməsi təmin olunacaq.
- Dövlət hesabına göstərilən hüquqi yardıma görə ödənilən vəsaitin məbləği necə, sizi qane edirmi? Çünki bu məbləğin də az olduğu deyilir.
- Hazırda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatına görə 6 manat məbləğində müəyyən olunub. Düşünürəm ki, bu, çox azdır və artırılmasına ehtiyac var. Amma nə qədər artırılmalıdır, onu deyə bilmərəm. Sadəcə burada bir meyar olmalıdır. Məsələn belə götürək, dövlət hesabına göstərilən hüquqi yardıma görə ödənilən vəsait vəkilin həmin işə müqavilə bağlılayıb çıxacağı halda alacağı məbləğə yaxın olnmalıdır. Yəni, ağlabatan, real bir məbləğ olmalıdır. Məsələn, bizim vəkillərdən birinə təxminən 10 aydır davam edən işə görə 300 manata yaxın bir məbləğdə ödəniş edilmişdi. Vergi tutulmalarını da çıxanda orda elə bir şey qalmır. Bu vəkil azı 8-9 prosesdə iştirak edib. Yolda itirdiyi vaxtı, xərci və s. nəzərə alınmır. Bu, düzgün deyil axı. Məhkəmənin özünün qəribə bir meyarı var. Məsələn, baxır ki, iş tutaq ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsi – xuliqanlıqdır. Deyir, xuliqanlıqda 30 saat yazın. Yəni, belə bir meyar götürürlər. Fikrimcə, məbləğ artırılsa, göstərilən hüquqi yardım da keyfiyyətli olar. Əks halda vəkil işləmək istəmir.
- Vəkillər Kollegiyası tərəfindən mütəmadi olaraq, aztəminatlı şəxslər, şəhid ailələri və qazilər üçün ödənişsiz hüquqi yardım aksiyaları keçirilir. Büronuz bu aksiyalarda fəal iştirak edirmi?
- Bəli, bizim büromuz da ödənişsiz hüquqi yardım aksiyalarında aktiv iştirak edir. Vəkillər Kollegiyasının, Hüquqi yardım və Tədris Mərkəzinin, eləcə də Milli Məclisin deputatlarının təşəbbüsü ilə keçirilən aksiyalara hər zaman dəstək veririk. Eyni zamanda özümüzün də bu istiqamətdə təşəbbüslərimiz olur. Bundan sonra da bu istiqamətdə layihələrimiz olacaq. Təkcə aksiyalar çərçivəsində deyil, ayrı-ayrı vaxtlarda da bizə müraciət edən aztəminatlı şəxslərə hüquqi yardım göstəririk. Xüsusən də qazilər, şəhid ailələri istənilən vaxt müraciət edərək hüquqi yardım ala bilərlər. Bizim vəkillər hər zaman təmənnasız olaraq olnlara yardım göstərməyə hazırdır.
- Yusif müəllim, vətəndaşlarımızın hüquqi bilik səviyyəsi sizi qane edirmi?
- Vətəndaşlarda elementar hüquqi biliklər sfır dərəcəsindədir. Hesab edirəm ki, orta məktəblərdə şagirdlərlə iş aparılmalıdır. Vətəndaşın hüquq və vəzifələri onlar izah olunmalıdır. Bundan başqa, hüquqi məsələlərə yanaşmaları da ürəkaçan deyil. Necə ki, bizdə həkimi sevmirlər, həkimə qulaq asmırlar, eyni münasibət vəkillərə qarşı da var. Vəkilin məsləhətini qoyur bir kənara, öz qohumunun, qonşusunun, dostunun göstərdiyi yolla gedir.
- Bu vəkilə inam məsələsi ilə bağlı ola bilər?
- Bəli, bəzən vəkilə inamsızlıq olur. Mən dəfələrlə bu halla qarşılaşmışam ki, vətəndaş birinci instansiya məhkəməsinin qətnaməsini götürüb gəlir, danışaram, izah edirəm və s. Düşünürəm ki, indi apellyasiya şikayəti verəcəyik. Vətəndaş deyir ki, yox, mənim vəkilim var. Deyirəm, bəs onda bura niyə gəlmisiz? Deyir ki, sadəcə dəqiqləşdirmək istəyirdim. Görürəm ki, vəkilinə tam inamı yoxdur. Bu məsələdə vəkillərin də günahı var. Bəzən məsələni vətəndaşa asan dildə izah etmirlər, hansısa məcəlləni açıb oxuyurlar. Axı sadə vətəndaş bunu başa düşməyəcək. Yaxud bəzi hallarda vaxtında reaksiya vermirlər, telefonları açmırlar, məhkəmələrə çıxmırlar və s.
- Artıq bir ildən çoxdur ki, mediasiya institutu fəaliyyət göstərir. Yəqin ki, sizin büronun vəkilləri arasında da mediatorlar var. Mediasiya səhəsində görülən işlərdən, mediasiya proseslərinin təşkilindən razısınızmı?
- Mən özüm də mediatoram. Lakin mediator kimi fəaliyyət göstəmirəm. Bizim büroda 3 vəkil var ki, onlar həm də mediatordurlar. Vəkil kimi məndə elə işlər olur ki, onlarla bağlı mediasiyaya müraciət edirik. Lakin bu 1 il ərzində hələ ki, heç bir barışıq sazişi olmayıb. Mediasiya Şurasının statistikasına baxdıqda isə barışıq sazişlərinin çox olduğunu görürük. Bu, sevindirici haldır. Lakin mediasiya sahəsində də müəyyən çətinliklər var. Qanunvericiliyə müəyyən dəyişikliklər olunmalıdır. Mediasiyanın məqsədlərindən biri də məhkəmələrin iş yükünün azaldılması, vətəndaşların mübahisələrinin daha çevik həlli, vaxt itkisinin qarşısının alınmasıdır. Amma elə məsələlər var ki, nəticədə iş yenə məhkəməyə gedib çıxır və yenə əlavə xərclər olur. Məsələn, Ailə Məcəlləsində yazılıb ki, tərəflərdən biri razı olmadıqda, yaxud birgə nikahdan uşaqları olduqda nikah yalnız məhkəmə qaydasında pozula bilər. Ona görə “Mediasiya haqqında” Qanun bunu tənzimləyə bilmir və nəticədə bu kimi işlər məhkəmədə sonlandırılır. Bundan başqa, alimentlə bağlı işlərdə məhkəməyə rüsum ödənilmir, lakin mediasiyada ödənilməlidir. Yəni, belə qarışıqlıqlar var. Bu da başadüşüləndir. Çünki mediasiya yeni bir institutdur, hələ tam formalaşmayıb. Tam mükəmməl faəliyyət gözləyə bilmərik hələ ki. Heç cəmiyyətdə də mediasiya barədə tam təsəvvür yoxdur. Bir çoxları bu institut barədə məlumatsızdır. Lakin hesab edirəm ki, zamanla bu məsələlər həllini tapacaq.
- "Yusif Allahverdiyev və Partnyorları" Vəkil Bürosunun gələcək hədəfləri nələrdir?
- Bu il biz Birləşmiş Ərəb Əmirliklərində olduq. Orada "Araa Group Advocates & Legal Consultancy" hüquq şirkəti ilə “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosu arasında əməkdaşlıq müqaviləsi imzalandı. Müqavilədə vəkillər arasında əməkdaşlıq, birgə layihələrin hazırlanması, həyata keçirilməsi və sair məsələlər nəzərdə tutulur. Eyni zamanda görüşdə büroların vəkilləri arasında birgə əməkdaşlıq, qarşılıqlı hüquqi yardımın göstərilməsi, iki ölkə arasında qanunvericiliyin və məhkəmə təcrübəsinin öyrənilməsi və digər məsələləri müzakirə etdik. Biz Türkiyə və Rusiyada da bu kimi əməkdaşlıq əlaqələri qurmuşuq. Çalışırıq ki, gələcəkdə xarici əməkdaşlıq əlaqələrimiz daha da genişlənsin. Çünki dünya praktikasının öyrənilməsinə, vəkillərimizin bilik bazasının genişləndirilməsinə xüsusi önəm veririk. Bundan başqa, vəkillərin saynın artırılması, komandamızın böyüməsi də gələcək hədəflərimiz arasındadır.
Xəyalə Bünyatova