Ali təhsildə yeni model: Nələr dəyişməlidir?


  • 16:40

Azərbaycanda ali təhsil müddətinin qısaldılması təklif olunur. Bakalavr pilləsində təhsil müddətinin 4 ildən 3 ilə, magistratura üzrə isə 2 ildən 1 ilə endirilməsi gündəmə gətirilib. Təklif son günlərdə ictimai müzakirələrin əsas mövzularından birinə çevrilib.

Bəs mümkün dəyişiklik tələbələr üçün nə vəd edir? Təhsil müddətinin qısaldılması fonunda təhsilin keyfiyyəti necə qorunacaq?

Milli Məclisin deputatı Ceyhun Məmmədov e-huquq.az-a açıqlamasında bildirib ki, ali təhsilin müddətinin qısaldılması məsələsi dünya ölkələrində də müzakirə olunur və bəzi ölkələrdə artıq bu istiqamətdə addımlar atılır.

Deputatın sözlərinə görə, hazırda dünyanın bir sıra universitetlərində magistratura təhsili 1 il davam edir. Bakalavr təhsilində isə xüsusilə Avropa və ABŞ-da 4 illik modeldən 3 illik modelə keçidlə bağlı müzakirələr aparılır: "Təhsilin müddətinin qısaldılması bütün dünyada müzakirə olunur. Dünya ölkələri artıq bu təcrübəni tətbiq etməyə başlayıb. Hətta ABŞ universitetlərində də bu istiqamətdə addımlar atılır. Bu gün dünyanın əksər universitetlərində magistr təhsili 1 ildir. Bakalavr pilləsində isə Avropa və ABŞ universitetləri 4 ildən 3 ilə doğru gedirlər. Avropada bu proses artıq mərhələli formada başlayıb".

O qeyd edib ki, ali təhsilə marağın azalmasının səbəblərindən biri də bakalavr və magistratura pillələrində ümumilikdə 6 il vaxt sərf edilməsidir: "Bakalavr və magistrla birlikdə təhsilə 6 il xərcləmək vaxt itkisi hesab edilir. Ona görə də təhsil müddətinin azaldılması istənilir. Məsələn, Azərbaycanda bu gün bəzi kurslar var ki, orada 1-2 il oxumaqla gənclər asanlıqla iş tapa bilir. Xüsusilə İT və proqramlaşdırma sahəsində bu belədir. Ona görə də uzunmüddətli təhsil getdikcə öz effektivliyini itirməkdədir".

Deputatın fikrincə, yeni model tətbiq olunarsa, tələbələrin bakalavr və magistratura təhsilinə sərf etdiyi ümumi müddət 4 ilə qədər azala bilər. Bu isə həm təhsil xərclərinin azalmasına, həm də gənclərin əmək bazarına daha tez daxil olmasına imkan verə bilər: "Yeni modelə əsasən tələbə magistr və bakalavr birlikdə təhsilə 4 il xərcləyəcək. Bu isə ümumilikdə təhsilə ayrılan vaxtın azalmasına gətirib çıxaracaq. Belə olduğu təqdirdə maliyyə xərcləri də azalmış olacaq. Eyni zamanda gənclər daha tez işə başlayacaq və öz karyeralarını quracaqlar. Bu, təbii ki, maliyyə və büdcə məsələlərinə də öz təsirini göstərəcək".

C.Məmmədov hesab edir ki, ali təhsilin müddətinin qısaldılması bütün ixtisaslar üçün eyni formada tətbiq edilə bilməz: "Məsələn, tibb kimi ixtisaslarda bir qədər fərqli model tətbiq olunmalıdır. Çünki tibb sahəsi istisnadır. Bu yenilik bəzi sahələr üzrə özünü doğrulda bilər. Hesab edirəm ki, bu modeli biz humanitar sahələrdə həyata keçirə bilərik".

Onun sözlərinə görə, belə bir modelə keçid kifayət qədər mürəkkəb və uzunmüddətli prosesdir. Bunun üçün kredit sistemi və təhsil proqramlarının yenilənməsi, həmçinin qanunvericilikdə dəyişikliklərin edilməsi tələb olunur: "Bu kifayət qədər mürəkkəb prosesdir. Bunun üçün kredit sistemi, təhsil proqramları dəyişməlidir. Bu, uzun və mürəkkəb prosesdir və vaxt tələb edir. Hər şeydən əvvəl qanunda ciddi dəyişiklik edilməlidir. Daha sonra biz bu modeli tətbiq edə bilərik".

Deputat magistratura təhsilinin müddətinin azaldılması məsələsinə isə daha fərqli yanaşmanın mümkün olduğunu düşünür. Onun fikrincə, magistratura pilləsində mövcud sistemin effektivliyi ayrıca qiymətləndirilməlidir.

"Magistr pilləsində sistem bir qədər fərqlidir. Təhsilin bu pilləsində tələbələrin bəziləri elmi işi müdafiə edir, bəziləri isə etmir. Hazırkı dövrdə 2 illik magistr təhsili o qədər də effektiv deyil. Bu gün müddətin azalması ilə təhsildə ciddi dəyişikliyin baş verməsini düşünmürəm", - deyə C.Məmmədov bildirib.

Təhsil eksperti İlqar Orucov isə e-huquq.az-a açıqlamasında bildirib ki, sözgüedən təklif, Azərbaycanın ali təhsil sisteminin qlobal rəqabətədavamlılığını, daxili struktur çevikliyini və əmək bazarının müasir tələblərini hədəfləyən genişmiqyaslı islahat təşəbbüsüdür: "Bu keçidi elmi-pedaqoji müstəvidə analiz etdikdə müddətin qısaldılması mexaniki bir təqvim dəyişikliyi deyil, burada ümumi təhsildən ali təhsilə qədər uzanan bütöv bir ekosistemdə məzmun islahatının olması mütləq bir şərtdir. Və bu addım həm də müasir və sürətlə dəyişən dünyamızda ən böyük dəyər olan zamana qənaət və ondan faydalı, doğru-düzgün istifadə edilməsi yanaşmasıdır. Lakin fundamental olaraq nəzərəalınmalıdır ki, bu strateji keçid əsaslandırılmamış tələsik inzibati qərarlarla deyil, elmi müstəvidə əsaslandırılmış, beynəlxalq qabaqcıl təcrübələr dərindən öyrənilməklə və sırf pedaqoji yanaşma əsas götürülməklə reallaşdırılmalıdır. Təəssüf ki, son illərdə ölkədə həyata keçirilən təhsil islahatlarında elmi-pedaqoji yanaşmalara əsaslanmalar kifayət qədər azdır və qərarlar çox vaxt menecment yanaşmaları fonunda tətbiq olunan idarəetmə prinsiplərinin kölgəsində qalır. Təhsilin sırf pedaqoji proses olmasını unutmaq olmaz. Burada hər bir addım real sistemə mexaniki şəkildə tətbiq etməklə deyil, mövcud təhsil mühitinin maddi-texniki infrastrukturu, universitetlərin akademik-müəllim heyətinin hazırlıq səviyyəsi və real potensialı ciddi şəkildə nəzərə alınmaqla atılmalıdır. Bu məqam, əslində, təhsil islahatlarının taleyini həll edən ən ağrılı və ən prinsipial tərəfidir. Düşünürəm ki, son illərdə kadr hazırlığı və idarəetmədə elmi-pedaqoji metodologiyanın arxa plana keçməsi, qərarların bəzən sadəcə inzibati-iqtisadi göstəricilərə görə verilməsi təhsilin fundamental mahiyyətinə ziddir".

Ekspertin fikrincə, pedaqoji iqtisadiyyat müstəvisində bu keçid fayda-xərc və səriştəyönümlülük prinsiplərinə əsaslanır. Çünki müasir işəgötürənlər üçün kadrın universitet auditoriyasında keçirdiyi illərin sayından daha çox, malik olduğu peşəkar kompetensiyalar, səriştələr və praktik bacarıqlar önəmlidir: "3 illik bakalavriat modeli tələbələrin insan kapitalı kimi əmək bazarına bir təqvim ili tez inteqrasiya olunmasını təmin edəcək, büdcədən dövlət sifarişli yerlərin saxlanması xərclərinə qənaət etməyə imkan verəcək və ödənişli təhsil alan ailələrin maliyyə yükünü kəskin şəkildə azaldacaqdır. Eyni zamanda, bu sistem ali təhsil müəssisələrini kurikulumlardan sovet mirası olan, ixtisas profilinə birbaşa aidiyyatı olmayan və orta məktəb materialını təkrarlayan, əlavə yük yaradan fənləri təmizləməyə məcburi şəkildə sövq edəcəkdir. Qabaqcıl beynəlxalq təcrübədə, xüsusilə ölkəmizin qoşulduğu Boloniya sistemi və Avropa Ali Təhsil Məkanında uğurla tətbiq edilən bu modelin Azərbaycanda mexaniki bir qısaldılmaya çevrilməməsi üçün mütləq şəkildə fundamental elmi-pedaqoji, kurikulum və hüquqi təminat bazası qurulmalıdır. Bu keçidin ən fundamental struktur şərti 12 illik tam orta təhsil sisteminə paralel və sinxron keçiddir. Dünyada 3 illik bakalavriat proqramları (180 ECTS) yalnız tam orta təhsilin minimum 12 və ya 13 il olduğu, yuxarı siniflərdə dərindən profilləşmənin təmin edildiyi təhsil ekosistemlərində effektiv işləyir və beynəlxalq legitimlik qazanır. Əgər mövcud 11 illik tam orta təhsil bazası saxlanılmaqla bakalavr pilləsi mexaniki şəkildə 3 ilə endirilərsə, bu transformasiya ölkəmizin diplomlarının beynəlxalq tanınmasına (nostrifikasiya) və xaricdən tələbə qəbulu prosesinə ciddi mənfi təsir göstərəcək real institusional təhlükələr yaradacaqdır. Lissabon Tanınma Konvensiyasının prinsiplərinə görə diplomların tanınmasında öyrənmə nəticələri əsas götürülsə də, bir çox ölkənin daxili qanunvericiliyində təhsil müddətlərinin ümumi cəmi (kəmiyyət göstəricisi) hələ də həlledici kriteriyadır. Beynəlxalq standartlarda tam ali təhsilli mütəxəssis statusu üçün orta məktəb və universitet illərinin cəmi minimum 15 və ya 16 il olaraq qəbul edilir. Mövcud 11 illik məktəb sistemimiz fonunda bakalavriatın qısaldılması bu cəmi 14 ilə (11+3) salacaqdır ki, bu da qlobal akademik alt həddən aşağıdır. Belə bir mexaniki keçid reallaşarsa, Azərbaycan ali təhsil sistemi ölkəmizə ən çox tələbə göndərən əsas hədəf bazarlarımızın - Türkiyənin Ali Təhsil Qurumunun (YÖK), həmçinin İran, İraq, Pakistan və Hindistan kimi region ölkələrinin Səhiyyə və Təhsil nazirliklərinin sərt daxili qanunvericilik maneələri ilə toqquşacaqdır. Həmin dövlətlər bizim 14 illik ümumi bazaya söykənən 3 illik diplomlarımızı bütöv bir bakalavr dərəcəsi kimi deyil, "natamam ali təhsil" və ya "sub-bakalavr səviyyəsi" kimi qiymətləndirərək ekvivalentlik (denklik) verməkdən imtina edəcəklər. Bu isə ölkəmizin beynəlxalq tələbə axınını və təhsil ixracı potensialını tamamilə iflic edə bilər. Ona görə də proses, mütləq surətdə 12 illik orta təhsil modelinə paralel keçidlə sinxronlaşdırılmalı, orta məktəblərin yuxarı siniflərində tədris planının dərindən təmayülləşmə prinsipi ilə optimallaşdırılması və ali təhsilin 1-ci kursundakı ümumi (propodevtik) fənlərin orta məktəb proqramına köçürülməsi ilə başlamalıdır".

İ.Orucov qeyd edib ki, hüquqi baxımdan "Təhsil haqqında" Qanuna konseptual dəyişikliklər edilməli, hazırda müzakirə mərhələsində olan və qəbulu gözlənilən "Ali təhsil haqqında" Qanunda bu məsələ öz əksini tapmalı, Lissabon Tanınma Konvensiyası çərçivəsində öhdəliklər sinxronlaşdırılmalı və mövcud Milli Kvalifikasiyalar Çərçivəsi sənədi bu yeni təlim modellərinin tələblərinə uyğun olaraq təkmilləşdirilməlidir: "Elmi-pedaqoji keyfiyyətin itməməsi üçün tədris metodologiyasında "saat" prinsipindən "kredit və təlim nəticələri" sisteminə tam keçilməli, tələbələrin müstəqil işinin çəkisi artırılmalı və yay semestrləri akademik kəsir aləti olmaqdan çıxıb sürətləndirilmiş proqram platformasına çevrilməlidir. Diferensial yanaşma bu islahatda mütləqdir, çünki bu modelin bütün ixtisaslara vahid şablonla şamil edilməsi akademik fəsadlarla nəticələnə bilər. 3 illik model humanitar elmlər, biznesin idarə edilməsi, marketinq və İT-nin tətbiqi sahələrində işləyə bilsə də, insan həyatı ilə birbaşa bağlı olan mürəkkəb laboratoriya və fundamental elmi baza tələb edən mürəkkəb texnoloji və fundamental mühəndislik, hüquq, memarlıq və tibb kimi ixtisaslarda 4-6 illik ənənəvi təhsil müddəti və praktika mütləq qorunmalıdır. Magistratura pilləsinin 1 ilə endirilməsi isə hər il bu səviyyədə 4 mindən çox yerin boş qalmasının əsas səbəblərindən olan gənclərin əlavə 2 il nəzəriyyə oxumaq istəməməsi problemini həll edəcək, lakin ölkənin elmi-tədqiqat potensialının zəifləməməsi üçün proqramlar mütləq iki müstəqil istiqamətdə şaxələndirilməlidir. Birinci istiqamət olan əmək bazarına yönəlmiş 1 illik peşəkar magistratura, ikinci istiqamət isə gələcəkdə doktorantura pilləsinə hazırlaşacaq tədqiqatçılar üçün 2 illik akademik/elmi magistratura sistemi tətbiq olunmalıdır.

Həmçinin, bu addım universitetləri digər əlavə gəlir gətirə biləcək təhsil və elmi xidmətlər göstərərək maddi qazanc əldə etmək istiqamətində fəaliyyətləri koordinasiya etməyə də sövq edə bilər. Universitetlərin ilkin mərhələdə yaranacaq gəlir itkisi riski isə tələbə dövriyyəsinin sürətlənməsi, boş qalan yerlərin dolması və ödənişli fərdi sertifikat proqramlarının artırılması ilə kompensasiya edilə bilər. Bu müstəvidə, yerli ali təhsil müəssisələrinin illərdir davam edən və yalnız tələbənin təhsil haqqı hesabına əlavə büdcə formalaşdırmağa fokuslanan ənənəvi ətalətindən qurtulması strateji zərurətdir. Qabaqcıl beynəlxalq təcrübə göstərir ki, müasir universitetlər birtərəfli maliyyə asılılığından qaçmaq üçün çoxşaxəli alternativ mənbələr yaradırlar. Bura elmi innovasiyaların özəl sektora satılması və lisenziyalaşdırılması ilə tədqiqatların kommersiyalaşdırılması, nüfuzlu qlobal fondların xətti ilə xarici həmkarlarla birgə beynəlxalq elmi qrant layihələrinin işlənməsi və cəlb edilməsi, məzunların və böyük korporasiyaların ianələri hesabına investisiya gəlirləri formalaşdıran məqsədli kapital fondlarının qurulması, sənaye nəhəngləri ilə uzunmüddətli müqavilələr əsasında kampuslarda birgə tədqiqat və inkişaf mərkəzlərinin fəaliyyət göstərməsi, iri holdinqlər və dövlət qurumları üçün fərdi sərəncamlar əsasında ödənişli ixtisasartırma, rəhbər kadrların təkmilləşdirilməsi və idarəçilərin yenidən hazırlanma korporativ proqramlarının təşkili, eləcə də laboratoriyaların, test mərkəzlərinin və maddi-texniki bazanın dərsdənkənar vaxtlarda kənar bazara ödənişli xidmət kimi təklif edilməsi daxil ola bilər. Buna görə də, ali təhsil müəssisələrində müddətin azaldılması islahatı universitetlərimizi yalnız təhsil haqlarına fokuslanan birtərəfli maliyyə asılılığı olan müəssisə rolundan çıxarıb, qabaqcıl dünya təcrübəsindəki kimi aktiv akademik müştərək investor və gəlir gətirən elm mərkəzi modelinə keçməyə məcbur edəcəkdir".

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər