- 14 Avqust 22:47
Son elmi tədqiqatlara əsasən, dünyanın ən zəngin canlı müxtəlifliyinə sahib olan və tez-tez “planetin ağciyəri” kimi tanınan Amazon meşələri, geri dönüşü mümkün olmayan quruma prosesi ilə qarşı-qarşıyadır. Mütəxəssislər bu halın yalnız yerli deyil, həm də qlobal miqyasda ekoloji sabitliyə ciddi təsir göstərə biləcəyini bildirirlər.
E-huquq.az xəbər verir ki, beynəlxalq media qurumlarının yaydığı məlumatlara əsasən, 6 milyon kvadrat kilometr ərazini əhatə edən Amazon meşələri Yer kürəsinin ən iri tropik yaşıllıq zonasını təşkil edir. Burada dünya flora və faunasının təqribən 10%-i yaşayır. Eyni zamanda, bu ekosistem su və karbon dövranında mühüm yer tutur.
Dünya Təbiəti Mühafizə Fondu (WWF) məlumat verir ki, Amazon meşələrində 99-154 milyard ton arasında karbon toplanıb və bu ərazilərə ildə orta hesabla 180 sm yağıntı düşür. Bu xüsusiyyətlər meşələri iqlim dəyişikliyinə qarşı əsas qoruyucu baryer halına gətirir.
Son yüzillikdə artan iqlim dəyişiklikləri və insan fəaliyyətləri – xüsusilə meşələrin qırılması və əkin sahələrinin genişlənməsi – Amazon regionunu daha çox quraqlıq və meşə yanğınlarına məruz qoyub. Bu isə meşələrin mövcudluğunu daha da təhlükəyə atır.
Dünya Resursları İnstitutunun (WRI) 2024-cü il üzrə hesabatına əsasən, təkcə Braziliyada yerləşən Amazon bölgəsində bu il 28 min kvadrat kilometr meşə sahəsi yox olub. Bu, meşə sisteminin kritik dözümlülük həddinə yaxınlaşdığını göstərən ciddi siqnaldır.
“Geophysical Research Letters” jurnalında yayımlanan yeni tədqiqat isə göstərir ki, Amazon meşələri tropik yaşıl meşə ekosistemindən daha quru və çayır tipli landşaftlara keçid edə biləcək təhlükəli məqama yaxınlaşıb.
Araşdırmanın həmmüəllifi, “Cambridge” Universitetindən professor Andrew Friend qeyd edir: “Əldə etdiyimiz elmi sübutlar bu dəyişimin reallıq ola biləcəyini ortaya qoyur”.
O, "Live Science" saytına verdiyi açıqlamada əlavə edib: “Ən önəmli sual budur – iqlim dəyişikliyi və meşə qırılmasının hansı səviyyəsi bu ekosistemin daimi dəyişməsinə yol açacaq?”
Amazonların tədricən quruması yalnız bölgədəki canlı növlərinin itməsi ilə nəticələnməyəcək. Bu proses, həmçinin atmosferdə karbonun toplanmasına mane olacaq, qlobal su dövranını poza bilər və dünya üzrə iqlim sabitliyini sarsıda bilər.
Elm ictimaiyyəti və ekoloji təşkilatlar bu təhlükənin qarşısını almaq üçün beynəlxalq səviyyədə dərhal tədbir görülməsinin zəruriliyini vurğulayırlar.
Şəbnəm Mehdizadə