"Netflix" 1000 əməkdaşını ixtisar edəcək


  • 10:28

"Netflix" qlobal işçi qüvvəsinin təxminən 6%-ni, yəni 1000-ə yaxın əməkdaşını ixtisar etməyi planlaşdırır.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu, şirkətin 2022-ci ildən bəri həyata keçirdiyi ən böyük ixtisar dalğası olacaq.

Şirkətin direktorları Ted Sarandos və Qreq Piters əməkdaşlara göndərdikləri məktubda ixtisarların əsasən insan resursları, hüquq, məhsul və texnologiya komandalarına təsir edəcəyini bildiriblər. İşdən çıxarılacaq əməkdaşlara yaxın vaxtlarda məlumat veriləcək.

Qərar striminq bazarında rəqabətin gücləndiyi və media sektorunda iri birləşmələrin baş verdiyi dövrə təsadüf edir. Netflix eyni zamanda "YouTube" və "TikTok" kimi platformalarla auditoriya uğrunda mübarizə aparır.

Şirkət gəlirlərini şaxələndirmək üçün oyun sektoruna daxil olur və reklam imkanlarını genişləndirir. Bununla belə, analitiklər Netflix-in hələ də əsasən abunə gəlirlərindən asılı olduğunu və bu modelin böyümə imkanlarının məhdudlaşa biləcəyini qeyd edirlər.

"Netflix"in növbəti maliyyə nəticələrini oktyabrın 20-də açıqlaması gözlənilir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər